Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış Zəfər paradı

777

Tarixin süzgəcində müxtəlif sınaqlardan keçərək gələn Azərbaycan XX əsrin 80-ci illərinin sonlarından 90-cı illərin əvvəlindən başlayaraq Ermənistan kimi naqis bir dövlətin tarixi torpaqlarımıza ərazi iddiası baş qaldırdı. Siyasi hadisələrin fonunda torpaqlarımız təcavüzə məruz qaldı. O, dövürkü Azərbaycan hakimiyyətinin səriştəsizliyi və hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etdi. 30 ilə yaxın sürən müharibə nəhayət ki, Müzəffər Ali Baş Komandan Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti və Azərbaycan Silahlı Qüvvələrinin gücü sayəsində 44 günlük müharibənin uğurlu nəticəsi və torpağlarımızın azad olması kimi nəticələndi.

Müharibədə qələbəmizi şərtləndirən bir başqa cəhət İnformasiya texnologiyalarının inkişafına paralel olaraq hərbi sahədə ölkənin milli infrastruktur sistemlərindən geniş istifadə edilməsi, yeni nəsil texnologiyaların istehsalına başlanması idi. Bu isə öz növbəsində ənənəvi müharibənin öz yerini yeni dövrün tələbləri ilə səsləşən ənənələrə verdi.

Ali Baş Komandan İlham Əliyevin çevik siyasi məharəti diplomatik cəbhədə də böyük uğurlar qazandırdı. Prezident İlham Əliyev 44 günlük müharibə dövründə dünyanın ən böyük media qurumlarına müsahibələr verərək, baş vermiş bu münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Azərbaycana dost ölkələr, bir sıra beynəlxalq təşkilatlar ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Bütün bu hadisələr öz növbəsində informasiyanın düzgün ötürlüməsi ilə qələbmizi şərtləndirdi. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi noyabrın 8-i Şuşanın azad olunması ilə başa çatdı.

Qürürunu yaşadığımız bu 44 günlük müharibə ərzində itkilərimiz də oldu. Vətənin dar günündə qüdrətli Vətən oğlulları bir an belə düşünmədən müharibəyə yollandı. Erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı yönəltdiyi təxribatlar nəticəsində bir çox günahsız sakin həyatlarını və əmlakını itirdi. Xalqımızın birliyi, rəşadətli oğulların qəhrəmanlığı, son nəfəsdə belə öz canlarını deyil Vətənin azadlığını düşünməsi, canları bahasına qazanılan bu qələbəni bizlərə hədiyyə etdi. Bu gün şəhid olan Vətən oğullarının ruhu qarşısında ehtiramla baş əyir, valideynlərinə və ailələrinə dərin səbr diləyirik. Dövlət başçısı da çıxışlarının birində bu birlik və bərabərlik haqqında fikirlərini səsləndirərək belə deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq” deyərərək sözə belə davam etmişdir: “Ancaq bu zəfərdən sonra bu birlik və bərabərlik bir daha yüksək səviyyəyə qalxdı”. Sonra dövlət başçısı bu birliyin işğaldan azad edilmiş torpaqları yenidən həyata qaytarağa imkanı verəcəyini əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə bu gün dövlət bayramları siyahısına daxil edildi. Dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi və hər il təntənə ilə qeyd edilməsi məqsədilə noyabrın 8-i tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi qərara alındı və hər il hərbi paradla müşaiyət olunması planlaşdırıldı.

Ardıq bu əlamətdar Zəfərimizdən bir il ötür.  Qeyd etdiyimiz kimi  noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyətə malik olan və böyük məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı deyilən Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək qeyri adi, misli görülməmiş hərbi əməliyyatlardan olmuşdur. Bu baxımdan böyük simvolik əhəmiyyət daşıyan, Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.

Nəyinki 44 günlük müharibədə, hər zaman Azərbaycanla qardaşlıq mövqeyini nümayiş etdirən Türkiyə dövləti bu paradda da layiqincə iştirak etmişdir. Qələbəmizin şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında  baş tutan Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir.

Paradı Ali Baş Komandanı, Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda eyni zamanda yerli və xarici rəsmi dəvətlilər, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Parad dövlət başçısı İlham Əliyevin parad iştirakçılarına müraciəti ilə başlamışdır.

O: “İlk növbədə, xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin” deyə parad iştirakçılarına səslənmişdir. Daha sonra sözlərinə: “Bu gün tarixi bir gündür, Azadlıq meydanında Zəfər paradı keçirilir və mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir” deyə davam etmişdir. Nitqdən sonra o əlamətdar olan bu hadisənin bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərdiyini  əlavə etmişdir.

Azərbaycanla Türkiyə dövləti arasında dostluq-qardaşlıq, siyasi-iqtisadi əməkdaşlıq həmişə gündəmdə olmuşdur. Bu ölkə rəhbərlərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi bir ismariş oldu. Paradda iştirak edən Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi bu iki dost xalqın tarixində qürürverici səhnələr kimi yaddaşa düşdü. Parad  günü ölkəmizin bütün şəhərlərində Azərbaycan və Türkiyə bayraqlarının dalğalanması da bu qardaşlığın mənəvi təzahürüdür.

Azərbaycanın 44 günlük müharibədə qələbəsini şərtləndirən vacib meyarlardan biri onun dünya standartlarına cavab verən hərbi qüdrəti oldu. Zəfər paradında silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika ,150-dək hərbi texnika, o cümlədən, raket və artilleriya qurğuları, hərbi gəmi və katerlər eləcə də, hava hücumundan müdafiə sistemləri nümayiş etdirilmişdir. Paradın ən yadda qalan hissələrindən biri müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması idi.

Rəşadətli Azərbaycan Ordusunun qanı, canı bahasına qazanılan 44 günlük bu müharibənin hər günü şanlı tarixdir. Bu gün bu paradda başı uca, sinəsi önə addımlayan azərbaycan əsgərinin nümayəndəsi olduğu Azərbaycan Ordusu hər gün irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Qarşısında yalnız bir amal var idi –  işğala son qoyulsun və tarixi ədalət öz yerini tapsın.

“Dəmir yumruq” ətrafında birləşən Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini icra etmiş və Qələbə gününü gözləyirdi. Dünya birliyinin belə susduğu haqlı savaşımızda xalqımız müharibə dövründə öz birliyini və gücünü nümayiş etdirə bildi və öz ədalətini özü yaratdı.

Bu da bir həqiqətdir ki, Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb.Çünki heç bir Azərbaycan əsgərini müharibəyə güclə yollamayıblar, əllərini səngərlərə zəncirləməyiblər. Ancaq  qarşı tərəfin əsgərlərinin belə halları bütün dünya medyasında dəfələrlə yayımlanıb.

Hətta Azərbaycanın yaralı əsgər və zabitləri hərbi hospitallarda, xəstəxanalarda xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına. Qəhrəman hərbçilərimizin sarsılmaz şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında uğur qazandı.

Rəsmi İrəvanın öz ordusu barəsində yaratdığı uydurma mifi Azərbaycan oğulları döyüş meydanında məhv etdi. Rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bunu bacardı. 30  ilə yaxın bir dövürdə yalnız  Ali Baş Komandanın bir əmrini gözləyən Silahlı Qüvvələrimiz öz gücünü, öz qüdrətini göstərdi. Bunun nəticəsi isə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atması oldu.

Müharibədə hərbi texnika və taktika nə qədər üstün olsa da müharibənin taleyini həll edən aparıcı amillərdən biri də ideoloji üstünlük, ruh yüksəkliyidir. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğradı. Buna sübüt kimi müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olduğunu demək olar.

Azərbaycan hökuməti Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaşı mükafatlandırıb. Dövlətimiz tərəfindən qələbə münasibətilə “Qarabağ”  və “Zəfər” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Bunlar : “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medallarıdır. Bu orden və medalların təsis olunması misilsiz Qələbəmizi əbədiləşdirilməyə və müharibə iştirakçılarına göstərilən ali diqqətin bariz göstəricisidir.

Bütün bunlarla bərabər cənab Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin möhtəşəm Hərbi Qənimətlər Parkının salınmasını təmin edib. Yerli və xarici ictimaiyyət  tərəfindən maraqla qarşılanan bu hadisə müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini bütün detalları ilə gözlər önünə sərib. Bu ilin yanvar ayından yaradılmasına başlanılan Park paytaxtın Xətai rayonunda yerləşir. Parkda nümayiş olunan eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə erməni tərəfdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya öz əksini tapıb. Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, zenit-raket kompleksləri, döyüş maşınları, hərbi nəqliyyat, artilleriya qurğuları, atıcı silahlar sərgilənir.

Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ordu quruculuğu Azərbaycan dövləti üçün həmişə siyasətimizin prioritet istiqaməti olub. Vətən müharibəsi  bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparmışdır. Bu da səbəbsiz deyil. Azərbaycan həmişə tərəfdaş ölkələrlə sıx əməkdaşlıq və dostluq əlaqələri saxlayıb. Silahlanma, ordu quruculuğu məsələlərində də bundan geniş istifadə edib.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaradıb. O, bildirib ki, əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik.

Bu günlərdə Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra  həyata heçirilən prioritet istiqamət azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləridir.Uğurla qazandığımız Qələbə sonrası Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olmuş ərazilərə çoxsaylı səfərləri zamanı yeni layihələrə start verilir, təməlqoyma mərasimləri həyata keçirilir. Böyük qələbənin simvolik  göstəricisinə çevrilən və Şuşaya çəkilən Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalqımızın işıqlı gələcəyi hələ qabaqdadır, doğma yurd-yuvalarına qayıtmağı gözləyən məcburi köçkünlərin həmin günü uzaqda deyil.

  Esmira Şahbazova, Sumqayıt şəhər Mərkəzi Kitabxananın əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər