Azərbaycanın dayanıqlı inkişafını təmin edən lider

655

 

Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsindən 19il ötür. İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm illər kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləmdirib.

2003-cü il oktyabrın 1-də Prezident Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyevin 19 illik fəaliyyəti dövründə qarşıda duran məqsədlər yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir.

Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Belə ki, 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istifadəyə verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib.Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.

Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb.2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

2003-2018-ci illərdə Azərbaycan sürətlə inkişaf edən ölkələr siyahısına düşdü. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 1,4 dəfə çoxaldı. Azərbaycan valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırıldı. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyul­du. Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı yerdə qərarlaşdı. Formun “inkluziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında üçüncü yerə yüksəldi. Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu.
Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki,sonra isə daha bir telekommunikasiya peyki – “Azerspace-2” orbitəçıxarılıb.
Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün aparılan islahatlar çərçivəsində innovativ addım ataraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə dövlət orqanlarında şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Bu gün artıq Azərbaycanın “ASAN xidmət” təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilir və tətbiq edilir.
Dünyada böyük multikultural dəyərlərə malik ölkə kimi tanınan Azərbaycanda ötən 19 il ərzində milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması istiqamətində mühüm işlər görülüb. Həmin müddətdə ölkədə 220-dən çox məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub. Sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoqa və əməkdaşlığa mühüm töhfə verən “Bakı Prosesi”nin təşəbbüskarı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər və layihələr həyata keçirilib. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu təsdiqləyir.

Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula1”yarışlarına uğurla ev sahibliyi edib.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə  məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir.  Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoymuşdur

Dövlətimizin başçısı İlham Əliyevin 19 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.

Bahadur Babayev, Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin tarix müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər