Aztəminatlı ailələrə ŞAD XƏBƏR – Ünvanlı yardım almaq sadələşdirildi

322

Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur.

Bu məqsədlə Nazirlik tərəfindən yeni layihə hazırlanıb. Layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq.

Müraciət zamanı əmək haqları, pensiya və müavinətlər, Prezidentin təqaüdləri ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənilməyəcək.

I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da vətəndaşlar tərəfindən daxil edilməsinə ehtiyac qalmayacaq.

Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar vətəndaşlardan istənilməyəcək.

Eləcə də ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri və s. kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq.

Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək. Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq.

Qeyd edək ki, son vaxtlar ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi nəticəsində proqramın əhatə etdiyi ailələrin sayı artıb.

Təkcə son bir ayda ünvanlı yardımı alan ailələrin sayı 12 min (50 min ailə üzvü) artaraq 1 may tarixinə 82 mini (342 min ailə üzvü) ötüb. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 224 manatdır.

Ünvanlı sosial yardım üçün müraciət zamanı bu məlumatlar tələb edilməyəcək - Gallery Image

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər