Bu gün keçmiş Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş verən qətliamdan doqquz il ötür.
2009-cu il, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı hadisə zamanı on üç nəfər dünyasını dəyişib. Elə on üç nəfər də yaralanıb. Yaralıların üçü xarici vətəndaş olub. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşı idi.
Həmin gün səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayır. Birinci mərtəbədən sonuncu mərtəbəyə qədər qarşısına çıxan şəxsləri yaxın məsafədən hədəf alır.
“Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açır. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürür.
Qatilin “şəxsiyyət vəsiqəsi”…
Həmin vaxt verilən rəsmi məlumatlarda deyilirdi ki, özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirovdur. O, özünü öldürdükdən sonra üstündən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası götürülür. Valideynləri övladlarının nəşindən imtina edir. O, Bakıda kimsəsizlər məzarlığında gecə dəfn olunur.
Elə həmin gün açılan cinayət işi…
Hadisənin baş verdiyi gün faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanır. Sonradan terrorçuluq ittihamı da irəli sürülür. İstintaq-əməliyyat qrupu yaradılır. İki həftə sonra ADNA qətliamında ittiham olunan və barələrində axtarış elan edilmiş bir qrup şəxs saxlanır.
2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilir. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunur. İstintaq materiallarında qeyd olunur ki, onların hamısı Gürcüstandan olan azərbaycanlılardır.
13 nəfərin ölümündə təqsirli bilinən bu şəxslər terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinirlər.
Bəs təşkilatçı kim idi?
İstintaq materiallarına əsasən cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyan olub. Adıçəkilən şəxs müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. İstintaqa görə, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları verəcəyini vəd edib. O, əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib.
Ruhi xəstənin “anketi”
İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu müəyyən edir. O, əvvəlcədən video müraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini də deyib. Fərda Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı video müraciət o vaxt yerli televiziyalarda dəfələrlə nümayiş etdirilir. O da qeyd olunur ki, hadisədən bir qədər əvvəl doğulduğu kəndə qayıdır. Terrorçu Gürcüstana gəlməmişdən öncə Rusiyada yaşayıbmış.
AD(ı)NA memorialı
Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adlandırıldıqdan sonra hadisənin qurbanlarının xatirəsi əbədiləşdirilir. Yeni rəhbərlik ötən ilin fevralında terror aktının qurbanlarının xatirəsinə memorial quraşdırır.
Ödürülənlərin siyahısı…
Terakt nəticəsində təhsil ocağının müəllimləri də dünyasını dəyişib. Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Rüstəmbəyov Faiq Bəhram oğlu, Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası Hüseynli Zemfira Seyidi qızı da 30 aprel qurbanları arasında idi. Tələbələrdən isə İsayev Kənan Tələt oğlu, Suriya vətəndaşı olan Daas Muavviyya, Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim, Seyid Əhməd Əmru, Şirəliyev İlkin Azər oğlu, Mustafayev Elşən Elbəyi oğlu, Axundov Rəhman Sahib oğlu, Cəmiyev Elvin Azər oğlu, 1989 Qurbanova Səbinə Əşrəf qızı, Məmmədov Elşən Xanlar oğlu, Cəfərov Bəxtiyar Aydın oğlu doqquz il əvvəl baş verən qanlı hadisədə dünyasını dəyişənlərdir.