Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyətini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Son illər tərəflər arasında müşahidə olunan siyasi dialoq, iqtisadi əməkdaşlıq və enerji tərəfdaşlığı artıq yeni məzmun qazanaraq daha geniş strateji xarakter almağa başlayıb. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Bakı ilə Brüssel arasında münasibətlər təkcə cari maraqlar üzərində deyil, uzunmüddətli ortaq hədəflər üzərində qurulur.
Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri təsadüfi hadisə deyil. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, xarici siyasət üzrə ali nümayəndə Kaya Kallas və nəhayət Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Bu səfərlər həm də onu təsdiqləyir ki, Azərbaycan artıq Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də mühüm siyasi və iqtisadi tərəfdaş kimi qəbul edilir.
Münasibətlərin iqtisadi tərəfi xüsusi diqqət çəkir. Avropa İttifaqı uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Xarici ticarət dövriyyəsinin böyük hissəsinin Avropa bazarları ilə bağlı olması ölkə iqtisadiyyatının beynəlxalq inteqrasiyasında bu əməkdaşlığın rolunu göstərir. Eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz üzrə Avropa İttifaqının ən böyük ticarət tərəfdaşına çevrilməsi ölkənin regional iqtisadi çəkisinin artdığını nümayiş etdirir.
Lakin Bakı-Brüssel münasibətlərinin əsas dayaqlarından biri enerji əməkdaşlığıdır. Son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər Avropanın etibarlı tərəfdaşlara olan ehtiyacını artırıb. Azərbaycan isə özünü məhz etibarlı və məsuliyyətli enerji tərəfdaşı kimi təsdiqləyə bilib. Avropa ölkələrinə qaz ixracının əhəmiyyətli dərəcədə artması, yeni bazarlara çıxış imkanlarının yaranması və enerji marşrutlarının şaxələndirilməsi bu siyasətin nəticəsidir. Bu gün Azərbaycan qazı bir sıra Avropa ölkələrinin enerji balansında mühüm yer tutur.
Azərbaycanın strateji əhəmiyyətini artıran digər mühüm amil isə onun nəqliyyat və logistika imkanlarıdır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən beynəlxalq dəhlizlərin mərkəzində yerləşən Azərbaycan son illərdə bu istiqamətdə böyük investisiyalar həyata keçirib. Müasir limanlar, dəmir yolları və avtomobil magistralları ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldib. Dünyada geosiyasi və iqtisadi marşrutların yenidən formalaşdığı bir dövrdə Azərbaycanın bu sahədə rolu daha da artır.
Görüşdə diqqət çəkən məsələlərdən biri də yaşıl enerji gündəliyi olub. Dünyada enerji keçidinin sürətləndiyi bir vaxtda Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində də iddialı planlar ortaya qoyur. Günəş və külək enerjisi üzrə həyata keçirilən layihələr yaxın illərdə ölkənin enerji sektorunda yeni mərhələnin başlanğıcını qoyacaq. Bu, həm daxili enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də Avropanın alternativ enerji mənbələrinə çıxış imkanlarının genişlənməsinə xidmət edəcək.
Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun mühüm istiqamətlərindən biri də regional sabitlik və təhlükəsizlik məsələləridir. Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar regionda yeni siyasi mühit formalaşdırır. Münaqişə dövrünün arxada qalması, iqtisadi əlaqələrin və kommunikasiya imkanlarının genişlənməsi üçün yaranan şərait bütövlükdə Cənubi Qafqazın gələcəyinə təsir göstərə bilər. Bu prosesdə beynəlxalq tərəfdaşların dəstəyi də xüsusi əhəmiyyət daşıyır.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq artıq yalnız ayrı-ayrı sahələr üzrə tərəfdaşlıq çərçivəsindən çıxaraq daha geniş strateji məzmun qazanır. Enerji təhlükəsizliyi, yaşıl transformasiya, beynəlxalq nəqliyyat marşrutları və regional sülh gündəliyi tərəfləri bir-birinə daha da yaxınlaşdırır. Ursula Fon der Lyayenin Bakı səfəri də məhz bu yeni mərhələnin siyasi və diplomatik ifadəsi kimi qiymətləndirilə bilər.
Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü


Müzakirə qapadılmışdır.