Azərbaycan gələcəyə inamla baxır

537

Ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin mərkəzində dayanır. Ölkəmizdə bu istiqamətdə reallaşdırılan layihələr, irəli sürülən təşəbbüslər bir çox ölkələr tərəfindən nümunə kimi göstərilir. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsini buna misal kimi göstərə bilərik. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın şəxsə mənzillərlə təmin edilib. Bununla yanaşı 7400 minik avtomobili verilib. Təkcə ötən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə 850 mənzil verilib. İkinci Qarabağ müharibəsinin qazilərinə və şəhid ailələrinə 750 mənzil verilib və bu proses bu gün də davam etdirilir.
Prezident İlham Əliyevin 12 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə dövlətin bu istiqamətdə həyata keçirdiyi sosial siyasətə diqqət yetirib, önəmli açıqlamalar verib.
Əlbəttə, hər bir ölkə vətəndaşı ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu siyasətin şahididir. Şəhid ailələri üçün nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır, bu kateqoriyadan olan insanların məşğulluq məsələsi dövlətin diqqət mərkəzində saxlanılır.
Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərin normal həyata qaytarması üçün hər cür dəstək tədbirləri həyata keçirilir, onlara müasir protezlərlə təmin olunur. Bu tədbirlər nəticəsində qazilərimiz artıq normal həyata qayıda bilirlər.
Ötən dövrdə olduğu kimi, bu gün də hərbi sahə prioritet olaraq qalır. Təsadüfi deyil ki, hər il dövlət büdcəsində nəzərdən tutulan ən böyük xərclər məhz hərbi quruculuq üçün ayrılırdı. Bu siyasət bu gün də davam etdirilir. Ölkə başçısı müsahibəsində bir daha bildirdi ki, Azərbaycan revanşist qüvvələrin cavabını verəcək. Ermənistanda həm iqtidarda, həm müxalifətdəki mövcud revanşist qüvvələr anlamalıdır ki, Azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt Ermənilərə bağışlanmayacaq. Ermənistan cəmiyyəti Prezident İlham Əliyevin bu fikirlərindən nəticə çıxartmalıdır.
Dövlətimizin iqtisadi qüdrəti artdıqca sözsüz ki, hərbi gücü də artır. Müharibədən sonrakı dövrdə də ölkəmizdə ordu quruculuğuna, silah və sursat tədarükünə ciddi diqqət yetirilir. Müharibə dövründə istifadə olunmuş döyüş sursatlarının yerinin doldurulması prosesi gedir. Ölkə başçısı bu sahədə görülən işlərə diqqət çəkərək bildirdi ki, müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir. İkinci Qarabağ müharibəsi bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir.
Bəli, bu gün Qalib Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etmiş olduğu təcrübədən yararlanaraq mühüm addımlar atılır. Bu baxımdan Komando qüvvələrinin yaradılması böyük hadisədir və hərbi qüdrətimizin təzahürüdür. Ölkə başçısının vurğuladığı kimi, Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir.
Bu gün Azərbaycan ordusu işğaldan azad olunmuş ərazilərdə möhkəmlənir. Burada müasir infrastruktur yaradılır. İlk növbədə hərbi qüvvələrin rahat hərəkətinin təmin olunması məqsədi ilə bütün bölgədə yol infrastrukturu yenidən qurulur. Bu məqsədlə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlıda 700 kilometrə yaxın yol çəkilib. Prezident İlham əliyev bu ərazilərdə reallaşdırılan yol infrastrukturunun inkişafı ilə bağlı bildirdi ki,bu işlər çətin bir şəraitdə aparılır: “Bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Bizim işçilərə müntəzəm olaraq atəş açılır. Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə işlər çox çətin bir şəraitdə aparılır”.
Dövlət tərəfindən sərhəd bölgəsində hərbi xidmətin düzgün təşkil olunması üçün hər cür şərait yaradılır, müasir infrastruktur qurulur. Bu sahədə kompleks tədbirlər görülür ki, orada normal xidmət aparmaq mümkün olsun.
Bü günə kimi işğaldan azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkilib. Bu böyük fədakarlıqdır və ölkəmizin potensialını göstərir.Bununla yanaşı Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Nəticədə Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlmək mümkün olacaqdır. Eyni zamdan Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Ölkə başçısı müsahibəsində bu istiqamətdə görülən işlərə toxunaraq bildirdi ki, bu həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq.
Qısa müddət ərzində Füzuli-Şuşa yolu, Zəfər yolu çəkildi. İkinci yol – magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yollar da çəkilir. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına start verilib.

İşğaldan azad olunmuş rayonların, şəhərlərin baş planı hazırlanır. Bərpa prosesi uğurla davam edir. Azərbaycan bu gün gələcəyə baxır. İşğaldan azad olunmuş ərazilər bərpa olunur, dövlətimizin daha da güclənməsi istiqamətdində mühüm proqramlar icra olunur. Ermənistandakı revanşist qüvvələr anlamalıdır ki, “Dəmir Yümruq” yerindədir. Dövlətimizin başçısı müsahibəsində cəmiyyətimiz üçün olduqca mühüm mesaj verdi: “Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Ermənistan müxalifəti, yəni, özünü müxalifət adlandıran Sarkisyan-Koçaryan cütlüyündə, Azərbaycan xalqına qarşı o dərəcədə nifrət var ki, onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər.Onlar ancaq dinc əhaliyə qarşı müharibə apara bilərdilər. Onların hər ikisi Xocalı qatilləridirlər”
Ölkə başçısı bəyan etdi ki, Azərbaycanın siyasəti tam aydındır – istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, habelə kommunikasiyaların açılması ilə bağlı olan prosesinə start verilməlidir və nəticədə sülh müqaviləsi imzalanmalıdır. Rəsmi İrəvan buna hazır olmalıdır. Onlar düzgün seçim etməlidirlər. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq.
Bəli, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Bu gün müharibənin nəticələri beynəlxalq birlik tərəfindən qəbul edilir. Bu həm də Azərbaycanın uğurlu diplomatik siyasətinin nəticəsidir. Ölkəmiz 44 günlük VƏtən Müharibəsi nəticəsində yeni reallıqlar yaradıb və hamı bu reallıqla hesablaşmalıdır.

Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri, şəhid atası

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər