ARDNŞ-in bütün struktur sahələrində olduğu kimi, «Azərikimya» İstehsalat Birliyində də hər bir əməkçinin həyat və sağlamlığının qorunması, arzuolunmaz, bədbəxt hadisələrə yol verilməməsi, onların qarşısının qabaqcadan alınması məqsədilə risklərin idarə olunmasına diqqət son zamanlarda xeyli artırılmışdır. Bunun nəticəsi olaraq Birliyin Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarında, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika idarələrində, həmçinin Anbar təsərrüfatında risklərlə bağlı vaxtaşırı monitorinqlərin keçirilməsi və müvafiq tədbirlərin görülməsi artıq öz səmərəsini verməkdədir. Daha çox təhlükə doğurma ehtimalları olan sahələr – qurğuların pilləkən meydançaları, aşınma və korrroziyaya meylli konstruksiyalar, xüsusilə də elektrik avadanlıqlarının yerləşdiyi sahələr, bina və örtüklər təmir olunaraq, təhlükəsiz vəziyyətə gətirilmişlər.
Bugünlərdə Birliyin akt zalında risklərin idarə olunmasına həsr edilmiş treninq də öz maarifləndirici xarakteri ilə kimya müəssisələrində emal, ekologiya, nəqliyyat və s. sahələr üzrə mümkün risklərin, baş verə biləcək neqativ halların, xoşagəlməz hadisələrin qarşısının qabaqlayıcı tədbirlərlə operativ və daha səmərəli şəkildə alınması məqsədi daşıyırdı.
«Azərikimya» İB-nin müəssisə və idarələrinin aparıcı mütəxəssislərinin, həmçinin istehsalat sahələrində risklərin idarə olunması üzrə yeni təyin olunmuş məsul işçilərin iştirak etdiyi tədbirdə Birliyin Risklərin idarə olunması şöbəsi tərəfindən ayrı-ayrı istehsalat sahələrində aparılmış monitorinqin nəticələri, aşkar edilmiş bəzi risk halları ekranda iri planda əks etdirilən slaydlar vasitəsilə nümayiş etdirilmiş, hər bir risk faktı təhlil olunmuş, onların təhlükəyə çevrilməməsi üçün istehsalat rəhbərlərinin diqqəti müvafiq tədbirlər görməyə cəlb edilmişdir.
Kimya müəssisə və istehsalatları üçün mühüm əhəmiyyət kəsb edən bu tədbir zamanı əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin edilməsində risklərin idarə olunmasının rolu, bu sahəyə diqqətin artırılmasının müstəsna vacibliyi bir daha diqqətə çatdırılmışdır.
Rrisklərin idarə olunması üzrə bu cür maarifləndirici treninqlərin faydalı olduğu nəzərə alınaraq, gələcəkdə fövqəladə hallar, yanğından mühafizə, sağlamlıq və əməyin təhlükəsizliyi, istehsalat və peşə riskləri, onlardan mühafizə qaydaları, hündürlükdə və elektrik vasitələri ilə işin təhlükəsizliyi və s. mövzularda xüsusi maarifləndirici treninq və seminarların vaxtaşırı keçirilməsi nəzərdə tutulmuşdur.