Azərbaycan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atır

988

Banknotların (kağız pulların) mühafizə elementlərinin artırılması dövriyyəyə saxta pul buraxmaq istəyən fırıldaqçıların önündə ən böyük əngəldir. Bu həm də ödəniş sisteminə inam üçün çox əhəmiyyətlidir. Çünki ödəniş sisteminə inamın zədələnməsi aşağıdakı istiqamətlərdə problemə səbəb olur:

  • Banknot sisteminə inam itdikdə, əhali daha çox pul yox qızıl və ya digər qiymətli əşyalarla yığıma üstünlük verir. Bu isə iqtisadi aktivliyə mənfi təsir göstərir.
  • Saxta pulların çoxalması inflyasiya təsiri yaratmaq xüsusiyyətinə malikdir. Belə ki, belə pulların dövriyyədə çoxalması pulun dəyərdən düşməsinə, beləliklə məhsul və xidmətlərin dəyərdən düşməsinə səbəb olur.
  • Nağd puldan geniş istifadə edən aztəminatlı əhali qrupu daha çox zərərə uğrayır və bu da öz növbəsində yoxsulluq, ümidsizlik, stress yaradır. Bu isə cəmiyyətin ümumi təhlükəsizliyi üçün arzuolunmaz haldır.

Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun olaraq hazırlanıb. Manat 4 pilləli mühafizə sisteminə malikdir. 1-ci dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız Mərkəzi Bank tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əskinasların həqiqiliyini xüsusi bilik və bacarıqları olmayan əhali tərəfindən müəyyənləşdirilməsini təmin etməkdir.

Azərbaycan manatı pul nişanı kimi ilk dəfə 1992-ci ildən dövriyyəyə buraxılıb. 2006-cı ildə 5000:1 nisbətində denominasiya haqqında qərar verilib və dövriyyəyə yeni manat əsginasları daxil olub. Həmin vaxtdan 14 il keçməsinə baxmayaraq manat əsginaslarının dizaynında, mühafizə elementlərində dəyişiklik edilməmişdi.

Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan hökumətinin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsinə başlayıb və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxıb, 10 manatlıq pul nişanının isə mühafizə sistemlərini təkmilləşdirib.

Yuxarıda qeyd etdiyimiz problemləri nəzər alan Azərbaycan bu istiqamətdəki fəaliyyətin davamı olaraq özünün mövcud banknot seriyasını ən müasir mühafizə sistemləri tətbiq etməklə yenilədi və bu yaxınlarda yenilənmiş 1, 5 və 50 manatlıq banknotları tədavülə buraxıldı.

Hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara uyğunlaşma prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər artıq həll edilib. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Hazırda ödəmə terminallarında əskinasların qəbulu ilə bağlı heç bir çətinlik yoxdur.

Azərbaycan hökuməti yeni əskinaslarla əlaqədar yarana biləcək çətinlikləri aradan qaldırmaq üçün müvafiq qabaqlayıcı tədbirlər gördü. Ölkədə fəaliyyət göstərən nağd pul sistemlərinin yenilənmiş əskinaslara uyğunlaşdırılması üçün 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya banklarına və bank olmayan ödəniş xidməti təchizatçılarına məlumat verildi, müvafiq banknotlarla təmin edildi və uyğunlaşma prosesinə başlanıldı.

Hazırda müvafiq sistem və avadanlıqların yenilənmiş əskinaslara uyğunlaşdırılması kommersiya bankları və ödəmə xidməti təminatçıları tərəfindən başa çatdırılıb və bu sistemlər ödənişləri yenilənmiş əskinaslarda qəbul edir.

Yenilənmiş 50 manatlıq banknot, əsas mövzusu “Müstəqil Azərbaycan” olan mövcud konsepsiya çərçivəsində “Təhsil və Gələcək” alt-mövzusuna həsr olunub. Bu da xalqın təhsilinin inkişafı və gələcəyinin çiçəklənməsini təcəssüm etdirir. Yenilənmiş 50 manatlıq banknotun üzərində əks olunan gənclərin orta məktəb çağlarından ali məktəb səviyyəsinə doğru yaradıcı inkişafı ölkənin təhsil və tərəqqisinin əhəmiyyətini tərənnüm edir. Bu dizayn elementləri həmçinin ən mütərəqqi mühafizə sistemləri vasitəsilə pulun üzərinə həkk edilib. 1 manatlıq banknot “Mədəniyyət və İncəsənət” mövzusuna, 5 manatlıq banknot isə “Yazı və ədəbiyyat” mövzusuna həsr olunub.

Beləliklə yenilənmiş milli pul nişanlarımız estetik görünüşünə, qorunma səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz və etibarlı banknotlar sinfində qalmaqda davam edəcək.

Sevinc Qasımova, YAP Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər