Azərbaycan və Türkiyə liderlərinin səyləri nəticəsində münasibətlər bu gün də inkişaf edir

542

“Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” – Prezident İlham Əliyev

Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri uzun tarixi keçmişə malikdir. Bu iki dövlət tarixlərinin ən çətin dövrlərində bir-birlərinə dəstək nümayiş etdirib. Yüksək səviyyədə əməkdaşlıq, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulan bu münasibətlər bu gün də uğurla inkişaf edir.

Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev Türkiyə ilə Azərbaycanı “bir millət, iki dövlət” kimi xarakterizə edirdi. Eyni soykökə, dilə, dinə, adət ənənəyə malik olması bu iki dövləti bir birinə daha da doğma edib. Türkiyə və Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə böyük həmrəylik içərisindədir.

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin uğurlu inkişafı hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Həm Azərbaycanın, həm də Türkiyənin siyasi liderlərinin apardığı məqsədyönlü siyasət nəticəsində iki ölkə arasında yaranmış dostluq və qardaşlıq münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlir.

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə inkişafı təkcə iki qardaş ölkəyə deyil, eyni zamanda bölgənin ümumi tərəqqisinə və sabitliyinə mühüm töhfə verir.
Müstəqilliyin ilk illərindən bəri Azərbaycanla Türkiyə arasında sürətlə inkişaf edən iqtisadi münasibətlər qarşılıqlı strateji tərəfdaşlığa və tarixi dostluğa əsaslanır. İki qardaş dövlət arasında iqtisadi əlaqələrin inkişafı və möhkəmləndirilməsi 1994- cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanılıb və sonradan strateji əhəmiyyətə malik bu kimi layihələr daha geniş vüsət aldı. Həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum boru kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri iki ölkə arasında iqtisadi münasibətlərin sürətli inkişafına təkan verdi.

İki ölkə liderlərinin böyük səyləri sayəsində iqtisadi əlaqələr bu gün də inkişaf edir. Mövcud potensialın qiymətləndirilməsi ölkələrin makroiqtisadi dayanıqlığı kimi məsələlərdə böyük sərmayə əldə edilməsinə xidmət edir. Bu gün Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər bütün əməkdaşlıq sahələrində daha yüksək mövqeyə malikdir.

Məlumdur ki, bu münasibətlərin uğurlu inkişafında hər iki ölkənin rəhbərliyi xüsusi rol oynayır.  Türkiyə və Azərbaycan liderləri arasındakı dostluq və işgüzar münasibətlər əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.

Eyni zamanda hər iki ölkənin hakim partiyası arasında siyasi əməkdaşlıq uğurla inkişaf etdirilir. Partiya rəsmilərinin son görüşü qardaş ölkələr arasında mövcud münasibətlərdə yeni bir mərhələ kimi qiymətləndirilə bilər. YAP nümayəndə heyətinin Türkiyəyə səfəri ölkələr arasındakı dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyəyə çatmasında hər iki ölkə liderinin rolu yüksək qiymətləndirildi. Səfər çərçivəsində hakim partiyalar arasında niyyət protokolunun imzalanması iki ölkə arasındakı siyası əlaqələrin daha da möhkəmləndirilməsinin bariz nümunəsidir.

Protokolda tərəflər arasında təcrübə mübadiləsi, partiya kadrlarının hazırlanması, tərəflərin üzv olduqları və ya təmsil olunduqları beynəlxalq təşkilatlarda həmrəylik və ortaq mövqe nümayiş etdirməsi, təhsil, mədəniyyət, qadın, gənclik siyasəti və digər sahələrdə əməkdaşlıq öz əksini tapıb. Azərbaycan və Türkiyə hakim partiyaları niyyət protokolu imzalamaqla bir daha dünyaya bir millət iki dövlət olduğunu göstərdi.
Beləliklə, hər iki qardaş ölkə bundan sonra da səylərini səfərbər edəcək, bir çox istiqamətlərdə güclərini birləşdirəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi – “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”.

Fəridə Qafarova, YAP Sumqayıt Gənclər birliyinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər