Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq daha da genişlənir

1033

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da, xalqımız üçün olduqca önəmli bir gündə, Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 35 media nümayəndəsinin 50-dən artıq sualını cavablandırdı.  Dörd saatdan çox davam edən mətbuat konfransında Prezident İlham Əliyev Xocalı soyqırımı, Qarabağ müharibəsi, Ermənistandakı vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı çox mühüm məqamlara toxundu, mühüm mesajlar verdi.

Mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən ölkə başçısı xüsusilə Azərbaycan-Türkiyə arasında hərbi, hərbi-texniki əməkdaşlıq sahəsində əldə edilmiş razılaşmalar, digər əməkdaşlıq məsələləri ilə bağlı önəmli açıqlamalar verdi, hərbi əməkdaşlığın prespektivləri ilə bağlı vacib məqamlara toxundu.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı tarixi köklərə malikdir.

Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq mövcud olmuşdur və bu gün də bu əməkdaşlıq yüksələn xəttlə inkişaf edir. 2018-ci ilin sentyabrın 15-də Azadlıq meydanında Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr edilmiş hərbi paradda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafından danışaraq bildirmişdir: “Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir. Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər”

Bəli Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu hər iki ölkənin rəsmiləri dəfələlə bəyan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təntənəli andiçmə mərasimindən sonra, oktyabrın 31-də “Gülüstan” sarayında çıxışı zamanı “Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əbədidir, sarsılmazdır. Bu münasibətlər gələcəkdə də inkişaf edəcək və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Türkiyə bütün sahələrdə daim Azərbaycana dayaq və arxa olmuşdur. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk olaraq ölkəmizi tanıyan məhz qardaş Türkiyə olmuşdur. Biz daim belə bir ifadəni işlədirik: Türkiyə haradadır, Azərbaycan da oradadır, Azərbaycan haradadır, Türkiyə də oradadır” fikri Türkiyənin Azərbaycanın əsas müttəfiqi olduğunu bir daha nümayiş etdirdi və iki ölkə arasında münasibətlərin gələcək illərdə daha da genişlənəcəyinə əminlik yaratdı.

Qardaş Türkiyə 44 günlük Vətən müharibəsi zamanı siyasi, mənəvi və diplomatik dəstəyi ilə hər zaman Azərbaycanın yanında oldu. Azərbaycan və Türkiyə hərbçilərinin Bakıda keçirilmiş Zəfər Paradında birgə iştirakı isə dostluğumuzun və qardaşlığımızın əbədi olmasının nümunəsi idi.

Prezidenti İlham Əliyev mətbuat konfransında Türkiyənin “Yeni Şəfəq” qəzetinin əməkdaşının suallarını cavablandırarkən bildirdi ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Ölkə rəhbəri bəyan etdi ki, hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir və Türkiyədən yeni silahların alınması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Hərbi-texniki əməkdaşlıq sahəsində Türkiyə Azərbaycanın əsas tərəfdaşıdır

Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də Azərbaycan üçün üçün əsas tərəfdaşdır. Dövlət başçısı qeyd etdi ki, müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlük təmin etmişdir.

Ölkə başçısı iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığn prespektivlərinə toxunaraq bildirdi ki, artıq yeni kontraktlar imzalanıb: “Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək”

Hərbi təlimlərin intensivliyi bundan sonra daha da artacaq

Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasındakı əməkdaşlığa diqqət çəkərək vurğuladı ki, bütün dövrlərdə Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bir yerdə olublar. Prezidenti İlham Əliyev dəfələrlə Türkiyənin hərbi nümayəndə heyətini qəbul edərkən hərbi əməkdaşlıq baxımından iki qardaş ölkənin birgə həyata keçirdiyi hərbi təlimlərin çox böyük önəmi olduğunu vurğulayıb, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası olduğunu bildirib. Ölkə rəhbəri mətbuat konfransında bu sahədə də işlərin davam etdiriləcəyini, Azərbaycan-Türkiyə ortaq hərbi təlimlərinin bundan sonra daha çox keçiriləcəyini bəyan etdi.

Mətbuat konfransında ölkə başçısının mühüm açıqlamalarından biri də məhz Azərbaycan ordusunun gələcək modeli ilə bağlı oldu. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik və bu sahədə əməli-praktiki işlərə start verilib.

Sir deyil ki, iki qardaş ölkənin birgə addımları strateji tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslanır, iki dövlət arasında müqavilə var və bunu hər kəs bilir. Prezident İlham Əliyev mətbuat konfransında bir daha vurğuladı ki, Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Qarşılıqlı hərbi yardım məsələləri sənədlərlə, müqavilələrlə təsbit edilib

44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyini xüsusi vurğulayan ölkə başçısı bildirdi ki, müharibə dövründə ilk günlərdən Prezident Rəcəb Tayyib Ərdoğan açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır: “Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri hörmətli Hulusi Akar, xarici işlər naziri hörmətli Mövlud Çavuşoğlu, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək oldu. Eyni zamanda, bütün dünyaya bir siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin”.

Dövlət başcısı birmənalı olaraq bildirdi ki, hərbi əməkdaşlıq gündən-günə möhkəmlənir və bundan sonra daha da sürətləndirəcək. Yeni silahların alınması istiqamətində işlər davam etdiriləcək.

İnanırıq ki, bundan sonra da iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi regional təhlükəsizliyə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi-siyasi mövqeyinin gücləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasına öz töhfəsini vermiş olacaq. İki ölkə arasındakı əməkdaşlığın daha da genişləndirilməsi regionda sülhün və sabitliyin qorunmasına, rifah səviyyəsinin artırılmasına xidmət etmiş olacaq.

Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər