Bakıda 16 yaşı tamam olmamış qızla cinsi əlaqəyə girdiyinə görə barəsində cinayət işi açılan və Nəsimi rayon Məhkəməsinin qərarı ilə məhkum edilən şəxslə bağlı Ali Məhkəməyə müraciət edilib.
Publika.az xəbər verir ki, Əhmədov Nəriman Asif oğlu barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə açılan iş üzrə Nəsimi rayon Məhkəməsinin qərarından narazı olan zərərçəkən tərəf əvvəlcə apelyasiya məhkəməsinə, bu dəfə isə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə işə Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bir müddət əvvəl təcavüzə məruz qalan qızın atası mətbuata hadisə barəsində məlumat verib. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, “Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur. O, işlədiyi “Ambassador” otelin otağında ilkin olaraq 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızla cinsi əlaqəyə girib.
İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Maraqlı məqam isə ondan ibarətdir ki, hadisə üzə çıxandan sonra 26 yaşlı şəxs telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib.
Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət edib. Prokurorluq isə öz növbəsində məsələni aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinə yönəldib.
Nəriman Əhmədovla bağlı Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək isə təqsirləndirilən şəxslə bağlı ev dustaqlığı qərarı çıxarıb.
Lakin yetkinlik yaşına çatmayan qızın valideynləri qərardan narazı qalıb. Onlar ekspertizanın düzgün rəy vermədiyini bildiriblər. Belə ki, valideynlər tərəfindən zərərçəkmiş şəxs həkim yoxlanışından keçirilən zaman onun bakirəliyinin pozulduğu üzə çıxıb. Bundan başqa, Nəriman Əhmədovda olan infeksion xəstəliklər də qıza keçib.