Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünyada nüfuzunu və rolunu artırır

631

Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Beynəlxalq platformalarda uğurla təmsil olunan dövlətimiz dünyada baş verən proseslərə öz münasibətini bildirir, sülh, əməkdaşlıq, təhlükəsizlik naminə fəal təşəbbüslər göstərir. Belə mühüm beynəlxalq platformalardan biri də Qoşulmama Hərəkatıdır. Hazırda bu təşkilata sədrlik edən Azərbaycan öz siyasəti ilə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolunu xeyli gücləndirib. Eyni zamanda, Azərbaycanda təşkilatın bir sıra toplantıları keçirilib. Bu baxımdan iyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclasının keçirilməsi və burada aparılan müzakirələrin böyük əhəmiyyəti var.

Tədbirdə yalnız üzv dövlətlərin nazirləri deyil, həm də üzv dövlətlərin hökumət təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri, dünyanın müxtəlif regionlarından olan çoxsaylı QHT rəhbərləri, politoloqlar və jurnalistlər iştirak ediblər. Azərbaycan Prezidenti 2019-cu ildən etibarən mütəmadi olaraq hər il keçirilən toplantılarda dünya xalqlarını narahat edən siyasi, iqtisadi və hərbi məsələlərlə bağlı qlobal təşəbbüslər irəli sürür və bu təşəbbüslər üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənir. Azərbaycanın təşkilata sədrliyinin birinci ilində pandemiya ilə qlobal mübarizədə liderliyi üzərinə götürən Azərbaycan Prezidenti pandemiya illərində beynəlxalq səyləri səfərbər edə bildi.  BMT Baş Assambleyasının COVID–19 pandemiyasına qarşı mübarizənin təşkili ilə bağlı xüsusi iclasının keçirilməsi, “peyvənd millətçiliyinə” qarşı çıxmaqla onların bölüşdürülməsində iqtisadi cəhətdən zəif ölkələrin maraqlarının qorunması kimi məsələlərin beynəlxalq gündəliyə çıxarılması və bu proseslərdə baş verən ayrı-seçkiliyin aradan qaldırılması məhz Azərbaycanın cəsarətli tələbi və güzəştsiz mövqeyi sayəsində öz həllini tapdı.

Dövlətimiz pandemiya ilə mübarizə çərçivəsində üzv ölkələrə maliyyə və texniki yardım göstərib. Azərbaycan son 4 ildə təşkilata sədrlik edən ölkə kimi beynəlxalq səviyyədə üzv dövlətlərin maraqlarını qətiyyətlə müdafiə edib. Prezident İlham Əliyev də qurum daxilində struktur islahatlarının aparılmasının vacibliyini bəyan etdi və Qoşulmama Hərəkatının Parlament Assambleyasının və Gənclər Forumunun yaradılmasına nail oldu.

Prezident İlham Əliyev təşkilatın ən uzunmüddətli sədri kimi Bakıda keçirilən və bütün dünyanın diqqət mərkəzində olan “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli”  mövzusunda nazirlərin görüşü zamanı yenə də dünyaya önəmli çağırışlar etdi.

Geosiyasi ziddiyyətlərin və qlobal münaqişələrin pik həddə çatdığı bir vaxtda bloklara qoşulmamaq mövqeyinin artan əhəmiyyətini görməmək mümkün deyil. Bakıda müzakirə edilən mövzunun adından da göründüyü kimi, Qoşulmama Hərəkatı Azərbaycandan dünya ictimaiyyətinə mesajı göndərdi ki, təhlükəsiz dünya nizamını bərpa etmək üçün iştirakçı subyektlərdən birlik və qətiyyət tələb olunur.

Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə də mesaj göndərdi ki, əsrlər boyu formalaşmış ümumbəşəri dəyərlərin qorunması və insanların təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi üçün dünya nizamı siyasi ambisiya və maraqlarla deyil, nizam-intizamla idarə olunmalıdır.

Dövlətimizin başçısı ilk dəfə olaraq mötəbər beynəlxalq tribunadan dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəbləri açıq şəkildə ortaya qoydu və bu ayrı-seçkiliyi islamofobiya, yeni imperializm və neokolonizm kimi  üç qrupda təsnifatlandırdı. Bu ilin martında keçirilən sammitdə Prezident İlham Əliyev dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatının bu mövzuya xüsusi diqqət yetirməli olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Fransanı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatına daxil olan ölkələrə qarşı törətdiyi soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Dövlətimizin başçısı haqlı olaraq ötən həftə Fransa polisi tərəfindən 17 yaşlı əlcəzairli gəncin qətlə yetirilməsini çoxəsrlik soydaşlarına rəftar siyasətinin davamı kimi qiymətləndirdi. Dövlət başçısı Ermənistanın uzun illərdir yürütdüyü işğalçılıq siyasətini, onun acı nəticələrini, Azərbaycanın düşmən üzərində parlaq qələbəsini və yaranmış yeni reallıqları tədbir iştirakçılarının diqqətinə çatdıraraq, əsl həqiqətin nədən ibarət olduğunu bəyan etdi.

Prezident İlham Əliyev məntiqli arqumentləri ilə bir daha sübut etdi ki, Azərbaycan sülh tərəfdarıdır, münasibətlərin normallaşmasına çalışır. Amma Ermənistanın ziddiyyətli davranışları hələ ki, bu prosesə mane olur. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılıb talan edilib, bütün mədəni və dini abidələr, məscidlər təhqir edilib, talan edilib. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib. Prezident İlham Əliyev çıxışında bu kimi reallıqlara diqqət çəkib, həmçinin minaların Ermənistanın işğalının digər mənfi nəticəsi olduğunu vurğulayıb. Hazırda Azərbaycan dünyada minalarla ən çox çirklənən ilk on ölkə sırasındadır.

020-ci ilin noyabrında Vətən Müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində 300-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Minalar keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması və bərpası prosesini ləngidir.Azərbaycan Prezidenti belə bir əminliyi ifadə etdi ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini dəstəkləyəcək.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı aktual qlobal problemlərin həllində öz rolunu və potensialını bir daha nümayiş etdirir. Göründüyü kimi Azərbaycanın Qoşulmama Hərəkatına böyük məsuliyyətlə sədrlik etməsi, onun tədbirlərinin ən yüksək səviyyədə keçirilməsi, qlobal xarakterli aktual məsələlərin gündəmə gətirilməsi və uğurlu nəticələrin əldə edilməsi ölkəmizin dünyada nüfuzunu və rolunu artırır, beynəlxalq mövqelərini möhkəmləndirir.

 Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər