6 siyasi partiyanın YAP-a qoşulması ölkəmizdə siyasi həmrəyliyin göstəricisidir

971

Xalqımızın və müstəqil dövlətçiliyimizin taleyində mühüm rola malik olan hakim Yeni Azərbaycan Partiyasının müxtəlif dövrlərdə keçirdiyi qurultaylarda qəbul etdiyi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından hər zaman mühüm rol oynayıb. Bu baxımdan bu günlərdə keçirilmiş VII qurultayda qəbul olunmuş qərarlar, yeniliklər kütləvi informasiya vasitələrinin və ictimaiyyətin diqqət mərkəzində olmuşdur.
Xüsusilə Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qəbul etdiyi qərar son günlər ən çox müzakirə və şərh edilən mövzulardandır.
Bu gün ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların milli maraqları partiya maraqlarından üstün tutduğunun şahidi oluruq. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə ölkədə milli birlik yaratmışdır. Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilib və biz bu ideyanın siyasi münasibətlərdə də öz əksini tapdığını görürük.
Bu gün ölkəmizdə milli maraqların üstünlük təşkil etdiyi bir dövr yaşanır və biz bunu siyasi müstəvidə, partiyaların qəbul etdiyi qərarlarda da görürük. Siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin Vətən müharibəsi dönəmində qəbul etdiyi birgə bəyanat və Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra 6 siyasi partiyanın YAP-a qoşulması faktı eyni zamanda hakim partiyaya qarşı olan müsbət ictimai rəyin artması kimi də dəyərləndirə bilərik.
Sözsüz ki, siyasi partiyalar tərəfindən qəbul olunmuş bu addım ölkəmizdə siyasi müstəvidə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə də öz müsbət təsirini göstərəcək.
Bu gün məhdud resurslara malik olan partiyaların daha güclü siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mühitin yaranmasına səbəb olacaq. Bununla yanaşı Yeni Azərbaycan partiyasına qoşulan siyasi partiyanın üzvlərinin də öz bilik və bacarıqlarını, təcrübələrini daha böyük bir platformada reallaşdırmaq imkanı yaradacaq. Bu qərar həm də ölkənin siyasi partiyalar sistemində daha çevik və effektiv fəaliyyəti təmin etmiş olacaq.
Bu addım hakim partiyayanın son illər nüfuzunun daha da artmasından, eyni zamanda partiyaya olan etibar və inamdan irəli gəlir. Bütün bunlar nəticə etibari ilə vətəndaşların maraqlarının daha da güclü müdafiə olunmasına, ölkəmizin daha böyük uğurlara imza atmasına səbəb olacaq. Siyasi partiyalarınYAP-a qoşulması ilə bağlı vermiş olduğu qərar hakim partiyanın sözün əsl mənasında xalq partiyası olduğunu bir daha təsdiq etdi.
Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev də qurultayda siyasi partiyaların YAP-a qoşulmasını önəmli, əlamətdar hadisə kimi dəyərləndirdi. Ölkə başçısı bildirdi ki, bu addım siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək.
Bəli, inanırıq ki, qurultayda qəbul olunmuş qərarlar, partiyanın qarşısında duran yeni çağrışların reallaşdırılması, yeni proqramların qəbul olunması Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi Yeni Azərbaycan Partiyasını daha da gücləndirəcək, bununla da Partiya ölkənin inkişafına öz töhfəsini vermiş oalcaq.

Mətanət Pirquliyeva, Əməkdar müəllim, Sumqayıt Dövlət Texniki Kollecinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər