Artıq Azərbaycan Silahlı Qüvvələr Gününü qalib ölkə kimi qeyd edir

708

Azərbaycan Xalq Cümhuriyyəti 20-ci əsrdə tariximizin ən parlaq səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər həyata keçirdi. Azərbaycanın müstəqilliyinin elan edilməsinin tarixi şərtləri, bölgədə gedən proseslər xalqın müstəqilliyinə əsl dayaq ola biləcək bir ordu qurulmasını tələb edirdi.

1918-1920-ci illərdə dövlət quruculuğunun mərkəzində məhz ordunun formalaşdırılması dayanırdı. 26 iyun 1918-ci ildə hökumətin qərarı ilə Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Beləliklə milli silahlı qüvvələrin formalaşması istiqamətində ilk addımlar atıldı, nizami hərbi hissə formalaşdırıldı.

Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə milli ordu quruculuğu prosesi dayandı. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başladı. Belə ki, 1971-ci ildə Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanda ilk dəfə olaraq hərbi kadrlar hazırlayan məktəb fəaliyyətə başladı. Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

SSRİ rəhbərliyini Azərbaycanda milli hərbi kadrların hazırlanmasında böyük rol oynayacaq bir məktəbin yaradılması narahat edirdi. O dövrdə Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəb yaradılmasının zəruri olmadığını əsaslandırmağa çalışırdılar. Lakin Heydər Əliyevin uzaqgörən siyasəti bu cəhdlərin qarşısını ala bildi.

Azərbaycanda belə bir hərbi məktəbin fəaliyyətə başlaması nəticə etibari ilə ölkəmizdə bu sahəyə olan marağın artmasına, peşəkar hərbçilərin formalaşmasına gətirib çıxartdı.  Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birini elə C.Naxçıvanski adına Hərbi Lisey təşkil etdi.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə ordunun formalaşdırılması istiqamətində çox mühüm addımlar atıldı. Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi və psixoloji hazırlığının artırılmasına xüsusi diqqət yetirildi.

Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.

Ümummilli lider Heydər Əliyev müstəqillik illərində də ölkəmizdə milli hərbi kadr bazasının genişləndirilməsi üçün çox böyük addımlar atdı. 20 yanvar 1999-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzaladı. Ölkəmizdə fəaliyyət göstərən hərbi təhsil müəssisələrinin statusununun yüksəldilməsi məqsədi ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

Ulu Öndərin rəhbərliyi altında ölkəmizdə ordumuzun müasirləşdirilməsi və digər istiqamətlərdə önəmli işlər görüldü. Bu illərdə Azərbaycanla NATO arasında sıx və səmərəli əməkdaşlıq ordu quruculuğu, silahlı qüvvələrimizin müasirləşdirilməsi və müasir standartlara uyğunlaşdırılmasında mühüm rol oynadı. Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşaraq beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovo, Əfqanıstan və İraqda zəngin təcrübə topladı.

Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyev ölkəni hərbi cəhətdən gücləndirmək və bölgədəki ən güclü silahlı qüvvələrə sahib olmaq vəzifəsini qarşıya qoydu.

Prezident İlham Əliyev ölkənin hərbi gücünü artırmaq siyasətinin bir hissəsi olaraq silahlı qüvvələrin yeni silah və hərbi texnikaya olan tələbatının həm də yerli istehsal hesabına təmin edilməsi vəzifəsini müəyyənləşdirdi. Bu məqsədlə, Prezident İlham Əliyev 2005-ci ilin dekabrında Müdafiə Sənayesi Nazirliyinin yaradılması barədə sərəncam imzaladı. Hal-hazırda Azərbaycanın müdafiə sənayesi Müdafiə Nazirliyinin bir neçə növ silah ehtiyacını tam ödəməyə qadirdir. Bu isə ölkəmizin Silahlı Qüvvələrinin təchizatının xarici mənbələrdən asılılığını aradan qaldırmağa imkan verir.

Azərbaycanın hərbi xərclərini son 17 il ərzində dəfələrlə artırdı. 2004-cü ildən etibarən Azərbaycan öz hərbi xərclərini hər il artıraraq Ermənistanın ümumi dövlət büdcəsini  keçdi.  Azərbaycan bu illərdə silahlı qüvvələrinin arsenalını  yeni döyüş təyyarələri,  hücum vertolyotları, döyüş maşınları, habelə müasir və uzaq məsafəli artilleriya sistemləri ilə gücləndirdi.

Azərbaycan ordusunun yeni silah və texnika ilə təchizatında birinci mərhələdə zirehli texnikanın, uzaqvuran artilleriya sistemlərinin, piyadaların döyüş maşınlarının və quru qoşunlarına hava dəstəyi üçün hücum vertolyotlarının alınması həyata keçirildi. İkinci mərhələdə ordunun arsenalı hədəfi yüzlərlə kilometr məsafədən dəqiq vuran raket sistemləri, daha uzaqmənzilli artilleriya qurğuları və hərbi sahədə strateji üstünlük qazandıran digər silah sistemləri ilə gücləndirildi.

Azərbaycan hava qüvvələrini gücləndirməklə yanaşı, ölkənin hava məkanının mümkün hücumlardan etibarlı qorunmasını təmin etmək üçün hərbi sahəyə ayrılan vəsaitlərin bir hissəsi yeni hava hucumundan müdafiə sistemlərini alınmasına sərf edildi. Azərbaycanın raket əleyhinə müdafiə sistemləri bu sahədə potensial rəqiblərinə nisbətən strateji üstünlük təmin etdi. Beləliklə, Azərbaycan regionda ən müasir vasitələrlə təchiz olunmuş hava hücumundan müdafiə qüvvələrinə malik oldu.

Azərbaycan Prezident İlham Əliyevin güclü ordu quruculuğu siyasətinin nəticəsi olaraq, beynəlxalq hesabatlarda da deyildiyi kimi,  Ermənistan üzərində əzici hərbi üstünlük əldə etdi.

Prezident İlham əliyevin ötən 17 il ərzidnə ordu quruculuğu sahəsində həyata keçirdiyi bütün işlər nəticə etibari ilə torpaqlarımızın işğaldan azad olunmasına hesablanmışdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində bu illər ərzində formalaşmış güclü və yenilməz ordumuzla düşməni məğlub edərək tarixi qələbə qazandı. Düşməni və onların havadarlarını reallığı qəbul etməyə məcbur etdi. Beləliklə, Müzəffər Ali Baş Komandan tarixi ədaləti bərpa etdi.

Qəhrəman zabit və əsgərlərimizin cəsarəti, canı-qanı bahasına Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etdi və bütün dünya Azərbaycanın qələbəsinə şahid oldu. Düşmən ordumuzun gücü qarşısında geri çəkilmək və təslim aktını imzalamaq məcburiyyətində qaldı.

Bu gün xalqımız 26 iyun silahlı qüvvələr günününü qalib olaraq qeyd edir. Qalib Ordunun hərbçiləri hər zaman dövlətimizin və xalqımızın diqqət mərkəzindədir. Onların xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edildi. Bu medal və ordenlərin təsis edilməsi Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən yüksək diqqətin göstəricisidir. 26 iyun Silahlı Qüvvələr günü ərəfəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olundu.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən 24 iyun tarixində 76 mindən artıq hərbçinin orden və medallarla təltif olunması, eyni zamanda iyunun 25-də isə işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşlarına əlavələri nəzərdə tutan Sərəncamın imzalanması dövlətin hərbçilərə olan diqqət və qayğısının növbəti nümunəsidir.

Tayfun Hacılı, Sumqayıt Dövlət Universiteti Tələbə gənclər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər