Azərbaycan tarixinin yeni səhifəsi – 8 Noyabr Zəfəri

774

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər xalqımızın yaddaşında əbədi qalacaq. Son əsrlərdə yaşadığımız məşəqqətlər və məhrumiyyətlər xalqımızın əzmini qıra bilməmiş, əksinə mübarizə əzmimizi daha da yüksəltmişdi. Hər bir Azərbaycan vətəndaşı nəhayət ki, 30 illik həsrətə son qoymaq və doğma Vətən torpağına qovuşmaq istəyi ilə alışıb yanırdı. Bu əzm və istək Dəmir Yumruğa çevrilərək mənfur düşmənin başına endi. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı44 günlük Vətən müharibəsinin hər günündə düşmənə uzun zaman unudulmayacaq “dərslər” verdi. Hərbi əməliyyatların davam etdiyi günlərdə qələbə təqvimimiz o qədər zəngin oldu ki, həmin günləri xatırlayanda hər birimiz bir daha sonsuz qürur hissləri yaşayırıq. 8 Noyabr Zəfəri ilə təkcə biz yox, hələ neçə-neçə nəsillərimiz fəxr edəcək.

8 Noyabr Zəfəri ilə Azərbaycan tarixinin yeni səhifəsi açılmış oldu. 27 sentyabrda başlanan əks hücum əməliyyatının ilk günlərində Füzuli, Tərtər, Cəbrayıl rayonlarının xeyli sayda kəndi və Cəbrayıl şəhəri düşməndən azad edildi. Şanlı Azərbaycan Ordusunun qələbə yürüşünün zirvəsi isə heç şübhəsiz ki, alınmaz qala olan Şuşa şəhərinin düşməndən azad olunması oldu. Şuşanın azad edilməsi düşmənin belini qırdı və onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. Təslim olmuş düşmən götürdüyü öhdəliyə uyğun olaraq 20 noyabrda Ağdamdan, 25 noyabrda Kəlbəcərdən və 1 dekabrda Laçından geri çəkildi. Bu rayonları ordumuz bir güllə atmadan və qan tökmədən azad etdi. Dövlət sərhədlərimizin bütövlüyü təmin edildi. Bütün dünya Azərbaycanın parlaq qələbəsinə və 30 illik işğaldan sonra bərpa edilən haqq-ədalətə şahidlik etdi. Azərbaycan öz gücü və qüdrəti ilə BMT-nin dörd məlum qətnaməsinin icrasını təmin etdi.

19 sentyabr 2023-cü il tarixində Azərbaycan dövləti bir gündən də az müddətdə davam edən lokal antiterror əməliyyatı keçirərək Xankəndindəki son separatçı ünsürləri də təslim olmağa məcbur etdi. Xunta rejimi özünü buraxdığını elan etdi. Artıq üçrəngli, ay-ulduzlu bayrağımız Xankəndində qürurla dalğalanır. Azərbaycan Respublikasının suverenliyi onun bütün əraziləri üzərində təmin edilmişdir. Bu olduqca əlamətdar tarixi hadisədir və Azərbaycanın növbəti Qələbəsidir. İkinci Qarabağ müharibəsi və 8 Noyabr Zəfəri ölkəmizdə milli həmrəyliyi, milli birliyi, xalq-iqtidar birliyini daha da möhkəmləndirdi, daha da gücləndirdi.

Qazandığımız bu tarixi Zəfərdə şəhidlərimizin, qazilərimizin göstərdiyi xidmətlər misilsizdir və əvəzsizdir. Xalqımızın və dövlətimizin şəhid ailələrinə və qazilərə ehtiramı sonsuzdur. Onlar hər cür qayğı ilə əhatə olunmuşlar. Hər bir şəhidimiz bizim üçün unudulmaz bir qəhrəmandır. Dövlətimiz tərəfindən də şəhid ailələrinə və qazilərə bütün lazımi köməkliklər göstərilməkdədir. Qarşımızda dayanan digər bir mühüm vəzifə də şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına azad edilmiş həmin torpaqları dirçəltmək və orada yeni həyat qurmaqdan ibarətdir. Artıq Böyük Qayıdış xalqımızın ümummilli ideyasıdır. Böyük Qayıdış strategiyası yeni infrasturukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin, ümumən regionun yeni inkişaf modelini reallaşdırmaqdan ibarətdir.

Cavid Məmiyev

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər