3492

Fikrətin 24, Aytacın isə 20 yaşı var. Hər ikisi 8 saylı sanatoriya tipli internat məktəbinin məzunlarıdır. Fikrətgil ailədə 5 uşaq olub. Hər iki valideynləri vəfat edəndən sonra uşaqlar xalanın himayəsinə verilib. Fikrətin 6-7 yaşı olanda xalası bacısının əmanəti olan 5 uşağı internata verib. Aytacın taleyi də aşağı-yuxarı Fikrətinkinə bənzəyir.

Fikrət 6-cı sinifdə oxuyanda balaca Aytaca vurulur. Uşaq sevgisi deyib keçməyin, bu sevgi 12 ildir davam edir. Hələ davam edəcək də… Fikrət bir yandan Aytaca göz qoyur, bir yandan da gələcəyi üçün planlar qurur. Məktəbi bitirən kimi hərbi xidmətə yollanır. Hərbi xidmətdən gələr-gəlməz işləməyə başlayır. Qazandığı bütün qəpik-quruşları üst-üstə yığıb Aytaca nişan üzüyü alır. Bu vaxta qədər Aytac da məktəbi bitirir. Başlarında böyük olmadığından öz aralarında nişanlanırlar. Bu münasibətə Aytacın qardaşı da razılıq verir. Axı onlar Fikrətlə həm də ən yaxın dost idilər. Gözünün ağı-qarası tək bacısı, gözəl-göyçək Aytacı elə Fikrət kimi mərd oğul başına tac edə bilərdi.

Nişandan iki ilə yaxın vaxt keçsə də, Fikrətgil heç cürə evlənə bilmirlər. Ta dünənə qədər. Hər ikisinin də yollarını internat məktəbinə salan qədər dünən onların yollarını qovuşdurdu. Fikrətlə Aytacın paytaxtın adlı-sanlı şadlıq evlərindən birində təmtəraqlı toyu oldu. Bu toy onlara Yeni Azərbaycan Partiyasının hədiyyəsi idi. Onların şad günlərinə şahidlik etmək üçün Musavat.com-un əməkdaşları da toyda iştirak edirdi.

Budur, “Vazğalı” çalınır, bəylə gəlin qol-qola şadlıq sarayına daxil olurlar. İlahi, necə xoşbəxt görünürlər?! Sir-sifətlərindən xoşbəxtlik yağır. Cütlüyün nikah mərasimini “Səadət” sarayının əməkdaşı dəvət edilib. Bayaqdan dəhlizdə mərasimin başlamasını gözləyən bu xanım sevinclə nikaha başlayır. Bəy-gəlinin həyəcanı baxışlarından bilinir. Ətrafda çoxlu obyektivlərin olması bəy-gəlinin var olan həyəcanını daha da artırıb. Əlləri əsə-əsə imzalayırlar.

Nikah bağlanır və cütlük sevincini Musavat.com-un oxucuları ilə bölüşürlər. Fikrət Aytacı məktəb illərindən sevdiyini etiraf edir.

-Uzun illərdir bir-birimizi sevirdik. Bu müddət ərzində xeyli sınaqlardan keçmişik. Küsdük-barışdıq. Şükür bu günümüzə. Bu toy bizə sürpriz oldu. Bu qədərini gözləmirdik. Hər şey çox gözəldir! Özümüzə qalsaydı, yəqin bir neçə il də nişanlı qalacaqdıq. Təşkil edən hər kəsə minnətdarıq.

Onların böyüdüyü 8 saylı sanatoriya tipli internat məktəbinin direktoru Pəri Paşayeva deyir, Fikrət öz zəhmətiylə Aytaca nişan üzüyü alsa da, toy eləməyə imkanı çatmırdı.

-Yeni Azərbaycan Partiyasından belə bir təklif gələndə çox sevindilər. Aytacın qardaşı da bizim məktəbin məzunudur. Sadəcə Azərbaycanda yoxdur deyə bacısının toyunda iştirak edə bilmədi. Hər ikisi də tərbiyəli, ağıllı uşaqlardır. Biz onların yanındayıq. Fikrətlə Aytacın valideynləri dövlətimizdir. Atalı-analı uşaqlar var ki, toyları bu səviyyədə yüksək keçmir. Hər adamın toyunda bu qədər millət vəkilləri iştirak etmir.

Hədiyyələr toyla da bitmir. Yeni qurulan ailəyə bir otaqlı mənzil də hədiyyə edildi. Mənzilin açarlarını Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov toyda şəxsən təqdim etdi. Amma ondan əvvəl gəncləri təbrik edib, möhkəm ailə arzuladı:

-Hər şeydən əvvəl sizə möhkəm ailə arzulayıram. Bundan sonrakı həyatınız həmişə sizə sevinc bəxş etsin! Güman edirəm, bu qədər insanların xeyir-duası ilə qurulan ailə möhkəm olacaq və xoşbəxt yaşayacaqsınız. Xüsusi ilə onu qeyd etmək istəyirəm, bizim ölkədə heç kim tək, köməksiz deyil. Bu toyun mənası da ondan ibarətdir ki, iki gənc birləşib ailə qurur, bundan sonrakı ömürlərini birləşdirirlər. İkinci mənası da ondan ibarətdir ki, cəmiyyətimiz bir daha öz birliyini, kömək göstərmək imkanını, istəyini göstərir. Bu da cəmiyyətimizi birləşdirən, onu güclü edən amillərdən biridir. Bu birinci hal deyil. Sonuncu da olmayacaq. Arzu edirik, bütün gənclərimiz evlənə bilsinlər, ailə qursunlar, ev-eşik sahibi olsunlar. Bir halda ki, toy olur, ailə qurulur, orada gərək ev də olsun. Və mən istəyirəm, bu gün sizin də iştirakınız ilə bu gənc ailənin evinin açarını onlara təqdim edib. Artıq onların öz evləri də var. Bir daha təbrik edirəm. Qoy bu ev sizin xoşbəxtlik ocağınız olsun. Xoşbəxt olun! Bundan sonrakı həyatınızda da imkanımız daxilində sizə kömək etməyə hazırıq. İnanırıq ki, cəmiyyətimizin gözəl ailələrindən biri olacaqsınız. Övladlarınız, uğurlu gələcəyyiniz olacaq. Biz də sizin uğurlarınıza, xoşbəxtliyinizə baxıb sevinəcəyik.

Sonra Əli Əhmədov başda olmaqla millət vəkilləri “Süleymani” havasında qol qaldırıb ürəkdən rəqs etdilər.

Toyun təşkil olmasında canla-başla çalışanlardan biri də YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva idi. Elə məclis başlamazdan əvvəl də sağa-sola vargəl edir, toyun qüsursuz keçməsi üçün ən incə detallarla maraqlanırdı. Vaxtını çox almadan Samirə xanımla toyun təşkili ilə bağlı qısaca məlumat alırıq. Sən demə, bir neçə gün əvvəl bu gözəl cütlüyün xına mərasimi də keçirilib. Mərasimində Azərbaycanın mötəbər xanımları da iştirak edib.

-Bu ilk deyil. Partiyamız mütəmadi bu cür xeyriyyə məqsədli tədbirləri keçirir. Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev hər zaman xüsusi qayğıya ehtiyacı olanlara diqqət-qayğı göstərir. Xüsusi ilə də gənclərə. Yeni Azərbaycan Partiyası dövlət başçısının həyata keçirdiyi siyasətin davamı olaraq belə xeyriyyə aksiyaları keçirilir. Valideyn himayəsindən məhrum olmuş iki gəncin xeyir işində Yeni Azərbaycan Partiyasının bütün təşkilatları, gəncləri, Gənclər Biliyi bütövlüklə, Qadınlar Şurası yaxından və ürəklə iştirak edirlər. Sanki öz övladımızın toyuna yığışmışıq. Əli müəllimin açarlarını təqdim etdiyi mənzil məişət əşyaları, mebellərlə tam təmin olunub. Biz onlara boş mənzil verməmişik. Bir ailənin yaşaması üçün nə lazımdırsa, hər şey alınıb. Qab-qacaqdan tutmuş, elektrik avadanlıqlara qədər. Bəyimizin işi var. Amma partiyamız bu barədə də düşünüb. Fikrətə maaşı daha yüksək olacaq iş də tapacağıq. Toyun Azərbaycan adət-ənənələrinə uyğun keçməsi üçün əlimizdən gələni etdik. Onlar üçün möhtəşəm xına yaxdı mərasimi də keçirtdik. Mərasimi şairə Nazilə Səfərli aparırdı. Sağ olsun, tam təmənnasız etdi bunu.

Məclisə gələn qonaqları qeyd etməsək olmaz. Məclisin əsas qonaqları məmurlardır. Burada kimi istəsən görmək olar. YAP-ın rayon təşkilat sədrlərindən tutmuş, millət vəkillərinə qədər. Adətən toya gələcək qonaqları ev sahibləri seçirlər. Bu toy isə bir başqa toydur. Toyun əsas özəlliklərindən biri də odur ki, qonaqlar öz istəyi ilə toyda iştirak edirlər. Bir sözlə özləri özlərini dəvət ediblər. Ən azından toya salınan nəmərlə təzə qurulan ailəyə dəstək olmaq istəyirlər.

Nəmərdən söz düşmüşkən, adətən toyda qızı evi və oğlan evi üçün ayrı-ayrı nəmər qutular olur. Bu toyda qutu birdir. Nə qız evinindir, nə oğlan. Yenicə təməli atılmış Həsənovlar ailəsinindir. Məclisin şıdırğı vaxtında qonlaqlar yavaş-yavaş qutuya yaxınlaşır. Hadi Rəcəbli ovcuna basdığı yüzlükləri zərfə qoyur. Bir qədər götür-qoy edəndən sonra əlində saxladığı sonuncu yüzlüyü də zərfə qoyub, üstünə ürək sözlərini yazıb zərfi qutuya atır.

Məclis rəqqasə Fatimənin milli musiqimizin sədaları altında möhtəşəm rəqsi ilə davam edir. Biz isə yazımıza burada nöqtə qoyuruq. Amma əvvəlcə gənclərə bir ömür xoşbəxtlik, ailə səadəti və gözəl övladlar arzu edirik!

 


Ləman Mustafaqızı, Elçin Əkbər (fotolar,video)

Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər