«Azərikimya» İstehsalat Birliyinin «Kimyalayihə» İnstitutunda Sumqayıtın kimya müəssisələrinin çirkləndirilmiş ərazilərinin təmizlənmə konsepsiyasının hazırlanması planına uyğun olaraq görülmüş işlərə baxış keçirilməsi və çirkləndirilmiş ərazilər haqqında məlumat bazasının yaradılması məqsədilə Almaniyanın GİCON firmasının nümayəndələri ilə növbəti müzakirələr aparılmışdır.
Müzakirələrdə GİCON şirkətinin mütəxəssisləri Bernd Schreiber və Jana Ziemer, Sumqayıt şəhəri üzrə ekspert Hartmut Junge və layihə bürosunun rəhbəri Səkinə Məhərrəmova iştirak etmişlər.
Ötən ilin sentyabrında «Azərikimya» İB-də «Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi» mövzusunda 3 günlük konfrans keçirilmiş, Birlik və Almaniyanın GİCON şirkəti arasında PPP (İctimai Özəl Əməkdaşlıq) layihəsi çərçivəsində 2 illik saziş imzalamışlar.
1994-cü ildən fəaliyyət göstərən Almaniya şirkəti dünyanın bir çox ölkələrində resursların işlədilməsi, enerji sərfi və xammalın hasilatında davamlılıq, ətraf mühitlə qayğıkeş münasibət yaradılması, həyat səviyyəsinin yaxşılaşdırılması, həmçinin texnogen risklərin azaldılması istiqamətində müştərilərinə qüsursuz xidmət göstərir.
Alman mütəxəssisləri bir həftə ərzində «Azərikimya» İB-nin müəssisələrində olmuş, Etilen-polietilen zavodunun rəhbərliyi və ekologiya üzrə mütəxəssisləri ilə birgə müəssisə ərazisində ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar bütün istehsalat sahələrində müşahidə-tədqiqat işləri aparmış və iki istiqamət üzrə – çirklənmiş ərazilər və zərərli sənaye tullantıları haqqında məlumat toplamışlar.
GİCON-un nümayəndələri ilkin olaraq Etilen-polietilen zavodunda fəaliyyəti dayandırılmış butadien istehsalatının ərazisi üzrə müvafiq məlumat toplusunu hazırlayaraq Birliyə təqdim etmişlər. Bu işin davamı olaraq alman mütəxəssisləri müqavilə müddəti ərzində toplanmış bütün ilkin məlumatlar əsasında çirklənmiş ərazilərin kadastrını hazırlayacaq və görüləcək tədbirlər planını tərtib edəcəklər. Sonrakı mərhələlərdə işləri «Azərikimya» İB-nin mütəxəssisləri davam etdirəcəklər.