Azərbaycan iqtidarı bütün islahatları ardıcllıqla icra edir

746

Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımında müstəna əhəmiyyət kəsb edən bir siyasi hadisə oldu. Qurultayda YAP-ın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir. Həmçinin dövlət başçımızın çıxışında qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Məhz Ulu Öndərin siyasi iradəsi və peşəkarlığı müstəqilliyin qorunması və dönməzliyini təmin etmişdir. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ölkədə siyasi dialoqun daha da möhkəmləndirilməsi, iqtisadi sahədə antiinhisar siyasətinin gücləndirilməsi və xarici siyasət sahəsində ölkəmizin maraqlarına cavab verən əməkdaşlıq kursunun davam etdirilməsi kimi prioritetlər barədə söylədiyi fikirlər bizim gələcək inkişaf proqramlarımız üçün baza platformaları olacaq.

VII qurultayda qəbul olunmuş tarixi qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıqlar siyasi islahatların dərinləşməsi üçün zəmin yaratdı. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Ümumiyyətlə qeyd olunmalıdır ki, verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir. Yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etdi. Bu baxımdan Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir. Vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Həmçinin partiyanın fəaliyyətinə müsbət təsir etmiş digər önəmli dəyişikliklər kimi qurultaydan sonra Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavininin seçilməsini, Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələrinin hazırlanaraq təsdiq edilməsini qeyd etmək lazımdır. Bundan başqa, ötən il sentyabr 10-da və cari ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Diqqətəlayiq haldır ki, 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur və bununla da sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir. Birmənalı olaraq deyə bilərik ki, milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir.

YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramı ölkəmizdə siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edir. Məlum olduğu kimi, YAP-ın VII qurultayında partiyamızın Sədri cənab İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış müvafiq işçi qrup tərəfindən proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuşdur, Partiya Sədri İlham Əliyevin irad və tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir. Nəticədə Partiyanın yeni Proqramında “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı 5 fəsil və Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi hissələr öz əksini tapmışdır. Yeni Proqram əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir və demokratik dəyərlərə və milli maraqlara əsaslanaraq, özündə artıq bu günümüzün tələblərinə uyğun yanaşma üsullarını ehtiva edərək siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edir.

Təranə Rəcəbli, Əməkdar həkim, Sumqayıt Perinatal Mərkəzin baş həkimi, Yeni Azərbaycan Partiyasının fəalı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər