Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu

588

Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən VI Qurultayında partiyamızın Sədri, cənab İlham Əliyevin prezidentliyə namizədliynin irəli sürülməsi haqqında yekdilliklə qəbul olunan qərar Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi qərar idi. Çünki Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 2003-2018-ci illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsi keçmiş, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişmişdi. Bu, dövlət başçımızın regionlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Bütün bu gerçəkliklər Prezident İlham Əliyevin reytinqini əhəmiyyətli dərəcədə yüksəltmişdi.

2003-cü ildən keçən dövr Azərbaycanda sürətli inkişaf dövrü olmuş və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikrini səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmiş, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır.

Təkcə onu qeyd etmək istəyirəm ki, bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artmışdı. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunmuşdu.

Dövlətimizin apardığı daxili siyasət özünü tam doğrultmuş, Azərbaycan sabitlik adasına çevrilmişdi. Hamımızın bildiyi kimi, sabitlik hər bir inkişafın əsas şərtidir. Dayanıqlı sabitliyin təmin olunması üçün möhtərəm prezidentimiz mərkəzində xalq, sadə ölkə vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanan düzgün siyasət aparmışdır. Xalq-iqtidar birliyi Azər­baycanda sabitliyi şərtləndirən əsas amil idi və bu amil gündən-günə güclənirdi. İctimaiyyət görürdü ki, prezidentin siyasəti real, konkret nəticələrə gətirib çıxarır. Təkcə onu qeyd etmək istəyirəm ki, prezident azad sahibkarlığa yaşıl işıq yandırmış 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmış və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir.

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevrilmişdi. Ölkəmizdə ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir. Bunu Azərbaycan vətəndaşlarının yaxşı bildikləri kimi, ölkəmizə gələn çoxsaylı turistlər də yaxşı görürdülər. Həmçinin qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olmuş. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərmişdi.

Azərbaycanda vicdan azadlığı tam təmin edilmişdir. Ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır.

2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara, xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasətə səs vermiş oldu.

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt rayon təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər