Bildiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu nöqteyi-nəzərdən paytaxtımızda şəhərsalmanın inkişafında və yaşayış məntəqələrinin yerləşməsində mühüm rol oynayan coğrafi obyekt Xəzər dənizidir. Dənizin səviyyəsi mütəmadi olaraq qalxıb-enir. Buna görə də Xəzər dənizi sahilində yaşayış məntəqələrinin salınması zamanı onun səviyyə tərəddüdlərini mütləq nəzərə almaq lazımdır.
Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi professor Əmir Əliyev deyib.
Son 200 ildə Xəzər dənizində qeydə alınan səviyyə tərəddüdlərindən bəhs edən professor deyib: “Bu müddət ərzində səviyyə üç dəfə qalxıb və bir o qədər də enib. Konkret olaraq deyə bilərəm ki, 1855-1885-ci ildə səviyyə 80 santimetr qalxıb, 1886-1910-cu illərdə 100 santimetr düşüb, 1911-1929-cu illər arasında 30 santimetr artım, 1930-cu ildən 1977-ci ilə qədər 3 metrə qədər azalma müşahidə olunub. Sonrakı illərdə, yəni 1978-1995-ci illərdə Xəzərin səviyyəsi 2.5 metr qalxıb, 1996-cı ildən 2025-ci ilə qədər 2.55 santimetr düşüb. Göründüyü kimi, Xəzərin səviyyəsi daimi dəyişir. Son dörd min illik müşahidələr göstərdi ki, Xəzərin səviyyəsi hər 200-250 ildən bir qalxır. Bu, periodik olan prosesdir. Xəzərdə sonuncu ən yüksək səviyyə 1805-ci ildə müşahidə olunub. Həmin vaxtdan bu günə qədər Xəzərin səviyyəsi ümumi halda enmədədir. Təxmin edilir ki, səviyyə daha 1-1.5 metr də düşəcək. Əsrin ortalarına yaxın, yəni 2040-2050-ci il arasında həmin proses dayanacaq və yenidən qalxma prosesi baş verəcək. Son 200 ildə Xəzərin dəyişmə amplitudası təxminən 4 metrə yaxındır. Maksimum səviyyə Baltik sistemi ilə -25 metr, hazırda isə – 29 metrdən də aşağıdır. Dəyişmə amplitudası 4 metri keçib. Bu nöqteyi-nəzərdən Azərbaycan ərazisində, xüsusilə də Bakı, Sumqayıt və Xəzəryanı ərazilərdə şəhərsalma, tikinti işlərinin aparılması zamanı mütləq Xəzərin səviyyə tərəddüdlərini nəzərə almaq lazımdır”.
Professorun sözlərinə görə, Abşeron yarımadasında yerləşən bizim kənd və qəsəbələr elə məsafədə tikilib ki, Xəzərin həmin dəyişmələri onlara heç bir təsir eləmir. Buna baxmayaraq, Xəzərin səviyyəsi 1978-ci ildən 1995-ə qədər qalxanda respublikanın xüsusilə də cənub ərazisində subasma müşahidə olunub, sahil zonasının təxminən 50 min hektarı su altında qalıb. Ondan əvvəlki illərdə, yəni 1929-cu ildən 1977-ci ilə qədər Xəzərin səviyyəsi kəskin düşmüşdü – 3 metrdən çox enmə qeydə alınmışdı. Bu zaman həmin ərazilərdə çoxlu evlər tikdilər, təsərrüfat sahələri yaratdılar və qalxma nəticəsində də onlar suyun altında qaldı. O vaxtı Xəzərin suları təxminən 50 yaşayış məntəqəsini basmışdı. Bundan əlavə, çoxlu sayda dəmir yolu və, avtomobil xətləri sıradan çıxmışdı. Qısacası, səviyyənin qalxması nəticəsində təxminən 2 milyard dollar ziyan dəymişdi.
Son min ildə Xəzər dənizinin səviyyəsinin dəyişməsində iqlimdə baş verən dəyişmələrin əsas rol oynadığını qeyd edənalim həmin dəyişikliklərin Xəzər dənizinin su balansını təyin etdiyini diqqətə çatdırıb.
“Xəzər dənizinin səviyyəsinin bu cür dəyişməsi ölkəmizdə şəhərsalmada ərazi infrastrukturunun mənimsəməsində mühüm rol oynayır. Ümumiyyətlə, səviyyə tərəddüdləri müxtəlif təsərrüfat sahələrinə, xüsusilə gəmiçiliyə, balıqçılığa, kənd təsərrüfatına, neft-qaz çıxarma sənayesinə mənfi təsir edir. Bunu nəzərə alıb Xəzərdə baş verən proseslərə adaptasiya olmaq lazımdır”, – deyə Ə.Əliyev fikirlərinə yekun vurub.


Müzakirə qapadılmışdır.