27 sentyabr Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır

919

Xalqımız əvvəllər təqvimdə bir çox günləri kədərlə qarşılayırdı. 28 il müddətində hər il düşmən əsarətində olan şəhər və rayonlarımızın işğal günlərini kədərlə yad edirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadəti Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır. Hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.

44 gün ərzində Qələbə qazanmağımız sözsüz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi.

Prezident İlham Əliyevin 27 sentyabr Anım Günündə xalqa etdiyi müraciət bizi Qalib xalq olaraq bir daha duyğulandırdı, qürurlandırdı! Bu müraciəti dinlədikcə bir daha Ali Baş Komandanımızla, şəhidlərimizlə, qazilərimizlə, Ordumuzla, bütövlükdə xalqımızla qürur duyduq.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müraciətində ilk növbədə şəhidlərimizi – canı, qanı bahasına bu qələbənin qazanılmasında iştirak etmiş əsgər və zabitlərimizi hörmət və ehtiramla andı. Əsgər və zabitlərimizin qəhrəmanlığını, igidliklərini yüksək dəyərləndirdi.

Prezident İlham Əliyev geniş və əhatəli müraciətində olduqca mühüm məqamlara toxundu, önəmli mesajlar verdi.

Müraciətdən sitatlara diqqət yetirək

  • Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın.
  • Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.
  • 44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik.
  • Ermənistanda hakimiyyət dəyişikliyi olur və olubdur, ancaq düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır.
  • Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir.
  • 44 gündən sonra – artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!
  • Mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
  • Bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!

Beləliklə Prezident İlham Əliyev Vətən müharibəsinin başlanmasının birinci il dönümü münasibəti ilə xalqa etdiyi müraciətdə Qələbəyə aparan yoldan danışdı, eyni zamanda zəfər savaşından ötən bir ilin uğurları, siyasi və diplomatik gərginliyi tam aydınlığı ilə xalqımızın diqqətinə çatdırdı. Ali Baş Komandanın Anım Günü ilə bağlı etdiyi müraciətdə səsləndirdiyi cəsarətli fikirlər həm də dünya güclərinə bir çağırış oldu. Ölkə başçısı hər bir dövlətin ərazi bütövlüyünə, daxili siyasətinə hörmətlə yanaşırıq, daxili işlərinə qarışmırıq, sizlər də bizim kimi davranın mesajını vermiş oldu.

Bundan sonra biz qalib ölkə, qalib xalq olaraq yaşayacağıq, azad edilmiş torpaqları qurub bərpa edəcəyik. İllərlə öz doğma sakinlərini gözləyən o torpaqlara həyat qayıdır, insanlar qayıdır. Biz daim Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşəcək, çiçəklənən ölkəmizi birlikdə qoruyacağıq.

Emin Əliyev, YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər