Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artır

348

Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası həm üzv dövlətlərin, həm də tədbirdə qonaq qismində iştirak edən Azərbaycanın iqtisadi imkanlarının təqdimatı baxımından mühüm əhəmiyyət daşıyırdı. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan təşkilata üzv olmasa da, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı son 30 ildə uğurla inkişaf edib. İkitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olmasını ölkəmizin bu illər ərzində əldə etdiyi sosial-iqtisadi göstəricilər də təsdiqləyir.

Prezident İlham Əliyev iclasdakı çıxışında Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına, bu istiqamətdə həyata keçirilən layihələrin uğurla reallaşdırılmasına bir daha diqqət çəkib.

Prezident İlham Əliyevin  çıxışından bəzi sitatlara diqqət yetirək:

Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq

Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir.

Təxminən dörd ildir Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır.

Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur

Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulunun üç dəfədən çox artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir.

Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəşişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir.

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır

Bakı-Tbilisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük.

Azərbaycan regionda ən iri hava yük donanmasına malikdir

Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək.

Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdi.

Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək

On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.

Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bunun xüsusilə vacib olduğunu deyən dövlətimizin başçısı bildirib ki, artıq bir neçə ildir Bakıda bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir.

Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirmək fikrindəyik

Azərbaycanda işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir. Demoqrafik artım, – son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb, – yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir.

Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb

Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib.

Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcminin daha 38 faiz artdığını söyləyən dövlətimizin başçısı deyib: “Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük.

Azərbaycan iqtisadiyyatının böyük hissəsi qeyri-xammal sektorunda formalaşır

Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur.

Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik.

Prezident İlham Əliyevin Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlərin sammitinə qonaq qismində dəvət olunması və görüş zamanı ona xüsusi ehtiramın göstərilməsi təsadüfi deyil. Bu həm də dövlətimizin başçısının yüksək nüfuzunun göstəricisidir. Azərbaycan AİB-in üzvü olmasa da, Birliyə daxil olan ölkələrin əksəriyyəti ilə ikitərəfli iqtisadi əlaqələrə malikdir. Bu əlaqələr hər iki tərəf üçün faydalıdır. Azərbaycan iqtisadi və siyasi baxımdan müstəqil ölkədir və Ermənistandan fərqli olaraq heç bir asılılığı yoxdur. Buna görə də Azərbaycan müstəqil xarici siyasət yeritməyə qadirdir.  

 Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər