Avtomobil alıb, saxlamağın və satmağın QIZIL QAYDALARI – MÜSAHİBƏ

2810

Fins.az “Avtoqraf” jurnalının təsisçisi, tanınmış sahibkar və avtomobil mütəxəssisi Ramin Musayevlə müsahibəni təqdim edir:

Avtomobil alıcılarının əsas diqqət yetirdiyi məqamlardan biri ehtiyat hissələrinin ucuz olması, asan tapılması, o cümlədən servisdir. Maşın alanda nəyə üstünlük verilməlidir?

Avtomobil alışı hər bir insan üçün sevindirici məqamlardan biridir. Bu, yeni avtomobil, yaxud ikinci əl ola bilər. Avtomobil seçimi alıcı üçün müxtəlif olur: arzu etdiyi avtomobil, bazarda populyar olan model, qənaətcil avtomobil və ya prestijli avtomobil. Əlbəttə ki, seçim alıcının istəyi və cibinə görətəyin edilir. Əsasən, ölkəmizdə avtomobil seçərkən, sonradan necə satacağını düşünərək seçim edirlər. Ona görə də bazarda avtomobillərin rəngləri belə məhduduliyyətlidir, əsasən ağ-qara parkdan ibarətdir. Sonradan maşını rahat və tez satmaq faktoru vacibdir, lakin seçim etmək üçün digər əhəmiyyətli faktorlar da var. Hesab edirəm ki, ilk növbədə təhlükəsizliyi, istismar və servis xərclərini göz önünə almaq lazımdır. İkincisi, öz həyat tərzinə uyğun avtomobil seçmək gərəkdir. Əgər 90% vaxtını şəhər yollarında olursansa, kompakt və az həcm mühərrikli avtomobil almalısan. Lakin yolsuzluq həvəskarısansa, onda əlbəttə Offroader seçimi üzərində dayanmalısan. Son illərdə kompakt krossoverlər dəbdədir. Onlar şəhər üçün yaradılıb, daha komfortlu və ekonomikdir. Bununla yanaşı, onları yüksək klirens və yüngül yolsuzluq şəraitində istifadə etmək mümkündür.

Xarici ölkələrdə, 5-6 min dollara avtomobillər var. Rəsmi dilerlər Azərbaycana niyə ucuz avtomobillər gətirmirlər?

Rəsmi dilerlər ilk növbədə hər hansı bir avtomobil istehsalçısının təklif etdiyi avtomobili idxal edir. Amma bazarda olan tələbat nəzərə alınır. Bu modellər alıcıların istəklərinə uyğun olaraq komplektləşdirilir. Doğrusunu deyim, 5-6 min dollara bazarın diqqətini çəkəcək yeni avtomobil çətin məsələdir. O qiymətə yalnız Hindistan bazarı üçün istehsal olunan Tata Nano avtomobili ola bilər. Amma onu ölkəmizə idxal etsələr, qiyməti 2 dəfə yüksək olacaq. Digər tərəfdən, ona yüksək tələbat olmayacaq. Çünki nə xarici görünüşü, nə ölçüsü bizim alıcılara xoş gələcək. Alıcılar həmin qiymətə köhnə Mercedes almağa üstünlük verirlər. İkinci əl avtomobillərə gəldikdə isə rəsmi avtomobil dilerləri yalnız yeni avtomobillər idxal edir. Avtomobil dilerlərinin marjası o qədər də böyük deyil, digər tərəfdən isə, xərcləri və investisiyaları yüksəkdir. Gömrük və nəqliyyat xərclərini də nəzərə alsaq, idxal olunan avtomobil ucuz başa gəlmir.

Niyə Bakıda motosiklet (moped) alan azdır?

Azərbaycanda motosiklet alanların 2 məqsədi olur. Birinci kateqoriya ucuz motosikletlərlə xidmətlər göstərirlər, poçt və daşıma xidmətləri üçün. İkinci kateqoriya həvəskarlardır. Onlar bahalı və sürətli motosiklerlər alırlar. Onların daha ucuz ikinciəl bazarı da var. Amma bu hobbi bahalı və təklükəlidir. Motosikletlə sıxlıq və tıxac zamanı şəhər yollarında çox sürətlə hərəkət etmək isə bir əfsanədir. Avtomobillər sıxlıqda o qədər yaxın dayanırlar ki, onların arasından velosipedlə keçmək belə çətindir. Skuterlərə gəldikdə isə, onları motosikl kimi təhlükəli hesab edirlər. Bu da o tərəfdən doğrudur ki, avtomobil sürücüləri motosikl və skuterləri görmürlər, gözlənilmədən, dönmə işığı yandırmadan manevrlər edirlər və motosikletçilərə təklükə yaradırlar. Digər bir problem isə, baykerlərin çox zaman riski göz önünə almadan sürət həddini aşması, tez-tez qaydaları pozmasıdır. Bu da öz növbəsində təhlükə riskini artırır.

Motosiklet yoxsa avtomobil?

İnsanlar motosikli təkər üstündə tabut adlandırırlar. Bunu bilmək lazımdır ki, bu nəqliyyat vasitəsələrinin hər ikisinə aiddir. Yol hərəkəti qaydasına riayət etməyəndə, yüksək sürət və təhlükəsizlik qaydalarına riayət olunmadıqda avtomobil də təhlükəlidir. Sürətli hərəkət baxımından motosikl daha çevikdir, lakin iş adamları üçün uyğun deyil. Bayker geyimində, tozlu-tərli iş görüşməsinə getmək nə qədər düz olar?! Bir də, fəsil məsələsi var. Yağışlı, soyuq havada motosikldən istifadə mümkün deyil. Bunları nəzərə alsaq avtomobil daha üstün və sərfəlidir.

Siz avtomobil alanlara nə təklif edəbilərsiniz? Hara müraciət etsinlər?

Avtomobil jurnalisti kimi, əlbəttə ki, ilk növbədəməsləhətim rəsmi diler salonlarından yeni avtomobil almaqdır. Onlar zəmanət verirlər, rəsmi təmsilçi olduğu üçün bir problem çıxanda istehsalçıya müraciət edərək öz haqqlarını tələb edə bilərsən. Onlarda öz növbəsində dilerdən tələb edəcək. Belə hallar dəfələrlə baş verib. Əgər ikinci əl avtomobil əldə etmək qərarı alınıbsa, yalnız bazardan almaq məcburiyyətindəsən. Başqa yolu yoxdur. Lakin, həmin avtomobili rəsmi servislərdə müayinədən (diaqnostika) keçirmək lazımdır. Çox zaman maşın alverçiləri avtomobili nə bahasına olur-olsun, alıcını aldadaraq satırlar. Problem üzə çıxandan sonra isə heç bir şey edə bilmirsən. Ona görə çəkinmədən avtomobilinizi müayinədən keçirin. Son zamanlar rəsmi avtomobil dilerləri trade-in edərək, ikinci əl avtomobillər təklif edirlər. Bu da bir seçim ola bilər.

Alıcıların əksəriyyəti işlənmiş maşın alır. Bu zamandiaqnostikadan başqa nəyə fikir verilməlidir?

İşlənmiş maşın bazarında aldatma halları çoxdur. Avtomobilin tam real vəziyyətini sıravi alıcının tam təyin etməsi qeyri-mümkündür, ona görə mütəxəssislərə müraciət etmək məsləhətdir. Əgər alıcı risk edib, özü maşının vəziyyətini təyin etmək istəyirsə, onda ilk növbədə sənədlərdən başlamaq lazımdır. Avtomobilin üzərində həbsin olub-olmamasını öyrənmək lazımdır. Bir də məsləhət etmək istərdim ki, avtomobili alarkən öz adlarına keçirsinlər, etibarnaməilə almasınlar. Çünki, gələcəkdə avtomobilin sahibinə qarşı məhkəmə qərarları olarsa, avtomobilə həbs qoyulub, müsadirə edilə bilər. Ölkəmizdə isə xərc etməmək üçün bir avtomobili 10 dəfə etibarnamə ilə satırlar, artıq sahibini tapmaq mümkün olmur. İkinici edəcəyiniz hərəkət ban nömrəsini sənədlərdə və avtomobilin üzərində olan VİN nömrə ilə tutuşdurmaqdır. O nömrə kapotun altında və ya ön şüşənin aşağı hissəsində yerləşir. Buraxılış ili şüşələrin üzərində olur. Əgər sənədlə düz gəlmirsə, deməli nə isə problem var. Maşının kuzovunu diqqətlə yoxlamaq lazımdır, rəngini, əzikləri, cızıqları. Maqnitdən istifadə edərək, təmir olunmuş yerləri aşkar etmək olar. Bərk əzilmiş hissələr çox malalanır, ona görə orada maqnit ya dayanmır, ya da zəif olur. Maşının damını nəzərdən keçirin. Əgər orada dalğa varsa vəya rənglənibsə, deməli maşın qəzada olub. Həmçinin avtomobilin kuzov detalları arasında olan məsafə (zazor) eyni deyilsə, bu da hər hansı malyar işlərinin olmasına dəlildir. Digər bir nəzarət də salonda edilsə, yaxşı olar. Çox zaman su altında qalmış maşınları satışa çıxarırlar. Onu təyin etmək üçün salondakı ayaqaltıların və salon üzlüklərinin altına nəzarət etmək lazımdır, orada korroziya, nəmişlik və ya üfunət varsa, belə maşından imtina etmək lazımdır.

Gürcüstandan maşın gətirənlər necə qabağa düşürlər?

Çox sadə. Gürcüstanda avtomobil ucuzdur və geniş seçim var. Onu alıb, gətirib, burada bir az əl gəzdirib baha qiymətə satırlar. Bu da normal haldır. Əgər imkan varsa, alıcı özü gedib orada seçim edib, ala bilər.

Krossover yoxsa sedan? Hansının üstünləri çoxdu?

Hər sinfin öz üstünlüyü var. İlk növbədəəldə ediləcək avtomobilin məqsədini təyin etmək lazımdır. Dünyada ən çox satılan sinif sedan və hetçbeklərdir. Sonra isə krossoverlər gəlir. Son 10 ildəkrossoverlərin populyarlığı artdığından bütün istehsalçıların model xəttində müxtəlif sinif yeni modellər peyda olub. Onların sedandan fərqi isə yüksək klirens, daha geniş salon və baqajın olmasıdır. Amma yanacaq sərfiyyatı sedandan daha yüksəkdir. Son illərdə yeni kompakt krossoverlərin çoxsayda modelləri təklif olunur. Bu da bazarda olan tələbatdan irəli gəlir. Bəzən alıcılar büyük krossoverlərin daha təhlükəsiz olduğunu düşünürlər, bu da yanlış fikirdir. Təhlükəsizlik ölçüdən deyil, avtomobilin marka və modelindən asılıdır. Təhlükəsiz olub-olmadığını keçirilən krəş-test hesabatlarında görmək olar. Bizim Autograph.az jurnalı gündəlik avtomobil yenilikləri haqqında xəbərlər yayır, avtomobil testləri edirik. Xarici dil bilməyənlər jurnalımızdn Azərbaycan dilində məlumat ala bilərlər.

Böyük həcmli mühərrik yaxşıdırmı?

Böyük həcm mühərrik ilk növbədə baha başa gəlir. Həm gömrük vergiləri yüksəkdir, həm sərfiyyat və istismar xərcləri. Son zamanlar avtomobil istehsalçıları 4 silindr 2 litrə qədər mühərriklərə üstünlük verirlər. Onlar yeni texnologiyaları tətbiq edərək belə mühərriklərdən yüksək güc alırlar. Turbo kompressor və proqram təminatının hesabına 2.0-litrlik 4 silindr motorun gücü 400 at gücündən yüksək ola bilər. Təsəvvür edin ki, bu güclə hətta büyük krossoverləri sürətləndirmək olur. Sərfəli tərəfi isə odur ki, gömrük ödənişləri aşağıdır, yanacağa qənaət edir, istismar xərcləri aşağıdır. Amma sürətlənmə və maksimal sürət yüksəkdir. Həm də ekologiya baxımından atmosferə zərərli maddələrin atılması daha aşağı səviyyədədir.

Avtomobil sənayesində bəyəndiyiniz son yeniliklər nədir?

Avtomobil sənayesi sürətlə inkişaf edən sahələrdən biridir. Hər il təhlükəsizlik baxımından avtomobillər daha da yaxşılaşır, yanacaq sərfiyyatı azalır, maraqlı yeni siniflər yaranır, elektronikada yeniliklər təklif olunur. Həm də dizayn cəhətdən avtomobillər daha gözəl və diqqətçəkici olur. Sərgilərdə göstərilən yeni konseptlər avtomobillərin hansı səmtdə gedəcəyini göstərir. Son zamanlar alternativ olaraq elektromobillərin sayı çoxalır. Hər bir istehsalçının model xəttində ya hibrid (yanacaq və elektrik motorların birgə işləməsi), ya da tam elektrik avtomobillər var. Bu yaxınlarda Hyundai İoniq elektrokarını test etmişdim. Pozitiv təəssürat yaratdı. Həm ekonomik, həm də qeyri-adi. Lakin, hələ də bahadır. Baha olması səbəblərindən biri də gömrük vergisinin yüksək olmasıdır, 36% səviyyəsindədir. Amma, dövlət strukturlarında belə avtomobillərin ekoloji olması ilə bağlı gömrük vergisindən azad olması barədə müzakirələr gedir. Bu da sevindirici haldır. Çünki, gələcək məhz elektrik avtomobillərinə məxsusdur. Bu test haqqında məqaləni saytımızda oxuya bilərsiniz. (http://autograph.az/articles/test-drive/article-5848)

Maşında mütləq nə olmalıdır?

İlk növbədə təhlükəsizlik yüksək səviyyədə olmalıdır, avtomobil oyuncaq deyil. Diqqətsizlik ölümlə nəticələnə bilir. Ona görə təhlükəsizlik sistemlərinin sayının yüksək olması ən əhəmiyyətli hissələrdəndir. Başqa olması vacib olan, kondisionerdir. Çünki yay aylarında o qədər isti olur ki, sürücü başını itirir, bu da təhlükə yaradır. Maşını necə saxlamaq lazımdır? Salonda siqaret çəkməyin avtomobil üçün mənfi tərəfi nədir? Maşın insandan da tələbkardır. Onu vaxtı-vaxtında diaqnostika etmək, filtrləri və yağı vaxtında dəyişmək lazımdır. Avtomobil məktəblərində öyrədilir ki, hər gün səhər sükan arxasına oturmamış, avtomobiləən az vizual nəzarət yetirmək lazımdır. Mən tamamilə siqaret çəkməyin əleyhinəyəm. Maşında isə siqaret çəkmək ilk növdəbə sərnişinlərin sağlamlığına pis təsir edir, hələ bu uşaqlar və ya hamilə qadın olsa. Digər bir mənfi tərəfi isə salonda hər zaman siqaret qoxusu qalır. Ən əsası isə sürücü siqaret çəkərkən bir əl ilə sükanı idarə edir. Bu da ekstremal anda onun vəziyyətdən çıxmasına mane ola bilər. Sükanı hər zaman iki əllə 3/9 saat hissələrində tutmaq lazımdır.

Maşını qaza keçirməyin üstünlükləri və mənfi cəhətləri nədir?

Avtomobili qaza keçirməyin ən əsas səbəbi pula qənaətdir. Sözsüz ki, qaz avadanlığının quraşdırılmasını mütəxəssislərə etibar etmək lazımdır. Benzindən fərqli olaraq qaz 3 dəfəucuz başa gəlir. Motorun gücü müəyyən səviyyədədüşsədə, sürətlənmədaha rahat vəstabil olur. Mühərrikin vibrasiyası azalır, daha yumşaq çalışmağa başlayır. Porşenlərdəqaz benzindən fərqli olaraq tam yanır vədivarlarında heç bir ərp buraxmır. Həm dəatmosferəatılan zərərli maddələr olduqca az səviyyədədir. Mühərrikin ömrü daha uzun olur. Çatışmayan cəhətlər isəodur ki, qaz balonunun baqaja yerləşdirilməsi, onun həcmini azaldır. Əgər avtomobilin zəmanəti varsa, qaz avadanlığının quraşdırılması, onun zəmanətinin itirilməsi deməkdir. Mühərrikdəbir problem yaranarsa, heç bir diler onu öz hesabına təmir etməyəcək, çünki bu avtomobil konstruksiya dəyişikliyinəməruz qalıb. Qaz avadanlığının avtomobiləquraşdrılması onun çəkisini dəartırır. Həm dəqaz doldurma stansiyaları hər yerdəolmadığı üçün beləstansiyalara getmək müəyyən zaman itkisi deməkdir. Mənfi vəmüsbətləri qarşılaşdıran zaman, məncəmüsbət daha üstün çıxır.

Bəs dizel ilə işləyən maşının benzin ilə çalışandan fərqi nədir?

Dizel mühərriklərin öz üstünlüyü və çatışmazlığı var. İlk növbədə dizel yanacaq daha ucuzdur və dizel mühərriklər qənaətcildir. Lakin, benzin mühərrikin sürətlənməsi dizeldən daha tezdir. Amma dizelin fırlanma anı yüksək olduğundan eyni həcmli mühərrikləri götürsək, yüksək sürətlərdə dizel daha yeyindir. Yanacağın keyfiyyəti aşağı olarsa, istismar xərcləri artır, səsi daha yüksək olur. Ekoloji cəhətdən dizel mühərriklərin atmosferə tullantıları daha zərərlidir, onlar bir çox xəstəliklərin yaranmasına yol açır. Bu səbəbdən Avropa ölkələrində dizel mühərriklərin qadağan edilməsi barədə müzakirələr gedir. Artıq Avropada 2025-ci ilə qədər elektik avtomobillərinə keçilməsi barədə qərar qəbul edilib. Ümid edirəm ki, biz də bir gün bu qərara gələcəyik. Çünki gələcək nəslin sağlamlığı bizim əlimizdədir.

Müəllif: Tuncay Türbəndəzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər