Bakıda “məhəbbət üçbucağı”: Evli qadın Hacını evinə gətirib ərinə hiylə qurur….

1192

Bakıda “məhəbbət üçbucağı” zəminində baş vermiş növbəti cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı müttəhimlər kürsüsündə 49 yaşlı İntiqam Abbasov dayanmışdı. Ona qarşı qəsdən adam öldürməyə cəhd və xuliqanlıq ittihamı irəli sürülüb.

…Hadisə ötən il avqustun 20-də Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Araz” restoranın qarşısında baş verib. Həyat yoldaşının Hacı Cavadovla yaxın münasibətdə olub-olmadığını dəqiqləşdirmək istəyən İ.Abbasov həmin ünvana yollanıb. H.Cavadov ona deyib ki, belə münasibət olub, amma Lətifə Abbasovanın (ad və soyad dəyişdirilib-red.) evli olduğunu öyrəndikdən sonra ondan ayrılıb.

Ailə şərəfinin ləkələnməsindən hiddətlənən İ.Abbasov Hacını öldürmək qərarına gəlib və bıçaqla H.Cavadova zərbə endirib. Hacının hadisə yerində olan tanışları – Şərafəddin Kərimov və Azər İbrahimov ona yardım etmək istədikdə İntiqam əlindəki bıçaqla onların üstünə sarı gedib. Yaralının çoxlu qan itirdiyini görən Şərafəddin Hacıdan əl çəkməsini tələb edib. İntiqam isə bu dəfə bıçaqla Şərafəddinə zərbələr endirib.

Törətdiyi cinayət əməlinə görə Nizami rayon məhkəməsi tərəfindən İ.Abbasovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“Arvadımın şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyirdi”

Təqsirləndirilən şəxs qismində dindirilən İntiqam Abbasov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində Hacının onun həyat yoldaşına zəng vuraraq narahat etdiyini deyib: “Arvadım dedi ki, marketdə “Million” ödəmə terminalı ilə öz nömrəsimə pul yükləyəndə Hacı terminalın ekranından nömrəsini görüb, ona zəng vurub. Hacıya zəng vurub, Lətifənin əri olduğumu dedim, görüşmək istədiyimi söylədim. Görüşməkdən imtina etdi və bir daha zəng vurmayacağını bildirdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə inansaq, bu söhbətdən dörd ay keçdikdən sonra H.Cavadov onların ev telefonuna yenidən zəng vuraraq arvadının şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib və 1000 manat pul tələb edib. Nəticədə o, Hacıya bir daha görüşməyi təklif edib. Hacı isə İ.Abbasovun nömrəsini bloka atıb. Bu dəfə İntiqam onun işlədiyi marketin yerini öyrənib, oraya yollanıb. Amma ona Hacının daha burada işləmədiyini bildiriblər. İntiqam Hacını axtarmağa başlasa da tapa bilməyib. Yaşadığı ünvanı öyrənib, lakin həmin ünvana getməyib.

Hacı zəng vurur, Keşlədəki “Araz” restoranına çağırır…

Ötən il avqustun 20-də isə Hacı ona zəng vuraraq Keşlə qəsəbəsindəki “Araz” restoranında olduğunu deyib. İntiqam arvadını da özüylə götürərək birbaş həmin ünvana yollanıb: “Lətifə maşında oturdu. Özüm düşüb restorana sarı getdim. Hacıya zəng vurub dedim ki, burdayam. Bu vaxt dörd nəfər mənə yaxınlaşdı, içkili idilər. Hacıya dedim ki, gəl otur maşına, məsələni özümüz həll edək. Kənara çəkilib təklikdə söhbət edərkən Hacı Lətifə haqda yalan söylədi. Mübahisə etdik, bir-birimizi itələdik. Lətifə maşından düşüb yanımıza gəldi. Hacının yalan söylədiyini, yalnız zəng etdiyini dedi. Hacı ilə yanındakı şəxslər üstümə hücum çəkib döydülər. Məni bıçaqla vurmaq istəyərkən özümü müdafiə etdim, Hacı ayağıyla vurub məni yerə yıxdı. Özü də yıxılıb üstümə düşdü. Lətifə qışqırıb köməyə adam çağırdı. Məni döyüb təpikləməyə başladılar. Yerdə olanda Hacının bədənindən qan axdığını gördüm. Tanımadığım adamlar məni yerdən qaldırdılar. Hacıgil qaçıb getdilər”.

İ.Abbasov deyir ki, gecə saatlarında zəng vurub onu polis bölməsinə çağırıblar. Bölmədə olarkən Hacının xəstəxanaya yerləşdirildiyini öyrənib.

Xəyanətkar arvadın hiyləgər oyunu

Zərərçəkmiş qismində dindirilən Hacı Cavadov ifadəsində Lətifə Abbasova ilə 2017-ci ilin yazında internetdəki nərd oyunu zamanı tanış olduğunu, vaxtaşırı “vatsap”la yazışdıqlarını deyib. Lətifə ona iki uşağı olduğunu, xəstəxanada işlədiyini, ərindən ayrıldığını söyləyib. Hətta bir dəfə real həyatda da görüşüb söhbətləşiblər. Görüşdən sonra Lətifəni evlərinə ötürüb. Bundan sonra görüşləri intensivləşib.

Növbəti görüş qadının yaşadığı mənzildə baş tutub. Lətifə Hacıya övladlarının məktəbə getdiyini, evdə tək olduğunu deyib, onu evinə çağırıb. Sonuncu dəfə Lətifənin evinə qədəm qoyan Hacının diqqətini dəhlizdəki kişi ayaqqabısı çəkib. Qadın ona ayaqqabıların oğluna məxsus olduğunu deyib. Hacı isə böyük oğlunun olmasını ondan gizlətdiyinə görə Lətifəyə iradını bildirib. Vəziyyətin ürəkaçan olmadığını görən Hacı Lətifə ilə münasibətə son qoymaq qərarına gəlib. Buna görə də onunla soyuq davranmağa başlayıb, zənglərinə gec cavab verib. Sonradansa qadınla əlaqəni tamamilə kəsib.

Evli qadınla məcara quran şəxsin dediklərindən: “ Lətifə tez-tez zəng vurur, ondan ayrılmağımın səbəbini soruşur, hədə-qorxu tonunda danışır, evimə gələcəyi ilə məni hədələyirdi. Birdəfəlik əlaqəni kəsdim, nömrəsini “blok”a atdım. Bir müddət sonra mesaj yazdı ki, münasibətimizdən ərim xəbər tutub, mənimlə dalaşıb, hazırda anamgildəyəm, ərim nəsə soruşacağı təqdirdə ikimizin də sözümüz eyni olsun, sənə xəbər edəcəyəm”.

“Başımı kəsəcəyi ilə hədələyir, arvadına ləkə yaxdığımı deyirdi”

Zərərçəkmişin ifadəsinə görə, 2017-ci ilin noyabrında Lətifənin əri ona zəng vurub, arvadı ilə aralarındakı münasibət haqda soruşub. O da öz növbəsində Lətifə ilə əvvəlcədən razılaşdıqları kimi guya sonuncunun nömrəsini terminaldan götürdüyünü və bir neçə dəfə zəng etdiyini deyib, cəmi bircə dəfə gördüyünü, aralarında heç nə olmadığını bildirib.

2018-ci ilin avqustunda İntiqam Hacıya zəng vurub nə üçün arvadına ləkə yaxdığını soruşub, ünvanına söyüş söyüb, görüşmək istədiyini deyib.

Hacının ifadəsindən sitat: “Nə baş verdiyini anlamadım. Görüşməkdən imtina elədim, zənglərinə cavab vermədim. İntiqam isə “vatsap”dan söyüş yazır, başımı kəsəcəyi ilə hədələyir, evimə gələcəyini deyirdi. Odur ki, İntiqamın nömrəsini qara siyahıya atdım. Hadisə baş verən gün dostlarıma Lətifə və İntiqamla bağlı aramdakı problemləri danışdım, mənə hədə-qorxu gəldiklərini dedim. Dostlarım İntiqamı çağırıb süfrə arxasında bu söhbəti həll etməyimi təklif etdilər”.

Qadının intim şəkillərini, yazışmalarını ərinə göstərib, dava başlayıb…

H.Cavadov deyir ki, İntiqama zəng vurub görüşə çağırıb, onu süfrəyə dəvət edib. Restoranın həyətində İntiqam ondan arvadı ilə aralarındakı münasibətlə bağlı sorğu-sual edib. Daha sonrasa arvadına şər atdığını, adına söz çıxartdığını deyib.

“Lətifənin mənə göndərdiyi şəkilləri, yazışmaları İntiqama göstərdim. İntiqam gedib evdən arvadını gətirəcəyini, bizi üzləşdirəcəyini dedi. İntiqam çıxıb getdi və bir neçə dəqiqədən sonra Lətifə ilə qaylıtdı. Lətifə maşından düşüb ərinin yanında məni göstərib “həmin alçaqdır” deyib üzərimə gəldi. İntiqam onu kənara itələyib məni yumruqla vurdu, başım divara dəydi. Özümü toparlayıb İntiqamın üstünə getmək istəyəndə bıçaqla qarnıma zərbə vurdu. Şərafəddinlə Azər İntiqamın əlində bıçaq olduğunu görüb qaçdılar. İntiqam da onların arxasınca qaçırdı. Həmin vaxt bıçaqla Şərafəddini də vurdu. Səs-küyə ətrafdakı şəxslər gəldilər. Dava zamanı bir nəfərin də – Akif Məmmədxanovun da xəsarət aldığını eşitdim…”,-Hacı ifadəsində deyib.

Məhkəmə prosesi davam edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər