qtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları Sumqayıt, Abşeron və Xızıdan olan sahibkarlarla görüşüblər.
AZƏRTAC xəbər verir ki, Sumqayıtda təşkil olunan görüşdə rayon və şəhər icra hakimiyyətlərinin rəhbərlikləri də iştirak edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, iqtisadi təhlükəsizlik, yaxşı infrastruktur və ictimai-siyasi sabitlik sahibkarlığın inkişafı üçün fundamental zəmindir. Vergi və gömrük, həmçinin investisiya və ixrac təşviqi sahəsində aparılan islahatlardan danışan Vüsal Qasımlı qeyd edib ki, bir neçə ay əvvəl yaradılan və Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulan Azexport.az portalı bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarların ixracyönümlü məhsullarının xarici tərəfdaşlara çatdırılmasının asanlaşdırılması və ölkəmizin ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atır.
Daha sonra tədbirdə Azexport.az portalının rəhbəri Zaur Qardaşov çıxış edib. O, sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yollarını izah edib, portal barədə ətraflı məlumat verib.
Görüşdə iştirak edən 70-ə yaxın sahibkarın ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə sualları cavablandırılıb.
Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsilə müxtəlif ölkələrdən 5 milyon dollara yaxın məhsul sifarişi daxil olub.
Müzakirə qapadılmışdır.