Azərbaycan diplomatiyasının növbəti uğuru

463

Ötən əsrin sonlarından başlayan Qarabağ münaqişəsinin çözüm yolunda Azərbaycan dövləti hər zaman Sülh prinsipinə önəm vermişdir.
Yalnız səbr kasası daşdıqda dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tarixi qətiyyətli qərar verdi və Azərbaycan Ordusu düşmənə öz gücünü göstərdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti yenə humanizm nümayiş etdirərək Sülh təklifini verdi.
Nəhayət Praqada Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun birgə təşkilatçılığı ilə Sülhə yönəlik ilk görüş baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyan arasında gercəkləşən görüş artıq Sülh prosesinə təkan verildiyinə, təmasların uğurlu davamlılığına əminlik yaradır.
Hər iki ölkənin xarici işlər nazirləri görüşdülər. İşçi qrup müqavilə mətninin hazırlanması prosesinə start verib.
Faktdır ki, azad edilmiş torpaqlarımızda ermənilər tərəfindən minalar basdırılıb. Əlbəttə, sülh niyyətini əngəlləyən bu addım cinayət, terror aktidır. Müharibə bitdikdən sonra 250-dən çox mülki vətəndaşımız və hərbçimiz minaya düşərək həlak olublar və ya ağır xəsarət alıblar. Habelə, bu günə qədər erməni silahlı birləşmələri torpaqlarımızdan çıxmayıblar.
Artıq dünya da “Qarabağ Azərbaycandır” həqiqətini dərk edib və bu faktla barışıb.
Ona görə də Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarının taleyini başqa bir ölkə ilə müzakirə etmək niyyətində deyil.
O vətəndaşlar anlamalıdırlar ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiyası həyat tərzlərini dəyişə və firavanlıq bəxş edə bilər.
Şəksiz, ermənistan tərəfi məramlarında düzgün olarlarsa, bu ilin sonuna qədər Sülh müqaviləsi imzalana bilər. Təbii bunu söyləməyə Azərbaycanın əsası var. Çünki dəfələrlə ermənilər öhdəliklərə əməl etməyiblər.
Kommunikasiyaların açılması hələ də gerçəkləşməyib. Hər halda görüşlərin nəticələri müqavilənin imzalanacağına ümid verir. Praqada Prezident İlham Əliyevin Şarl Mişel və Ermənistanın baş naziri N. Paşinyanla görüşünün sonunda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verildi.
Azərbaycan suverenliyini tanımaqla Ermənistan ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Sərhədlərin delimitasiyasına razılıq əldə edildi. Sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verildi. Azərbaycan tərəfi də öz növbəsində bu missiya yerinə yetirən komissiya ilə əməkdaşlığa razılaşdı.
Ümumilikdə, qürurla söyləmək olar ki, Praqa görüşündə ölkəmizin milli maraqları təmin olundu.
Və, ən başlıcası, Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində alindı.

Vidadi Məmmədov, Əməkdar artist, Sumqayıt Dövlət Dram Tearında direktor müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər