Bəhruz Vaqifoğlu: “Anam Zəngilandakı evimizin açarını indiyədək saxlayıb”

1176

20 oktyabr 2020-ci il Zəngilan şəhərinin tarixinə qızıl hərflərlə yazıldı. 1993-cü il 29 oktyabr tarixində Ermənistan tərəfindən işğal olunan şəhər, düz 27 il sonra  Azərbaycanın rəşadətli ordusu tərəfindən azad olundu. Bu, o deməkdir ki, artıq Zəngilandan olanlar məcburi köçkün deyillər.

Zəngilandan olan Əməkdar artist, Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğlu bununla bağlı öz təəssüratlarını Musavat.com-a bildirib.

O, qeyd edib ki, insanı ayaqda saxlayan ümiddir: “İstəsək də, istəməsək də, səmimi olsaq da, olmasaq da alt şüurumuzda həmişə inam yerləşir. Düşünürəm ki, insanı bəzən dözülməzlərə dözməyə vadar edən də inamdır və bu gün artıq həmin inam öz nəticəsini verdi.
İnanırdım ki, nə vaxtsa doğma yurd-yuvamıza, evimizə geri dönəcəyik… Zəngilandan çıxanda mənim 11 yaşım var idi, 5-ci sinifdə oxuyurdum. Məktəbimiz də 1 nömrəli Tam orta məktəb idi. Zəngilanda tam orta məktəb şəhərin elə özündə yerləşirdi. Məktəbin direktoru da mənim böyük əmim idi.

13700231_1244467362259950_1115122918810648095_n.jpg (82 KB)

Zəngilandan çıxanda özümüzlə heç nə götürməmişdik. Anamın çox gözəl ifadəsi var, həmişə deyərdi ki, övladlarımı dimdiyimdə gətirmişəm. Yəni, anam bizdən başqa heç nə gətirməmişdi. Anam biz uşaqları qanadları altına alıb, Araz çayını keçirib, bizi oradan xilas edib, gətirmişdi.
Yalnız bu yaxınlarda bildim ki, Zəngilandakı evimizin açarını anam indiyə qədər saxlayıb. Çəkilişlər zamanı bir də gördüm ki, anam hər tərəfi paslanmış bir qıfılın o tərəf-bu tərəfini silə-silə gətirdi ki, bax, bu evimizin açarıdır”.

Əməkdar artist Zəngilana gedib, evlərini görmək istədiyini dilə gətirdi:

“Təbii ki, ilk olaraq evimizə getmək, oranı görmək istəyirəm. Evdən ayrılarkən uşaq idim və ən çox evimiz və evimizin ətrafı, bulaqlar, meşələr yadımda qalıb.

Amma ata-anam məndən fərqli olaraq, ilk olaraq valideynlərinin qəbrini ziyarət etmək istəyirlər. Onlar üçün ən vacibi budur. Təbii ki, nənəm, babam, əmim, xalam və digər qohumlarım Zəngilandan çıxanda kimisinin 35-40, kimisinin 50 yaşı var idi. Təəssüf ki, onların çoxu bu zəfər günlərini görmədi.  Düşünürəm ki, onların qəbirlərinin üstündən torpaq götürüb, doğma yurdumuza səpim. Qoy ruhları şad olsun. Yəqin ki, bu şad xəbərdən onların ruhu artıq şaddır, bu zəfər günlərindən xəbərsiz deyillər”.

Əməkdar artist hazırda ölkəmizdə milli birlik yaşandığını vurğuladı:

“Bu hadisələr bir daha onu göstərdi ki, biz yenə birik, həmrəyik, güclüyük, qanımızda axan türk qanı bizi coşdurur, necə ki, hər zaman bu cür olmuşuq. Məlum olduğu kimi Azərbaycan bir çox məsələlərdə həm Şərqdə, həm Qafqazda ilklərə imza atıb. Hansı ki, 1918-ci ildə ilk olaraq cümhuriyyət qurmuşduq, 90-cı illərdə Qafqazda  öz azadlığını tələb edən, ayağa qalxan, yenidən müstəqillik qazanan ilk ölkə Azərbaycan idi. Bu gün yenə biz öz gücümüzü, həmrəy olduğumuzu göstərdik.

44778800_355788961655304_5740458644210712576_o.jpg (302 KB)

Doğrudur, qazandığımız zəfərlər itkisiz başa gəlmir. şəhidlərimiz var və bu, bizi çox ağrıdır. İndi həm çox sevinirik, həm də itkilərimizə görə kədərlənirik. Bütün dünya şahidi oldu ki, Ermənistan humanitar atəşkəsə əməl etməyib, mülki insanları raket atəşinə tutdu, körpə uşaqlarımız dağıntılar altında qaldı. Hər halda biləcəyik ki, artıq bu hadisələr sona çatdı, bundan sonra daha bədxah qonşumuzun gülləsinə tuş gəlməyəcəyik, boş yerə övladlarımız şəhid olmayacaq.

Heç də gizlin deyil ki, illərlə narazılıqlar olurdu ki, niyə ayağa qalxmırıq, niyə torpaqlarımız alınmır. İndiki zəfərlərimiz illərin siyasəti idi. Bunun üçün hazırlıq prosesləri aparılmalı, ordu tam hazır vəziyyətə gətirilməli, müasir silahlar alınmalı, yəni hər şey öz yerini tutmalı idi. Məhz bu siyasətin nəticəsində düşmənin 3-4 il ərzində işğal etdiyi torpaqları 20 gün ərzində geri aldıq.  Bu, çox qürurvericidir.

Əsgərlərimizin də döyüş ruhu, əzmi çox yüksəkdir. Bəzən deyirlər ki, əsgərlərimizi ruhlandırmaq üçün onlara gözəl  sözlər deyirik. Amma əsgərlərimizin videolarına, çıxışlarına baxanda deyərdim ki, ön cəbhə arxa cəbhəni daha çox ruhlandırır.

Biz ordumuza inanırıq, güvənirik. Əsgərlərimizdə vətən ruhu, eşqi çox güclüdür. Onlar öz canlarından keçməyə hazırdırlar. Bu, çox möhtəşəm hisslərdir. Allah missiyamızı sona çatdırmaqda bizə kömək olsun!”.

 Xalidə Gəray
Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər