Azərbaycan xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq əsasında əlaqələrin inkişaf etdirilməsində həmişə maraqlı olub. Əlbəttə ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri bu prinsip əsasında davamlı olaraq inkişaf edir. Bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 18-də ölkəmizə səfəri ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yolunda atılan mühüm addım kimi qiymətləndirilə bilər.
Azərbaycan Prezidenti İlham Əliyevlə Şarl Mişelin iki saat davam edən təkbətək görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf dinamikası və perspektivlər barədə mühüm məqamlara toxunuldu. Görüşdə ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi. Cənubi Qafqazda əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 2021-ci il 18 iyul tarixində keçirilmiş birgə mətbuat konfransında ictimaiyyətə ətraflı məlumat çatdırıldı.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri ikitərəfli tərəfdaşlığın daha bir göstəricisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə ortaq layihələr reallaşdırılır. Ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. Keçən il ticarət dövriyyəsi 9,5 milyard dollar təşkil edib. Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə ixracatı 6,8 milyard ABŞ dolları təşkil edir. Həmçinin Azərbaycanda üzv dövlətlərdən 1700-dən çox şirkət çalışır. Bu həm də Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə iqtisadi fəaliyyətinin miqyasını göstərir. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərinin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir.
Enerji təhlükəsizliyinin təmin edilməsi əməkdaşlığın əsas sahələrindən biridir. Bu istiqamətdə bu günə kimi tarixi naliyyətlər əldə olunub. Xüsusilə, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması vurğulamaq lazımdır. Ötən ilin son günündə tarixi bir hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik qaz kəməri artıq istismara verildi. 1 yanvar 2021-ci il tarixdən etibarən Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusən də İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.
Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına rəhbərlik edir. Avropa Birliyi və Azərbaycanın rəhbərlik etdiyi Məşvərət Şurası bu layihənin uğurla həyata keçirilməsində mühüm amil olub.
Uzunluğu 3500 kilometr olan kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yatağının inkişafı ölkələr, şirkətlər və beynəlxalq maliyyə qurumları arasında misilsiz əməkdaşlıq təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə qoyulan ümumi sərmayə 33 milyard dollardan çoxdur. Eyni zamanda, Azərbaycan 15 ildir ki, Avropa istehlakçılarının etibarlı xam neft tədarükçüsüdür. Azərbaycanın qaz tədarükçüsü kimi potensialı artacaq və bu da ixracatçı olaraq bizə, tranzit ölkələrə və istehlakçılara daha çox imkanlar yaradacaq.
Böyük nəqliyyat infrastrukturu layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. İkinci Qarabağ müharibəsindən sonra bölgədəki bütün kommunikasiyaların açılması üçün yeni imkanlar meydana çıxdı ki, bu da keçən il 10 noyabr tarixli üçtərəfli razılaşmada öz əksini tapıb. Bu gün daha geniş miqyaslı əməkdaşlıq üçün yeni imkanlar açılır.
Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq maliyyə dəstəyinə söykənmir. Avropa İttifaqının nəzərdən keçirdiyi iki prioritet – iqlim dəyişikliyi və rəqəmsal inqilab – birgə layihələrə əsaslanmalıdır.
Beləliklə, Avropa İttifaqı regional əməkdaşlıq səylərinə qatılmaq və təşviq etmək arzusundadır. Bunun üçün isə davamlı sülh və rifah naminə bölgə ölkələri arasında əməkdaşlığı genişləndirmək lazımdır. Azərbaycanın bir sıra öhdəlikləri üzərinə götürməsi məsuliyyətli bir dövlət olduğunu göstərir. Mətbuat konfransında məlum oldu ki, Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə, sərhədlərin delimitasiyası məsələsində yaxından iştirak etməyə hazırdır.
Sevinc Qasımova, YAP Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru