Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı. Sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndin, habelə Ağdərə, Murovdağ, Zəngilan istiqamətlərində bir neçə strateji yüksəklik işğalçılardan təmizləndi. Rəşdadətli ordumuzun ardıcıl qələbələri düşməni ağ bayraq qaldırıb təslim olmağa məcbur etdi. İmzalanan üçtərəfli Bəyanatla Ermənistanın işğal etdiyi Kəlbəcər, Laçın və Ağdam rayonları heç bir döyüş əməliyyatı aparılmadan azad olundu, bununla da ərazi ərazi bütövlüyümüz təmin olundu.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da insan tələfatının qarşısı alındı. Bu həm də onu göstərir ki, Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada qalib gəldi.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali BaşKomandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı.
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir: “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.
Xarici və yerli jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırıblar. Yalnız ağdam deyil, işğaldan azad olunmuş bütün ərazilərdə hər şey dağıdılıb. Ermənistan mədəni və dini abidələrimzi qəsdən vandalizmə məruz qoyub, təhqir və qarət edib.İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, əmlakın talan edilməsi və ərazilərin yandırılması kimi qanunsuz hərəkətlərə yol verib.Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonlarda azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğalçılıq olduğunu əyani şəkildə nümayiş etdirir.
Ağdam rayonu 1993-cü ildə işğal olunmuşdu. 42 gün davam edən döyüşlər 1993-cü il iyulun 23-də Ağdamın 73 faizinin işğalı ilə başa çatmışdı. 1094 kvadrat kilometr ərazisi olan Ağdamın 882 kvadrat kilometr ərazisi, rayon mərkəzi ilə birlikdə 90 kəndi işğal edilmiş, işğal nəticəsində 128 min nəfər məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində 38 kolxoz, 12 sənaye müəssisəsi, 74 məktəb, 271 mədəniyyət evi, unikal Çörək Muzeyi, 67 idarə və 99 klub düşmənin əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən çox insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz yurd-yuvasından didərgin salınaraq köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdı.
Dünya ictimaiyyəti Ağdamın işğalı ilə bağlı yekdil mövqe bildirib. ATƏT-in Minsk Qrupunun doqquz ölkəsi adından hücum qətiyyətlə pislənilib və qoşunların işğal olunmuş ərazilərdən çıxarılması tələb edilib. 29 iyul 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul etdi. Qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin buna baxmayaraq Ermənistan 30 ilə yaxın müddətdə beynəlxalq qanunlara tabe olmadı.
Azərbaycan 44 günlük Vətən Müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi. Düşmənə vurulmuş ağır zərbə, döyüş meydanında qazanılmış Zəfər nəticəsində düşmən Ağdam rayonunu tərk etmək məcburiyyətində qaldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azadərbaycanın rəşadətli ordusu düşməni təslim olmağa məcbur etdi. Nəticədə 2020-ci il noyabrın 20-də düşmən Ağdam rayonunun ərazisini tərk etdi. Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.
Qeyd edək ki, Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Burada XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.
Vətən müharibəsindən dərhal sonra Azərbaycan ərazilərin bərpası prosesinə start verdi. Bu gün bütün işğaldan azad olunmuş ərazilərdə kompleks yenidənqurma işləri həyata keçirilir. Ağdam şəhərinin də bərpası prosesinə başlanılın. Ağdam şəhərinin Baş Planı əsasında yenidən qurulur. 2021-ci 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olundu. 2021-ci mayın 28-də Ağdama səfər çərçivəsin dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin,140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi.
Beləliklə, Ağdam artıq yenidən qurulur, burada həyat bərpa olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış məskənləri, sosial, yol infrastrukturu sürətlə yenidən qurulur. Şübhəsiz ki, yaxın gələcəkdə Qarabağın, Ağdamın, bütövlükdə işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişinin, inkişafının şahidi olacağıq! Ağdam şəhəri qısa müddət ərzində dünyanın ən gözəl bişəhərlərindən birinə çevriləcək.
Rüfət Mahmudzadə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini