“Azərbaycan ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadirdir”

1275

“Ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi, dövlət başçımızın qlobal təşəbbüslərinin beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılanması və dəstəklənməsi, eyni zamanda Prezident İlham Əliyev təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının  keçirilməsi barədə qərar qəbul edilməsi anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Cəbhədə baş verən hadisələr, təxribatlar bunu deməyə əsas verir”.

Bu fikirləri millət vəkili İmamverdi İsmayılov 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edərək təxribat törətməsini şərh edərkən bildirib.

Millət vəkili bildirib ki, düşmən ölkə sərhəddə təxribat törətməklə beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırarağa, həmçinin ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmağa hesablanıb: “Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar ciddi böhran yaşanılır. Ölkədə sosial-iqtisadi problemlər, bununla yanaşı koronavirusla mübarizə sahəsindəki çətin vəziyyət Paşinyan hakimiyyətini mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddəki təxribat da məhz Paşinyan hakimiyyətinə öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmaq məqsədi daşıyır.

Millət vəkili qeyd edib ki, iyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb: “Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənir. Sözsüz ki, bu çağrışlar Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunun göstəricisidir. Amma bu gün 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan qüdrətli orduya malikdir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Azərbaycan ordusunun son təxribata verdiyi cavab, düşmənə vurduğu zərbə bunu bir daha göstərdi. Hesab edirəm ki, arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında düşmənin uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bu məsələlərdə ehtiyatlı olmalıyıq”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər