Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir

1402

Müharibə şəraitində yaşayan Azərbaycanda gənclərin hərbi vətənpərvərlik ruhunda formalaşması olduqca vacibdir. Bu gün yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Dağlıq Qarabağ da daxil olmaqla, ərazilərimizin 20 faizinin hələ ki düşmən tapdağı altında olması gənclərin hərbi sahəyə marağının artırılmasını zəruri edir.

Azərbaycan xalqı tarix boyunca düşmənə qarşı mübariz ruhu ilə seçilib və bu gün də biz bu mübarizliyin, qəhramanlığın şahidi oluruq. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar.

Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. 

SİLAHLI QÜVVƏLƏRİMİZ HƏR BİR VƏTƏNDAŞIN QÜRUR MƏNBƏYİDİR

 Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir.  Bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir.

Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində çox mühüm addımlar atılmışdır.  Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir.

APREL DÖYÜŞLƏRİ ORDUMUZUN GÜCÜNÜ BİR DAHA GÖSTƏRDİ

 Görülmüş işlərin, atılmış addımların nəticəsidir ki, bu gün regionda ən güclü ordu məhz Azərbaycan ordusudur. Bu gün sevindirici haldır ki, Silahlı Qüvvələrimizin dünya reytinqində 50-ci pillədə qərarlaşır. Bunu 2016-cı ilin aprel hadisələri də, 2018-ci ilin Günnüt hadisələri də sübut etdi.

Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.  Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Qısa bir zamanda, yəni 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi.

HƏRBİ ÜSTÜNLÜK ORDUMUZUN ŞƏXSİ HEYƏTİNİN DÖYÜŞ RUHUNU DAHA DA ARTIRDI

2018-ci il may ayında Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi nəzarət altına keçdi.

Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edildi. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən “Qızılqaya” yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağımız ucaldıldı.

 SILAHLI QÜVVƏLƏRİMİZ ÖZ ÜSTÜNLÜYÜNÜ TOVUZ DÖYÜŞLƏRİNDƏ DƏ GÖSTƏRDİ

Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı bir daha şahidi olduq.

Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Buna baxmayaraq Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi. Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə qarşı vuruşurdu.

Bu döyüşlərdə düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını itirdi. Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimizin bir daha öz üstünlüyünü təsdiq etdi.

MİNLƏRLƏ GƏNC PREZİDENTİN ÇAĞIRIŞINA SƏS VERDİ

14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirdi. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə bəyan etdi.

İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram”, – deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar.

Bütün ölkə ərazisində olduğu kimi Sumqayıt şəhərindədə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət komitəsinə könüllü hərbi xidmətdə olmaq üçün müraciət edənlərin sayı minlərlə idi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55 mindən çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçiblər və hazırda da müraciətlər davam edir.

Bütün bunlar bir daha göstərdi ki, General-mayor Polad Həşimov kimi, polkovnik İlqar Mirzəyev kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Gənclərin Ali Baş Komandanı İlham Əliyevin çağırışına qoşulması bir daha göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan gənci dövlətin, Azərbaycan ordusunun yanındadır, hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər