“Azərbaycan regionda büdcə gəlirlərində dövlət rüsumlarının payının ən az olduğu ölkədir”

466

“Azərbaycan regionda büdcə gəlirlərində dövlət rüsumlarının payının ən az olduğu ölkədir. Bu rəqəm 0.6 % təşkil edir.  Məhkəmə aparatının maliyyələşməsində yığılan rüsumların payı cəmi 2 %-dir”.  Bu açıqlama ilə  Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib.  Mirkişili  müqayisə üçün deyib ki, bu rəqəm Türkiyədə 53 %, Qazaxıstanda 45 %, Ermənistanda isə 11%- dir. 

Saxta.info  komitə sədrinin açıqlamalarının əsaslı olub-olmadığını dəqiqləşdirib.

Azərbaycanın 2019-ci il üzrə büdcəsində  dövlət rüsumu üzrə proqnoz 190 milyon manat məbləğində nəzərdə tutulub. Bu, ümumi dövlət büdcəsi gəlirlərinin 0,8 %-i, dövlət büdcəsinin digər gəlirlərinin 1,4 %-i, Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərin isə 2,4%-i səviyyəsində olub.

2019-cu il üçün müəyyən edilən 190 milyon manat  məbləğində proqnoz 191 milyon 297 min 400  manat səviyyəsində icra olunub.  Beləliklə,  dövlət rüsumunun  büdcə gəlirlərində payı olduğu kimi, 0,8 % həddində qalıb. Bu mənbədən daxil olan vəsaitin xüsusi çəkisi Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin 2,5%-ni təşkil edib.

Konkret olaraq məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına, hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatına görə alınan rüsumların payı isə büdcədə 3 milyon 475 min 700 manat  (proqnozlaşdırılan  məbləğ  4 milyon 440 min manat) təqribən  2 %  olub.   

2020-ci ilin dövlət büdcəsində dövlət rüsumu üzrə proqnoz 180 milyon manat nəzərdə tutulub.  Bu, dövlət büdcəsi gəlirlərinin  0,7 % -i səviyyəsində olub.     Dövlət rüsumları üzrə 2020-ci il üçün müəyyən edilmiş 180 milyon manat məbləğində proqnoz 149001,4 min manat səviyyəsində icra olunub.  Bununlada dövlət rüsumunun  büdcə gəlirlərində payı proqnozlaşdırılandan fərqli olaraq 0,6  faiz  təşkil   edib.   Məhkəmə  işləri ilə bağlı  rüsumun  həcmi 3 milyon  174 min 300 manat  (proqnozlaşdırılan məbləğ 3 milyon 584 min manat)  təqribən 2,1 faiz  olub.

Komitə sədrinin region ölkələri ilə bağlı irəli sürdüyü faktlara gəlincə,  qeyd edək ki,  hazırda Ermənistanda məhkəmə rüsumlarından daxilolmalar 20 faiz təşkil edir.     Ermənistan Ədliyyə Nazirliyindən verilən məlumata görə, xərclər məhkəmə sistemindəki dövlət rüsumlarından əldə olunan gəlirdən 4-5 dəfə çoxdur. Bu səbəbdən də hazırda İrəvanda rüsumların artırılması ilə bağlı  müzakirələr aparılır.

Türkiyədə isə bu rəqəm  hələ 2014-cü ildə 50 faizi ötüb.  2018-ci ildə açıqlanan hesabata görə,  Türkiyədə  məhkəmə rüsumlarının büdcədə payı  62 faiz təşkil edir. Və bu səviyyə ilə Türkiyə  Avropada  yalnız Avstriyadan geri qalır.

Qazaxıstana gəlincə,  açıq  mənbələrdə bu ölkənin məhkəmə rüsumlarının büdəcədəki payı ilə bağlı dəqiq rəqəm verilməyib.

Sadalanan rəqəmlər Milli Məclisin komitə sədrinin Azərbaycanda dövlət rüsumunun büdcədki payının  0.6 %, məhkəmə rüsumlarının 2 % təşkil etməsinə dair açıqlaması doğrudur.  Tahir Mirkişilinin  region ölkələri ilə bağlı  açıqladğı rəqəmlər də reallığı əks etdirir.

Saxta.info sadalananlara əsaslanaraq bu qənaətə gəlib ki,   Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin açıqlamaları doğrudur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər