Azərbaycan və Qazaxıstan qardaşlığının yeni mərhələsi

202

Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin – Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistan dövlət başçılarının Azərbaycana səfərləri müntəzəm xarakter alması təsadüfi deyildir. Bu, Azərbaycanın, prezidentimizin türk dövlətləri ilə münasibətlərə xüsusi əhəmiyyət verməsinin, ölkələrarası əlaqələrin inkişafında yeni əməkdaşlıq imkanlarının üzə çıxarılmasına olan istəyin göstəricisidir. Bu ölkələr içərisində Azərbaycanın minilliklərə söykənən tarixi, mədəni və dini ortaqlıqlara malik türk dövlətlərindən biri də Qazaxıstandır.  Hal-hazırda yüz minlərlə azərbaycanlı bu ölkənin müxtəlif sferalarında çalışır.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 2024-cü il 11 mart tarixində Azərbaycana rəsmi səfəri öz əhəmiyyətinə görə tarixi bir hadisəyə çevrilmişdir. Azərbaycanın strateji tərəfdaşı olan Qazaxıstan bir qardaş ölkə kimi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası işində bizə daima dəstək göstərmişdir. Məhz bu səfər çərçivəsində Böyük Vətən müharibəsində işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsü ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının əyani bir simvoluna çevrildi.Qazaxıstanın Azərbaycana bu hədiyyəsi həm də qazax xalqının bizə olan sevgisindən, azad edilmiş ərazilərimiz üçün sevincindən xəbər verir, dostluq və qardaşlığın rəmzi, düşmənlərimizə açıq siyasi mesaj, xəbərdarlıqdır.

Səfər müddətində hər iki ölkə arasında sahibkarlığın inkişafı, investisiya, kommunikasiyalar xidməti, neft alqı-satqısı, kosmosun dinc məqsədlərlə tədqiq edilməsi və istifadəsi, dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması, mədəniyyət, elm, təhsil və s. kimi sahələr üzrə mühüm sənədlər imzalanmışdır.

Azərbaycan və Qazaxıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti də xüsusi olaraq fərqlənir.İlham Əliyev 2023-cü il noyabrın 2-də Qazaxıstana səfərində Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edibdir. Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb ki, sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir.

Hər iki ölkənin böyük inkişaf potensialına malik olması, iqtisadi-ticari fəaliyyəti onları daha da yaxınlaşdırır, qarşılıqlı sıx birgə fəaliyyətə sövq edir.Trans-Xəzər nəqliyyat dəhlizi ölkələrimiz arasında çox əhəmiyyətli möhkəm bir körpüdür. Bu marşrut zəngin təbii ehtiyatlara malik Qazaxıstan və Azərbaycanı regionda çox böyük tranzit ölkələrə, həm də böyük siyasi gücə çevirəcəkdir. Azərbaycan və Qazaxıstanarasında 2023-cü ildə ticarət dövriyyəsinin 598,47 milyon dollar təşkil etməsi də iqtisadi əlaqələrə əyani sübutdur.

Qətiyyətlə demək olar ki, Azərbaycan-Qazaxıstan münasibətləri artıq ən yeni mərhələyə qədəm qoymuşdur.

Avtandil Məmmədəv, 
QAİ-nin Ziyalılar Şurasının üzvü,
Sumqayıt Dövlət Universitetinin professoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər