Azərbaycanın BRICS üzvləri ilə geniş və zəngin iqtisadi münasibətləri formalaşıb.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
O qeyd edib ki, Azərbaycan digər beynəlxalq formatlar kimi, BRICS-lə də qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın tərəfdarıdır:
“Hazırda beynəlxalq münasibətlərdə ədalətsizlik, hüquq və normalara əmək etməmək prosesi müşahidə edilir. Eyni zamanda, iqtisadi münasibətlərdə və ticarətdə siyasi şərtlərin irəli sürülməsi dünya iqtisadiyyatına ciddi zərbə vurur. Belə bir şəraitdə çoxqütblülüyü, bərabərtərəfliliyi, müstəqil seçim imkanlarının olmasını əsas prinsiplər kimi qəbul edən BRICS-ə marağın artması təbii haldır.
2020-ci ildən sonra regionda yeni reallıq yaradan Azərbaycan və onun dövlət başçısı İlham Əliyevin nüfuzu dünyada getdikcə artmaqdadır. Ədalətli idarəetmə və beynəlxalq münasibətlərin demokratikləşməsində Azərbaycanın dövlət başçısının mühüm rolunu hər kəs qəbul edir.
Tahir Mirkişili
Güclü, strateji cəhətdən vacib mövqeyi olan, müstəqil və ədalətli siyasət yürüdən Azərbaycanın BRICS üzvləri ilə geniş və zəngin iqtisadi münasibətləri formalaşıb. Yəni Azərbaycan digər beynəlxalq formatlar kimi, BRICS-lə də qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın tərəfdarıdır”.
T.Mirkişili qeyd edib ki, ölkənin nəqliyyat infrastrukturunun vəziyyəti Azərbaycana Avropa və Asiya ölkələri üçün etibarlı tərəfdaş statusu qazandırıb:
“Digər tərəfdən, BRICS-in Asiyadan olan üzvlərinin Avropa ilə iqtisadi əlaqələri intensivləşdirmək yolunda Azərbaycanın roluna böyük ehtiyacları var. Azərbaycanın həm nəqliyyat və logistika infrastrukturunun hazırlığı, həm də ölkənin Avropa və Asiya dövlətləri ilə faydalı iqtisadi tərəfdaş olması bizə hər iki tərəf üçün etibarlı tərəfdaş statusu qazandırıb.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və COP29-a sədr ölkə seçilməsi, qlobal məsələlərin müzakirəsində aktiv iştirak etməsi istənilən platformada milli maraqların müdafiəsinə imkan yaradır. Prezident İlham Əliyevin Kazanda keçirilən BRICS sammitində çıxışı və keçirdiyi görüşlər bu platformada da milli maraqlarımızın güclü təmsil olunacağına tam əminlik yaradır”.
Müzakirə qapadılmışdır.