Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilir

606

Bu gün qürur hissi ilə Azərbaycanın regionda lider, dünyada söz sahibi bir dövlətə çevrildiyini söyləyə bilirik. 44 gün ərzində qazanılmış Zəfər Azərbaycanı Qalib dövlət kimi dünyada tanıtmaqdan əlavə, Müzəffər Ali Baş Komandanımızın sarsılmaz iradəsi sayəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri, işğal zamanı dağıdılmış və yararsız hala salınmış tarixi abidələrin bərpası istiqamətində görülən işlər Qarabağın yenilməz məğrur xalq olan əsil sahiblərinin doğma yurduna qayıtdığını bir daha gözlər önünə sərir. 2020-ci il 27 sentyabr tarixində başlanan və öz liderinin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycanın həm hərbi, həm də siyasi cəbhədə qələbəsi ilə başa çatan Vətən müharibəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın – faktiki olaraq Ermənistanın kapitulyasiyasının imzalanması ilə başa çatdıqdan sonra dünya dövlətləri artıq regionda yaranmış yeni reallığı qəbul edir. Yeni reallığın fonunda həm yaxın qonşularla, həm də dünyanın bir çox ölkələri ilə qarşılıqlı maraqlar əsasında qurulmuş ikitərəfli əməkdaşlıqların yaradılması Azərbaycan üçün prioritet təşkil edir. Təbii ki, bu baxımdan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri ikitərəfli əməkdaşlıq və Şərq Tərəfdaşlığı çərçivəsində uğurla inkişaf edir. Avropa İttifaqı ilə siyasi münasibətlər sahəsində qazanılmış nailiyyətlərin ticari sahəyə də ötürülməsi əsas ticarət tərəfdaşımız olan ittifaq ilə ticari əməkdaşlığımızı daha da genişləndirəcək. Sözsüz ki, Avropa İttifaqı ilə ticari əməkdaşlıqdan danışan zaman göz önünə gələn və bu gün də gündəliyimizdə üstün yer tutan əsas sahə enerji sahəsidir.

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” ikitərəfli əməkdaşlığa verilmiş mühüm töhfə oldu. Qeyd etmək istəyirəm ki, sözügedən memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində apardığı fəal əməkdaşlığın 2006-cı ildə imzalanmış Anlaşma Memorandumu ilə başlayan və 2011-ci ildə imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə ilə davam edən on beş ildən artıq tarixi var. Bu müddət ərzində Avropa İttifaqının enerji təhlükəsizliyinə öz töhfəsini verən Azərbaycanın neft hasilatı ilə başlatdığı və sonradan qaz hasilatına da keçdiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Dünyada baş verən geosiyasi proseslərin, davam edən qarşıdurmaların fonunda, xüsusilə Avropanın enerji təhlükəsizliyi qlobal gündəlikdə duran ən vacib məqamlardan birinə çevrilir.

Hər kəsə məlum olduğu kimi Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti sayəsində Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və artıq iki ildən az müddətdir ki, tam gücü ilə işləyərək Azərbaycan təbii qazını Avropa qitəsinə çatdırır.

Əlbəttə, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlığın mövcud olması böyük nailiyyətdir və həm Azərbaycan, həm də Avropa üçün xüsusi əhəmiyyətə malikdir. Sözügedən əməkdaşlığı bir cümlə ilə ifadə etmək istəsək deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilir.

Qlobal gündəlikdə ən üstün məsələlərdən olan enerji təhlükəsizliyindən başqa, Azərbaycan Avropa İttifaqı ilə təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraqlıdır. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş demək olar ki, potensial əməkdaşlığımızın bütün sahələrini əhatə edir.

Beləliklə, deyə bilərik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və Azərbaycan üçün əsas ticari tərəfdaş olan Avropa İttifaqı ilə bağlanılan saziş xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edəcək.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədrİ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər