Azərbaycanın enerji siyasətində yeni mərhələ başlayıb

630

4 fevral 2022-ci il tarixində prezident İlham Əliyevin iştirakı ilə “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib.

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd hissədən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu, ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

Məşvərət Şurasının iclasında ötən ildə görülmüş işlərin hesabatı verilib və gələcək addımlar müəyyən edilib. Vurğulanıb ki, Məşvərət Şurasının fəaliyyəti nəticəsində müəyyən nailiyyətlər əldə olunub. Ölkə başçısı Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasından şad olduğunu vurğulayıb və layihədə iştirak edən bütün tərəflərə səmimi minnətdarlığını bildirib.

Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdi ki, Cənub Qaz Dəhlizi çox az nəhəng beynəlхalq layihələrdən biridir ki, ona bütün dünyanın aparıcı maliyyə institutları töhfəsini verib. O, iştirakçılatı gələcəyə inamla baxmağa çağırıb, Cənub Qaz Dəhlizi tamamladıqdan sonra Azərbaycanın dünya beynəlxalq bazarlarına, o cümlədən Avropa bazarlarına qaz ixracının artırdığını söyləyib.

Dövlətimizin başçısı iclasda ötən illə müqayisədə daha çox ölkə və şirkətin iştirak etdiyini, yeni iştirakçı ölkələrin olduğunu, bu minvalla yeni bazarlarda da Azərbaycan qazına ehtiyacın yarandığını və nəticə etibarı ilə daha çox qaz mənbəyinə ehtiyac olduğunu bildirib.

Ölkə başçısı qeyd etdi ki, Azərbaycan yeni bazarlar üçün qaz ixracına hazırdır: “Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb”.

Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlar göstərir ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu rəqəmlər getdikcə artır. Ölkə başçısı iclasda bildirdi ki, Azərbaycan hasilatı daha da artırmağı planlaşdırır. Bu il keçən illə müqayisədə daha çox qaz ixrac olunacaq. Qaz bazarında qeyri-sabit vəziyyəti nəzərə alsaq, potensial böyükdür.

Dövlətimizin başçısı qeyd etdi ki, yeni nəticələrin necə əldə olunması üçün biz gələcəyimizi koordinasiya və xoşməramlı şəkildə birlikdə planlaşdırmalıyıq: “Bizi 4 ölkə, 4 qonşumuzla birləşdirən şaxələndirilmiş qaz nəqli şəbəkəsinə malik olmaqla, əsas ixrac marşrutu – Cənub Qaz Dəhlizi tamamlanandan sonra, düşünürəm ki, bizim planlarımız həyata keçiriləcək. Lakin əlbəttə ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik.”

Prezident həmçinin qeyd edib ki, Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir və ölkədaxili tələbat artıb. Ölkə başçısı həmçinin vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərimizin qazlaşdırılması üçün əlavə həcmdə qaza ehtiyacımız olacaq.

Azərbaycanın dünyanın xam neft, neft-kimya, təbii qaz, neft məhsulları, elektrik enerjisi ixrac edən az saylı ölkələrdən olduğunu qeyd edən prezident, Azərbaycanın elektrik enerjisi potensialının Davos dünya iqtisadi forumunun qiymətləndirməsinə əsasən əlçatanlıq reytinqinə görə 2-ci yerdə olmasını iştirakçıların diqqətinə çatdırıb.

Prezident İlham Əliyev tərəfdaşlara 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərimizin Yaşıl Enerji proqramının artıq hazır olduğunu, Azərbaycan Energetika Nazirliyinin aparıcı beynəlxalq şirkətlərlə birlikdə Qarabağ və Şərqi Zəngəzurda Yaşıl Enerji Zonası üçün konseptual proqnozun hazırlaması haqqında da məlumat verib.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadiyyatımız, beynəlxalq əməkdaşlıqlar, işğaldan azad olunmuş bölgələrimizin tezliklə çiçəklənməsi və s. mövzularda inamlı və iradəli çıxış nitqi beynəlxalq tərəfdaşların alqışına, Azərbaycan xalqının isə bir daha qürurlanmasına səbəb oldu.

Gülşən Ömərova, YAP Sumqayıt şəhər təşkilatının fəalı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər