Amerikada Qubadlı sevgisi ilə

691

Bu ilin yayında Azərbaycan əsilli həkim, tibb elmləri doktoru Rauf Şahbazov Nyu-York ştatında yerləşən Olbani Tibb Mərkəzinin transplantologiya cərrahiyyəsi şöbəsinin rəhbəri təyin olunub. Bununla bağlı okeanın o tayında yaşayan Rauf Şahbazovla telefon vasitəsilə əlaqə saxlamaq qərarına gəldik. Qeyd edək ki, həmin vəzifəyə təyin olunana qədər Rauf Şahbazov Nyu-York ştatının Sirakuz şəhərindəki Apsteyt Tibb Universitetində fəaliyyət göstərib. Həmyerlimiz orada canlı donorlardan böyrək, mədəaltı vəzin transplantasiyası və robotik cərrahiyyə proqramlarının direktoru vəzifələrində çalışıb.

Rauf Şahbazov Bakıda 5 nömrəli kliniki şəhər xəstəxanasında, Səudiyyə Ərəbistanının əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında cərrah işləyib. Türkiyədə və ABŞ-ın Virciniya Universitetində cərrah-transplantoloq kimi çalışıb, Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər keçib. 2012-ci ildən ABŞ-da çalışır. O, Amerika Cərrahlar Kolleci, Amerika Cərrah-Transplantoloqlar Cəmiyyəti və Amerika Tibb Assosiasiyası da daxil olmaqla çoxsaylı peşəkar cəmiyyətlərin üzvüdür. 2016-ci ildə Azərbaycan-Amerika Tibb Assosiasiyasını yaradaraq, ictimai fəaliyyətə başlayıb. O, elmi jurnallarda dərc olunan onlarla məqalənin müəllifi və ya həmmüəllifidir. “Transplant cərrahiyyə” kitabında canlı donorun qaraciyər transplantasiyasına dair fəsli də Rauf Şahbazov yazıb. Həmyerlimiz doğma dilimizdən başqa, ingilis, rus, türk və ərəb dillərində sərbəst danışır. Dünya Azərbaycanlıların Şuşada keçirilən V (Zəfər) Qurultayının iştirakçısı olub.

AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı transplantoloq-cərrah deyib: “Nyu-York ştatının paytaxtı olan Olbanidə yerləşən “Olbani Tibb Mərkəzi 1849-cu ildə yaradılıb və yarandığı dövrdən həm klinik fəaliyyət, elmi-tədqiqat işləri, həm də həkim, rezident və tibbin ayrı-ayrı sahələri üzrə kadr hazırlığı ilə məşğuldur. Amerikada kifayət qədər tarixi və müstəsna xidmətləri olan bir mərkəzdir. Mərkəzin transplantologiya şöbəsi 1969-cu ildə yaradılıb. Burada ilk vaxtlar böyrək transplantasiyası aparılıb, indiyədək mərkəzdə 3 minə yaxın orqan transplantasiyası həyata keçirilib və hazırda orqan transplantasiyası sahəsində mühüm mərkəzlərdən birinə çevrilib. Tibb ocağının əsas korpusunda 800-dən artıq çarpayı fondu var və ətraf şəhərlərdə olan filiallarda də müəyyən sayda əlavə çarpayı fonduna malikdir. Transplantasiya şöbəsində isə 30 çarpayı var və şöbədə əməliyyat olunan, transplantasiyaya hazırlanan və digər cərrahi xəstələr müalicə olunur. Əvvəllər bu şöbəyə Amerikanın ən məşhur cərrahları rəhbərlik ediblər.

Mən bu ilin avqustun 2-dən transplantasiya cərrahiyyə şöbəsinə, eyni zamanda, cərrahiyyə şöbəsindəki Neyl Lempert kafedrasına da rəhbərlik etməyə başlamışam. Şöbəmizdə həm ölülərdən, həm də canlı orqanizmlərdən orqan götürülərək köçürülməsi həyata keçirilir. Şəkərli diabetdən əziyyət çəkən, xüsusilə insulin müalicəsi tətbiqinin səmərə vermədiyi xəstələrə isə mədəaltı vəz köçürülməsi aparılır. Əgər böyrək çatışmazlığı şəkərli diabetlə əlaqədar yaranıbsa, həmin hallarda böyrək və mədəaltı vəzinin eyni zamanda transplantasiyası həyata keçirilir. Böyrək transplantasiyası ilə müqayisədə mədəaltı vəzin köçürülməsi texniki cəhətdən daha çox diqqət tələb edir və əməliyyatdan sonra ağırlaşmalar da çox olur. Qeyd edim ki, şəkərli diabetli xəstələrə insulin istehsal edən pankreasın adacıq hüceyrə köçürülməsi metodu da var. Böyrək köçürülməsi əməliyyatı təxminən 3-4, mədəaltı vəzin köçürülməsi əməliyyatı 6-7 saat davam edir. Təbii ki, bu, əməliyyat olunan xəstənin vəziyyətdən asılı olaraq daha çox və daha az çəkə bilər. Hər iki əməliyyatdan sonra xəstələr orqanizmin stabilləşməsi üçün müəyyən dərman preparatları qəbul etməlidirlər”.

Cərrah daha sonra deyib: “Şöbəmizdə, həmçinin robot vasitəsilə qaraciyər, öd yolları mədəaltı vəz üzərində müxtəlif cərrahiyyə əməliyyatları da aparılır. Bu tip əməliyyatlar qaraciyərin müxtəlif şiş xəstəlikləri, öd kisəsi və öd yollarının tutulması, zədələnməsi və digər patologiyalar zamanı tətbiq olunur. Transplantasiya şöbəsində bu sahə üzrə kafedra məşhur Amerika cərrahı Neyl Lempert tərəfindən yaradılıb və onun adı ilə də adlandırılıb. Hazırda mən həmin kafedraya rəhbərlik edirəm. Şöbəmizdə müalicə ilə yanaşı elmi-tədqiqat işləri də aparılır. Gələcək transplantoloqların yetişdirilməsi də kafedranın hədəflərindən biridir.

Qeyd edək ki, Olbani Tibb Mərkəzində daha bir soydaşımız Anar Qocayev də fəaliyyət göstərir. Olbani də başqa sahələrdə çalışan azərbaycanlılar da var, vaxtaşırı bir-birimizdən da xəbər tutmağa çalışırıq”.

O, işinin çox olmasına baxmayaraq Azərbaycan-Amerika Tibb Assosiasiyasında da ictimai fəaliyyətini davam etdirir. Transplantoloq cərrah assosiasiyanın fəaliyyəti barədə danışarkən deyib: “Assosiasiya Amerikada soydaşlarımızın sağlamlıq məsələlərinə, tələbələrin təhsili və müxtəlif sahələrdə ixtisaslaşmasına dəstək verir. Okeanın bu tayında fəaliyyət göstərən soydaşlarımızın sayının getdikcə artması çox xoş haldır”.

Rauf Qubadlı rayonun Tarovlu kəndində dünyaya göz açıb. O, işğaldan azad ediləndən sonra anası və qardaşı ilə doğma rayonu ziyarət etmək şərəfinə nail olub. Ermənilərin vandallığının daha bir nişanəsi olan doğma ata-baba ocağını dağılmış vəziyyətdə görmək onlara çox ağır təsir edib. Azərbaycana növbəti səfərində o, yenə də Qubadlını ziyarət etmək arzusundadır. Doğma yerləri görmək, Vətənə qovuşmaq arzusu Raufa güc-qüvvə verir və onu yeni elmi axtarışlara həvəsləndirir. Şübhəsiz ki, budəfəki səfərində ona tikilib-qurulan, ev-ev, ünvan-ünvan inşa edilən Qubadlını görmək nəsib olacaq…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər