“Azərbaycan regionda büdcə gəlirlərində dövlət rüsumlarının payının ən az olduğu ölkədir. Bu rəqəm 0.6 % təşkil edir. Məhkəmə aparatının maliyyələşməsində yığılan rüsumların payı cəmi 2 %-dir”. Bu açıqlama ilə Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib. Mirkişili müqayisə üçün deyib ki, bu rəqəm Türkiyədə 53 %, Qazaxıstanda 45 %, Ermənistanda isə 11%- dir.
Saxta.info komitə sədrinin açıqlamalarının əsaslı olub-olmadığını dəqiqləşdirib.
Azərbaycanın 2019-ci il üzrə büdcəsində dövlət rüsumu üzrə proqnoz 190 milyon manat məbləğində nəzərdə tutulub. Bu, ümumi dövlət büdcəsi gəlirlərinin 0,8 %-i, dövlət büdcəsinin digər gəlirlərinin 1,4 %-i, Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin isə 2,4%-i səviyyəsində olub.
2019-cu il üçün müəyyən edilən 190 milyon manat məbləğində proqnoz 191 milyon 297 min 400 manat səviyyəsində icra olunub. Beləliklə, dövlət rüsumunun büdcə gəlirlərində payı olduğu kimi, 0,8 % həddində qalıb. Bu mənbədən daxil olan vəsaitin xüsusi çəkisi Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin 2,5%-ni təşkil edib.
Konkret olaraq məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına, hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatına görə alınan rüsumların payı isə büdcədə 3 milyon 475 min 700 manat (proqnozlaşdırılan məbləğ 4 milyon 440 min manat) təqribən 2 % olub.
2020-ci ilin dövlət büdcəsində dövlət rüsumu üzrə proqnoz 180 milyon manat nəzərdə tutulub. Bu, dövlət büdcəsi gəlirlərinin 0,7 % -i səviyyəsində olub. Dövlət rüsumları üzrə 2020-ci il üçün müəyyən edilmiş 180 milyon manat məbləğində proqnoz 149001,4 min manat səviyyəsində icra olunub. Bununlada dövlət rüsumunun büdcə gəlirlərində payı proqnozlaşdırılandan fərqli olaraq 0,6 faiz təşkil edib. Məhkəmə işləri ilə bağlı rüsumun həcmi 3 milyon 174 min 300 manat (proqnozlaşdırılan məbləğ 3 milyon 584 min manat) təqribən 2,1 faiz olub.
Komitə sədrinin region ölkələri ilə bağlı irəli sürdüyü faktlara gəlincə, qeyd edək ki, hazırda Ermənistanda məhkəmə rüsumlarından daxilolmalar 20 faiz təşkil edir. Ermənistan Ədliyyə Nazirliyindən verilən məlumata görə, xərclər məhkəmə sistemindəki dövlət rüsumlarından əldə olunan gəlirdən 4-5 dəfə çoxdur. Bu səbəbdən də hazırda İrəvanda rüsumların artırılması ilə bağlı müzakirələr aparılır.
Türkiyədə isə bu rəqəm hələ 2014-cü ildə 50 faizi ötüb. 2018-ci ildə açıqlanan hesabata görə, Türkiyədə məhkəmə rüsumlarının büdcədə payı 62 faiz təşkil edir. Və bu səviyyə ilə Türkiyə Avropada yalnız Avstriyadan geri qalır.
Qazaxıstana gəlincə, açıq mənbələrdə bu ölkənin məhkəmə rüsumlarının büdəcədəki payı ilə bağlı dəqiq rəqəm verilməyib.
Sadalanan rəqəmlər Milli Məclisin komitə sədrinin Azərbaycanda dövlət rüsumunun büdcədki payının 0.6 %, məhkəmə rüsumlarının 2 % təşkil etməsinə dair açıqlaması doğrudur. Tahir Mirkişilinin region ölkələri ilə bağlı açıqladğı rəqəmlər də reallığı əks etdirir.
Saxta.info sadalananlara əsaslanaraq bu qənaətə gəlib ki, Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin açıqlamaları doğrudur.