Azərbaycanda Covid-19-a yoluxmuş ən yaşlı sakin sağalaraq evə buraxılıb.
“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət 1928-ci il təvəllüdlü Axundova Agabəyim Şaban qızından gedir.
Aprel ayının ilk günlərində koronavirusa yoluxmuş Lənkəranın Boladı kəndində yaşayan Ağabəyim Axundovada ilk olaraq güclü öskürmələr başlayıb. Həkimə müraciət edəndə isə onun koronavirusa yoluxduğu məlum olub.
Nəticədə o, virusa yoluxmuş şəxslərin müalicə olunduğu xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində 92 yaşlı qadın sağalaraq evə buraxılıb. Ağabəyim xanım buna görə həkimlərə təşəkkür edib:
“Arada öskürürdüm. Başa düşmürdüm ki, nədir. Həkimlər mənim nazımı çəkirdilər. Natiq adlı həkim idi, gəlib alnımdan öpürdü. Onlara mən təşəkkür edirəm. Mənə çox yaxşı baxırdılar. Hazırda heç bir şikayətim yoxdur. Yeyib-içirəm, rahat yatıram”.