Azərbaycanda uzunömürlülüyün yeni iksiri: süni orqan və toxumalar yaradılacaq - ARAŞDIRMA

1757

Dünya var olan gündən bütün cahan fatehləri, aləmi qarşısında diz çökdürən sərkərdələr daim uzun yaşam və ölməzlik iksiri axtarışında olublar. Qoca dünya isə çox vəfasızdır və min illərdir torpaqdan yaranan insanı torpağa qaytarmaq qanunundan bir dəfə də olsun kənara çıxmayıb. Nə qədər texniki və elmi nailiyyətlər olsa belə, hamımızı zaman maşınının sərnişininə çevirib…

Bununla belə, artıq Azərbaycan alimləri də erkən ölümlərin qarşısının alınması və uzunömürlülüyün sirrinin axtarışına başlayıblar.

 Yaşı 100-dən çox əhalinin sayı azalıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı azalıb. Buna baxmayaraq, uzunömürlü kişilərin sayı çoxalıb.

Belə ki, 2013-cü ildə yaşı 100-dən çox əhalinin sayı 838 nəfər olub ki, onun da 814-ü qadın, 24-ü kişi olub. 2014-cü ildə yaşı 100-dən çox olan əhalinin sayı 669 (635 qadın, 34 kişi), 2015-ci ildə 619 (547 qadın, 72 kişi), 2016-cı ildə 626 (530 qadın, 96 kişi), 2017-ci ildə 683 (535 qadın, 148 kişi) olub.

2017-ci ildə yaşı 100-dən çox olanların 50 nəfəri Bakıda, 9-u Abşeron iqtisadi rayonunda, 44-ü Gəncə-Qazax iqtisadi rayonunda, 15-i Şəki-Zaqatala iqtisadi rayonunda, 17-si Lənkəran iqtisadi rayonunda, 7-si Quba-Xaçmaz iqtisadi rayonunda, 36-sı Aran iqtisadi rayonunda, 69-u Kəlbəcər-Laçın iqtisadi rayonunda, 9-u Dağlıq Şirvan iqtisadi rayonunda, 44-ü Naxçıvan Muxtar Respublikasında yaşayanlar olub.

Ötən illər ərzində Aran iqtisadi rayonunda yaşayan 100-dən çox yaşlı əhalinin sayı nəzərə çarpan dərəcədə azalıb. 2013-cü ildə burada yaşı 100-dən çox olan əhalinin sayı 120 olduğu halda, 2015-ci ildə bu rəqəm azalaraq, 37-yə, 2017-ci ildə isə 36-ya enib.

Ölkədə ümumilikdə yaşı 100-dən çox olan insanlar daha çox Yuxarı Qarabağ iqtisadi rayonunun payına düşüb. 2013-cü ildə burada 258 nəfər yaşı 100 və daha yuxarı olan insan yaşayıb. Bu say sonrakı illərdə yalnız artıma doğru dəyişib və nəticədə 2017-ci ildə Yuxarı Qarabağ iqtisadi rayonunda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı 383-ə (311 qadın, 72 kişi) yüksəlib.

Ömrün uzadılması üçün süni orqan və toxumalar yaradılacaq

Qeyd edək ki, bir neçə il əvvəl AMEA Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzinin yaradılması haqqında AMEA Rəyasət Heyəti qərar qəbul etmişdi. Mərkəzin əsas fəaliyyət istiqamətini qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olması ilə əlaqədar insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsi təşkil edəcək.

2016-cı ildə isə həmin mərkəzin bazasında AMEA-nın Biofizika İnstitutu yaradılıb.

Adıçəkilən institutun direktoru Oqtay Kazımov Lent.az-a bildirib ki, yaxın zamanlarda institut tərəfindən insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsi istiqamətində geniş tədqiqatlara başlanılacaq.

Dünyada yeganə Uzunömürlülər Muzeyi

1986-cı ilin sta­tis­tik mə­lu­mat­la­rı­na əsa­sən, Kəlbəcər sakinləri İlyas Cəfərov 124, həyat yoldaşı Xatın Cəfərov isə 121 il yaşayıblar. Onlar düz yüz il ömür-gün yoldaşı kimi birgə həyat sürüblər.

Hətta İlyas babanın adının ən yaşlı sakin kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilməsi planlaşdırılır. Bu məqsədlə Moskvanın müvafiq qurumları ilə birgə iş də aparılır. Lakin sonradan ermənilərin Azərbaycan ərazilərinə təcavüz etməsi bu məsələnin reallaşmasına imkan vermir. Həmin yaşlı sakin isə köçkün kimi Bərdədə dünyasını dəyişir…

1991-ci ildən isə Lerikdə Uzunömürlülər Muzeyi fəaliyyət göstərir və bu, dünya üzrə yeganə muzeydir. Adıçəkilən muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqında foto guşələr və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var.

Üç əsrin şahidi 124 yaşlı Səmərqə Allahverdiyeva hazırda Azərbaycanın ən yaşlı sakinidir. Bərdə sakini olan Səmərqə nənənin 7 övladı, 30 nəvəsi, 60 nəticəsi, 9 kötücəsi var.

Qocalmanın qarşısını almaq üçün tədqiqatlar aparılır

Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontoloqlar Cəmiyyətinin prezidenti Ulduz Həşimova Lent.az-a məlumat verib ki, Azərbaycan uzunömürlülüyün populyasiya fenomeni kimi müşahidə olunan nadir ölkələrdəndir: “90 və ondan yuxarı yaşda olan uzunömürlü insanların ölkənin ayrı-ayrı ərazilərində kompakt şəkildə yaşaması müasir beynəlxalq praktikaya əsaslanan herontoloji tədqiqatların aparılmasına geniş imkanlar yaradır. Bu proses bütün səviyyələrdə öyrənilir, tədqiq edilir. Elmi proqramlar əsasında apardığımız tədqiqatlara görə, Azərbaycanda ümumiyyətlə qocalmanın fiziologiyasından daha çox, uzunömürlülük fenomeni var. Bu, Azərbaycan üçün səciyyəvi xüsusiyyətdir. Qrup şəklində, populyasiya şəklində təmsil olunmuş fenomen. Uzunömürlülüyə səbəb olan amillər ən müxtəlif aspektlərdən öyrənilir. Həmin fenomenin demoqrafik və tibbi-bioloji aspektlərinin araşdırılması da aparılır”.

U. Həşimova deyir ki, tədqiqatlar daha çox uzunömürlülüyün müəyyən yerlərdə niyə çox olmasının səbəblərini araşdırır: “Həmin insanların müəyyən yerlərdə sayının çox olmasını biz nə ilə izah edə bilərik? Burada bir çox faktorlar öz rolunu oynayır. Həm genetik, həm ekoloji faktorlar, həyat tərzi, qidalanma rejimi və sair. Bizim proqramın əsas məqsədi bu faktorların rolunu aydınlaşdırmaq və bu mexanizmləri tədqiq etməkdən ibarətdir. Bu gün bizdə biotik elmində ən geniş, populyar istiqamətlərdən biri antieycdir, bu erkən qocalmanın qarşısını almağa yönəldilmiş bir ixtiradır. Biotik elminin bu istiqaməti yaşlanmaya qarşı olan prosesləri öyrənir. Əsas məqsəd genetik pasportlar əsasında hər hansı bir xəstəliyin əmələ gəlməsi səbəbinin müəyyənləşdirilməsi və ona qarşı tədbirlərin hazırlanmasıdır. Bunlar yeni istiqamətdir, düşünürəm ki, onların perspektivi çox böyükdür və yaxın gələcəkdə də nailiyyətlər əldə olunacaq”.

Azərbaycan əhalisi getdikcə qocalır

Alim deyir ki, insan ömrünün uzunluğunu genetik və irsi faktorlar müəyyən edir: “Mühit faktorlarına həyat tərzi, qidalanma rejimi, hansı mühitdə yaşaması və sair aiddir. Genetik amillərin qarşısına keçmək mümkün deyil. Mütəxəssislər düşünür ki, insanın uzunömürlülüyünü müəyyən edən faktorların yalnız 25 faizi irsi faktorların üzərinə düşür. Digər 75 faizi mühit faktorudur. Ona görə də mühit faktorundan asılı olan məsələlərə düzgün istiqamət verməklə ömrü uzatmaq mümkündür. Bura aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq, zərərli vərdişlərdən imtina etmək və sair daxildir. İnsan bütün bunlara riayət etsə, təbiətin ona verdiyi maksimal yaşa çox yaxınlaşa bilər. Çünki insan homosapiens, bioloji növdür. Mütəxəssislərin fikrincə, təbiətin insana verdiyi müddət hüdudu təxminən 115-120 ildir. Əgər genetikaya müdaxilə edilməsə, insan ömrü bir bioloji növ kimi 120 yaşadək mövcud ola bilər”.

Azərbaycanda əhali arasında 65 yaşdan yuxarı insanların xüsusi çəkisinin artdığını deyən U. Haşımova qeyd edir ki, bu, bütün dünyada belədir: “Yaşlanma, xüsusilə də inkişaf etmiş ölkələr üçün, səciyyəvi fenomendir. Bütün dünyada bu proses baş verir və mütəxəssislərin fikrincə, dünya əhalisi getdikcə qocalır. O cümlədən bu proses Azərbaycanda da baş verir. Get-gedə cəmiyyətin, əhalinin demoqrafik strukturunda bu kateqoriyanın xüsusi çəkisi artır”.

65 yaş həddi dəyişdirilə bilər…

İnstitut direktorunun sözlərinə görə, gələcəkdə Azərbaycanda 65 yaş həddi ilə bağlı müəyyən dəyişikliklər olacaq: “Herontoloqların təklifləri var ki, işləmək üçün son yaş həddinin 65 götürülməsi qaydası dəyişdirilsin. Bu şəxslərin arasında elə kontingent var ki, fiziki, psixoloji sağlamlığı demək olar 45-50 yaşındakı insanlara yaxınlaşır. İşləmək həvəsindədirlər və bu bacarıq da onlarda var. Cəmiyyətin bütün sferalarında onlardan istifadə etmək lazımdır. Bir çox aparıcı dövlətlər tərəfindən yaşlı kateqoriyanın əmək fəaliyyətinə cəlb olunması üzrə proqramlar hazırlanır. Düşünürəm ki, hazırkı yaş kateqoriyası ilə əlaqədar gələcəkdə müəyyən dəyişikliklər olacaq”.

Hər kim 100 il yaşamasa…

Apardığımız araşdırmanın da nəticəsindən bəlli oldu ki, uzunömürlü olmaq, həm də insanın öz əlindədir. Həyat şirindir və bu dünyada müvəqqəti olduğumuzu bilsək belə, bir az daha çox qalmaq, bir az daha çox yaşamaq üçün zamanın gözündən müvəqqəti də olsa yayınmağa çalışırıq. Buna isə yalnız sağlam həyat, sağlam qidalanma və təbii ki sağlam düşüncə tərzi ilə nail ola bilərik… Məşhur şerdə deyildiyi kimi, “Hər kim yüz il yaşamasa, günah onun özündədir…”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər