Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır

761

Azərbaycan Respublikası öz xarici siyasətində bütün dövlətlərlə qarşılıqlı dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda aparıcı beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətdir. Məhz belə bir siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində fəal şəkildə iştirak edir. Müstəqillik qazandıqdan sonra Azərbaycanın Respublikası üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da möhkəmləndirib və çoxşaxəli edib. Avropa İttifaqı ilə münasibətlərimiz də bu baxımdan istisna deyil.
Avropa Komissiyasının Prezidentinin və Avropa İttifaqının nümayəndə heyətinin Azərbaycana son səfəri bu təşkilatın Azərbaycana verdiyi dəyərin bariz göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında əməkdaşlığın müxtəlif sahələri üzrə geniş müzakirələr aparıldı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın artıq 15 illik bir tarixi var. Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan çox əhəmiyyətli bir ölkəyə çevrilmişdir. Tərəflər arasında imzalanmış Anlaşma Memorandumu heç şübhəsiz ki, həm enerji sahəsində, həm də digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirəcəkdir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycandan Avropaya qaz nəqlinin həcmi artırılacaqdır ki, bu da ölkəmizin nüfuzunun, dünya və Avropa miqyasında siyasi çəkisinin yüksəlməsinə, eyni zamanda ölkəmizin iqtisadi inkişafına xidmət edəcəkdir.
Xüsusi vurğulanmalı digər bir məqam ondan ibarətdir ki, Azərbaycan Avropa ilə enerji sahəsindəki əməkdaşlığın bəhrələrini artıq görür. Müasir dövrdə enerji təhlükəsizliyi məsələləri çox aktuallaşmışdır. Sözsüz ki, Azərbaycan Respublikası Avropa üçün etibarlı və gələcək perspektivlər vəd edən bir tərəfdaşdır. Bu qarşılıqlı faydalı əməkdaşlıq hər iki tərəfin marağında olan məsələdir. Eyni zamanda bu məqam Azərbaycanın da milli təhlükəsizlik maraqlarına mühüm töhvələr verəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti xanımUrsula Fon der Lyayen arasında baş tutan görüşdə neft, qaz ixracı sahəsində əməkdaşlıqla bərabər gələcək perspektivdə alternativ enerji mənbələri, günəş, külək enerjisindən istifadənin perspektivləri ilə əlaqədar bu sahələrədə investisiyaların qoyulmasına diqqət çəkildi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində alternativ enerji mənbələrinin yaradılması perspektivləri çox böyükdür. Bu istiqamətdə də Azərbaycan ilə Avropa arasında əməkdaşlıq gələcəkdə hər iki tərəfə mənfəət gətirmiş olar.
Nəhayət, bir vacib məqamada diqqət çəkərək qeyd etmək istərdik ki, görülən bütün işlər, aparılan bütün danışıqlar yalnız bir ali məqsədə xidmət edir: Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması və Azərbaycan vətəndaşının sosial rifah halının daha da yüksəldilməsi. Ölkə Prezidenti Cənab İlham Əliyev üçün bu məsələlər hər zaman prioritet istiqamət olmuşdur. Uğurlu xarici siyasət kursumuz artıq Azərbaycanı Avropanın nüfuzlu dövlətləri ilə bir sıraya çıxarıb. Biz inanırıq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumu Azərbaycan xalqının rifah halına yeni töhvələr verəcək.

Cavid Məmiyev
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər