Balakən rayon sakini 10 yaşlı Turan Mahatovun ölümündən sonra F.Qarayev adına 2 saylı uşaq klinik xəstəxanasında da azyaşlı ölümü qeydə alınıb.
Virtualaz.org-a daxil olan məlumatda 5 yaşlı Firuzə Məmmədovanın xəstəxanada öldüyü bildirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildiriblər ki, 2014-cü il təvəllüdlü, Məmmədova Firuzə Ceyhun qızı yanvarın 13-də gecə saatlarında preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) xəstəxanaya gətirilib. Ona plevropnevmoniya, İkincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diqnozu qoyulub. Xəstəyə reanimasiyada intensiv terapiya aparılıb, ağciyərlər süni ventilyasiya aparatına qoşulub. Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, 13:35-də xəstə ölüb.
Qeyd edək ki, 10 yaşlı Turan Mahatov isə Balakəndən Bakıya gətirilərkən yolda vəfat edib. Belə ki, yanvarın 11-də, saat 10:24-də 2010-cu il təvəllüdlü, Mahatov Turan Tural oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Bir gün sonra gecə saatlarında ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
* * *13:58
Yeni ilin ilk günlərindən Gürcüstanda donuz qripi kimi tanınan A (H1N1) virusuna yoluxma halları qeydə alınıb, məlumatlarda iki nəfərin bu virusdan öldüyü bildirilir. Ermənistanda isə yanvarın 11-dək qrip virusu diaqnozu ilə 668 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb.
Azərbaycan Turizm Bürosu isə ölkədəki turizm şirkətlərinə Çinin Uxan şəhərində koronavirusun yeni növünün müşahidə edilməsi ilə əlaqədar xəbərdarlıq edib. Xəbərdarlıqda Uxan şəhərinə səfər edən azərbaycanlı turistlərin diqqətli olması barədə təlimat verilib. İndiyədək bu virusa 41 nəfər yoluxub, iki nəfər ölüb.
Azərbaycanda isə H1N1 virusunun yayılması ilə bağlı müxtəlif məlumatlar verilir. Sosial şəbəkələrdə yüksək hərarət, baş ağrısı, halsızlıqla müşahidə edilən virusun yayıldığı haqda çoxsaylı xəbərlərə rast gəlinir. Lakin Səhiyyə Nazirliyi yeni ildə Azərbaycanda “donuz qripi”nə yoluxma hallarının qeydə alınmadığını açıqlayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.
Yanvarın 15-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 2 nəfərin ölməsi xəbərləri də ölkədə “donuz qripi” virusunun olduğuna dair ehtimalları çoxaldıb. Belə ki, Lerik rayon sakini 41 yaşlı Azad Qafarov, Binəqədi rayon sakini 35 yaşlı Rəşad Qəniyev ötən gün müalicə aldıqları Ağ Ciyər Xəstəlikləri İnstitutunda ölüb.
İnstitutun direktoru Həqiqət Qədirova isə virtualaz.org-a bildirib ki, hər iki şəxs ağır vəziyyətdə olub, amma onların “donuz qripi”nə yoluxmaları ilə bağlı yazılanlar doğru deyil: “Vəfat edən xəstələrin vəziyyəti ağır olub, göstərilən tibbi yardımlara baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb”,-direktor deyib.
Qədirova əlavə edib ki, ötən il H1N1 virusu ilə müalicə alanlar olub. Lakin bu il ərzində “donuz qripi” şübhəsi ilə müraciət daxil olmayıb: “Xəstəxananın nəzdində xüsusi palatalar var, virusa yoluxmada şübhəli bilinən xəstələr xüsusi palatalarda yerləşdirilir. Mövsümü qrip virusuna yoluxmalar var, amma H1N1 virusu qeydə alınmayıb”.
Xatırladaq ki, ötən ilin fevralında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi ölkəmizdə 16 nəfərdə A(H1N1) virusun qeydə alındığını açıqlamışdı. Həmin şəxslər vaxtında müalicə olunduğundan ölüm baş verməyib.
ÜST-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fənarə Bünyadzadə virtualaz.org-a bildirib ki, yaxın günlərdə təşkilatın Azərbaycanda qrip virusu ilə bağlı vəziyyətə dair açıqlaması olacaq: “Hələlik dəqiqləşdirmələr aparılır, nəticələr hazır olandan sonra məlumat ictimaiyyətə açıqlanacaq”.
Bünyadzadə ilkin nəticələr haqda məlumat verməkdən imtina edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə sorğumuza yaxın saatlarda cavab verəcəklərini deyiblər.
Ü.Xudiyeva
Virtualaz.org