Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

159

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər bu münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Dövlət başçısının bəyanatında vurğulandığı kimi, tərəflər arasında siyasi dialoq intensivləşir, qarşılıqlı etimad möhkəmlənir və əməkdaşlığın əhatə dairəsi getdikcə genişlənir.

Prezident İlham Əliyev qeyd edib ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə görünməmiş dinamikanın formalaşdığını göstərir. Bu dinamika həm siyasi, həm iqtisadi, həm də enerji sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Avropa Komissiyası ilə münasibətlərə xüsusi önəm verir və tərəflərin qarşılıqlı siyasi iradəsi əməkdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərlə aparılması iqtisadi əlaqələrin miqyasını aydın şəkildə göstərir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşı olaraq çıxış edir. Region üzrə ticarətin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkənin iqtisadi və geostrateji əhəmiyyətini daha da artırır.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi sahəsidir. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu qısa müddətdə mühüm nəticələr verib. Bu müddətdə Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir və bu coğrafiyanın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi rolunu daha da gücləndirir.

Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan tərəfindən böyük maliyyə sərmayələri və siyasi səylər hesabına reallaşdırılmış bu layihə hazırda 3500 kilometrlik vahid boru kəməri sistemi vasitəsilə Azərbaycan qazını Avropa bazarlarına çatdırır. Layihə təkcə enerji sahəsində deyil, həm də Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin bəyanatında nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivləri də xüsusi yer tutub. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə formalaşan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri qlobal ticarətin vacib marşrutlarından birinə çevrilir. Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan üzərindən daşınan yüklərin həcmi sürətlə artır. Bu isə ölkənin dəniz limanlarının, dəmir yolu və digər nəqliyyat infrastrukturunun daha da genişləndirilməsini zəruri edir. Həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni və perspektivli istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Ölkənin zəngin günəş, külək və su enerji potensialı Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, artıq imzalanmış müqavilələr əsasında növbəti beş-altı il ərzində Azərbaycanda 8 giqavat həcmində günəş və külək enerjisi istehsal olunacaq. Bu göstərici Azərbaycanın yaşıl enerji mərkəzinə çevrilməsi və Avropanın enerji keçidinə töhfə verməsi baxımından mühüm perspektivlər açır.

Görüş zamanı regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi də geniş müzakirə olunub. Prezident İlham Əliyev vurğulayıb ki, artıq regionda sülhün real nəticələri hiss olunur. Azərbaycan tərəfindən tranzit məhdudiyyətlərinin aradan qaldırılması, humanitar və iqtisadi əməkdaşlıq üçün yaradılan imkanlar ölkəmizin sülhə sadiqliyinin göstəricisidir. Dövlət başçısının ifadə etdiyi kimi, məqsəd təkcə kağız üzərində deyil, gündəlik həyatda da hiss olunan dayanıqlı sülhün formalaşdırılmasıdır. Avropa Komissiyasının bu prosesə dəstəyi isə Cənubi Qafqazın əməkdaşlıq, tərəfdaşlıq və sabit inkişaf məkanına çevrilməsinə mühüm töhfə verə bilər.

Beləliklə, Ursula Fon der Lyayenin Azərbaycana səfəri və aparılan müzakirələr göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni strateji mərhələyə daxil olub. Enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, nəqliyyat bağlantıları və regional sülh gündəliyi tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Bu əməkdaşlıq təkcə Azərbaycan və Avropa üçün deyil, bütövlükdə regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Ofelya Babayeva, Şöhrət ordenli Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər