Almaniyanın Azərbaycandakı səfiri Sumqayıtda olub

611

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Kindqsrab və səfirliyin əməkdaşları Sumqayıtda olan alman əsirlərinin dəfn olunduğu məzarlıqda olublar. 

II Dünya müharibəsi zamanı əsir düşərək  Sumqayıtda müxtəlif işlərdə çalışan və burada dəfn olunan alman əsgərlərinin xatirəsi anılıb. Anma mərasimində səfirliyin əməkdaşları ilə yanaşı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov da iştirak edib. Alman əsirlərinin xatirəsinə ucaldılmış abidənin  üzərinə əklil qoyulub.

Səfir Azərbaycan ilə Almaniya arasında olan əlaqələri yüksək qiymətləndirərək bu münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb: “Sumqayıt  Almaniya üçün çox böyük əhəmiyyətə malik olan şəhərlərdəndir. Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt şəhəri arasında əməkdaşlıq mövcuddur. Kimya sənayesi mövzusunda da Almaniya Sumqayıtla çox böyük əməkdaşlıq edir. Bizim bu gün tarixin qara səhifələriylə tanış olmaq imkanımız var. Həmçinin növbəti illərdə Almaniyadan Azərbaycana gəlmiş mühacirlərin 200 illiyi də qeyd olunacaq. Qeyd etmək istərdim ki, Almaniyada məktəblər arasında mübadilə proqramı çərçivəsində  Almaniya məktəbliləri Sumqayıta gəliblər və azərbaycanlı ailələrdə qalaraq yaşayıblar. Bu yolla Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.”

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxışında Azərbaycan və Alman xalqları arasında tarixi əlaqələrdən, Almaniya şirkətlərinin Sumqayıt şəhərindəki fəaliyyətindən danışıb. Ölkəmizdə olduğu kimi Sumqayıt şəhərində də dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hər kəsin qarşılıqlı hörmət şəraitində yaşadığı vurğulanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər