Etilen-polietilen
zavodunda yüksək məhsuldarlıqlı yeni qablaşdırma xətti quraşdırılmışdır
ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin müəssisə və istehsalatlarında yenidənqurma və müasirləşdirmə prosesi uğurla davam etdirilməkdədir. Etilen-polietilen zavodunun «EP-300» istehsalatında və texniki izopropil sexindəaparılmış əsaslı təmir və yenidənqurma işləri, müasir avadanlıq və qovşaqların tətbiqi ilə başlanılmış texniki yeniləşmə tədbirləri bu gün müəssisənin daha bir istehsalatında – «Polimir-120» kompleksində də həyata keçirilməkdədir.
İstehsalatın konveksiya sexində 23 ildir ki istifadədə olan qablaşdırma maşınları artıq müasir standartlara uyğun olmadığından ölkədaxili və xarici bazara çıxarılan hazır məhsulun qablaşdırılması prosesində müəyyən problemlər və ləngimələr müşahidə olunurdu. Məhz bu səbəbdən texnoloji xəttdə müasir qablaşdırma maşınının quraşdırılmasına xüsusi ehtiyac duyulurdu.
«Azərikimya» İstehsalat Birliyi müasir və daha məhsuldar, istismar baxımından daha əlverişli olan yeni qablaşdırma maşınının əldə olunması üçün hələ ilin əvvəlindən başlayaraq tender elan etmiş və həmin avadanlığın istehsalı üzrə ixtisaslaşmış bir neçə xarici şirkət və firmalarla əlaqə yaradaraq, danışıqlaraparmışdır. Marketinq seçimi olaraq Türkiyə və Almaniya şirkətlərinin istehsalı olan qablaşdırma qurğusuna üstünlük verilmişdir. Artıq bir-neçə gün əvvəl alman və türk mütəxəssislərinin bilavasitə iştirakı ilə yeni, özünün bütün texniki parametrlərinə görə müasir standartlara tamamilə cavab verən qablaşdırma maşınının hazır məhsulun nəql olunduğu konveyerin üzərində quraşdırılması başa çatmışdır. Uzun illərdir ki istismarda olan, bu səbəbdən də məhsuldarlığı azalaraq, saatda 10 tondan 7 tona düşmüş köhnə qablaşdırma qurğularından fərqli olaraq yeni maşının istehsal gücü 4 dəfədən də çox – saatda 30 tona yaxındır. Bu da son məhsulun fasiləsiz olaraq və daha keyfiyyətlə qablaşdırılmasına, alıcılara vaxtında çatdırılmasına tam təminat yaradacaqdır. Maşının müasir avtomatika-elektronika, nəzarət-ölçü cihazları ilə təmin olunması, xüsusilə də əməliyyatların əsas etibarilə kompüter proqramları vasitəsi ilə idarə edilməsi onun üstün cəhətlərindəndir. O da xüsusilə əhəmiyyətlidir ki, yeni qablaşdırıcı maşının enerji sərfi əvvəlki 3 maşının ümumi enerji sərfindən də azdır ki, bu da il ərzində istehsalatda xeyli elektrik enerjisinə qənaət etməyə imkan verəcəkdir.
Xüsusilə əhəmiyyətlidir ki, yeni qablaşdırıcı maşın həm təhlükəsizlik, həm də ekoloji baxımdan əlverişlidir. Qurğuda effektiv tozsorucu sistemin olması qablaşdırma prosesi zamanı və ümumiyyətlə ətrafa yayılan istehsalat tozlarının udulmasını təmin edəcək, onun ətraf mühitə yayılmasının, işçilərin sağlamlığına təsirinin qarşısını alacaqdır. Onu da qeyd etmək lazımdır ki, məhsuldarlığı aşağı olan mövcud qablaşdırma qurğularından fərqli olaraq yeni qurğuya 4 nəfər deyil, 2 nəfər operator xidmət edəcəkdir. Avadanlıq kompüter proqramları ilə idarə olunduğundan ona xidmət etmək üçün bilavasitə «Azərikimya»da alman və türk mütəxəssislərinin iştirakı ilə qısamüddətli treninq keçirilmişdir ki, bu da fasiləsiz iş növbələri üzrə 9 nəfər operatorun hazırlanmasını təmin etmişdir.
Yeni qablaşdırıcı maşın quraşdırıldıqdan sonra bugünlərdə onun test sınağı uğurla başa çatmışdır.