Birləşmiş Millətlər Təşkilatının qaçqınlarla iş üzrə idarəsinin yaydığı hesabata görə, son 10 il ərzində inkişaf etmiş ölkələrdə sığınacaq axtaran insanların sayı əsaslı surətdə azalıb. Bu tendensiya Azərbaycanda da müşahidə edilməkdədir, belə ki, azərbaycanlılar arasında ölkədən kənarda sığınacaq tapmaq məqsədilə sənəd verən vətəndaşların sayında azalma sezilir. Qeyd edək ki, 2009-2010-cu illərdə onların sayında əsrin əvvəlinə nisbətdə 20% azalma müşahidə edilib.
Bu kimi sənəd verən vətəndaşların əksəriyyəti 44 qərb ölkəsinə getmək arzusundadır (Avropa Birliyi ölkələri, ABŞ, Kanada və digər ölkələr). Ölkəni tərk edən vətəndaşların rəsmi sayı 2009-cu ildə 2495, 2010-cu ildə isə 1987 nəfər təşkil edib. Nəzərinizə çatdıraq ki, əksər azərbaycanlılar Avropa Birliyi (Aİ) ölkələrində yaşamaq istəyindədirlər, 2009-cu ildə 2338, 2010-cu ildə 1841 nəfər Aİ-yə üz tutub.
Ümumilikdə 2010-cu ildə 358 min nəfər ölkəni tərk etmək məqsədi ilə sənəd verən vətəndaşımız olub. Bu göstərici 2009-cu ilə nisbətdə 5% aşağı olub. Eyni zamanda qeyd edək ki, 2001-ci ildə ölkədən getmək istəyənlərin sayı özünün pik həddinə çatmışdı. Belə ki, həmin ildə xaricdə sığınacaq axtaranların sayı 620 min nəfəri ötmüşdü. Arzulanan ölkələr arasında İtaliya, İsveçrə, Malta, Almaniya, Yunanıstan və Danimarka kimi ölkələr ən çox üztutulanlardan idi.
Sığınacaq axtaran vətəndaşların mənsub olduqları ölkələr üzrə statistikası təxminən belədir: Serbiya – 8%, Əfqanıstan – 7%, Çin və İraq – ayrılıqda 6%, Rusiya 5%, İran – 4%.
Müqayisə üçün bədnam qonşularımızla bağlı BMT-nin haqqında bəhs etdiyimiz hesabatındakı bəzi nüansları diqqətinizə çatdıraq. Belə ki, 2009-cu ildə Ermənistandan kənarda 6253, 2010-cu ildə 5005 nəfər sığınacaq tapıb. Aİ ölkələrində sığınacaq əldə edən Ermənistan vətəndaşların sayı 2009-cu ildə 5884, 2010-cu ildə 4682 nəfər təşkil edib. Bu göstəriciləri ölkəmizin göstəriciləri ilə müqayisə edərkən məlum olur ki, bədnam qonşu ölkədən getmək istəyənlərin sayı 2,5 dəfə çoxdur.
Mütəxəssislər bir məqam üzərində daha çox dayanırlar: Zəif inkişaf etmiş ölkələrdə miqrasiya səviyyəsini aşağı salan, digər tərəfdən miqrasiya vəziyyətini stabilləşdirən amillər hansılardır?
Avrasiya vətəndaş təşəbbüsü platformasının rəhbəri, miqrasiya məsələləri üzrə mütəxəssis Azər Allahverənovun fikrincə, dünya üzrə öz ölkəsini tərk etmək istəyən insanların sayı həqiqətən də azalır. Buna səbəb kimi o, böhran nəticəsində yaranmış mürəkkəb vəziyyətin yaranmasını qeyd edir: “Qeyd edək ki, bu gün emiqrantlar əsasən üçüncü ölkənin vətəndaşlarıdır və onlar əsasən aparıcı ölkələrə üz tutur. Lakin inkişaf etmiş ölkələrdə artıq durum heç də əvvəlki tək ürəkaçan deyil. Bundan əlavə miqrant bumu yaşanan ölkələr də inkişaf yoluna qədəm qoyub və özlərinin milli iqtisadiyyatının tərəqqisinə səy göstərir”. Ekspertin sözlərinə görə, bu kimi dövlətlərdə artıq iş dalınca ölkədən getməyə zərurət azalmaqdadır.
A.Allahverənov digər səbəb kimi, inkişaf etmiş ölkələrdəki miqrasiya qanunlarının sərtləşdirilməsini də göstərir. “Avropa ölkələrinin bir çoxunda əvvəllər güzəştli miqrasiya qanunları mövcud idi. Baxmayaraq ki, bu ölkələrdə yetərincə firavan dolanmaq imkanları təmin edilməsə də, ölkəyə daxil olmaq və vətəndaşlıq almaq maneəsiz mümkün idi. Sonradan bu qanunlar sərtləşdirildi, ilk belə addımı atan Almaniya oldu. Avropa Birliyi ölkələri miqrasiya qanunvericiliyini vahid baza halına saldıqdan sonra, ölkəyə girişlərə məhdudiyyətlər qoyuldu və miqrasiya siyasəti dəyişdirildi”. Lakin bu gün hələ də Kanada və Avstraliya kimi ölkələr var ki, onların sərhədləri emiqrantlar üçün açıqdır.
Digər bir məqam da ondan ibarətdir ki, emiqrant qəbul edən ölkələr artıq kimi gəldi qəbul etmək yox, konkret bir sahə üzrə gərəkli olan əcnəbilərə üstünlük verirlər. Bundan əlavə vətəndaşlıq almaq istəyən qonaqlar qarşısında müəyyən tələblər də qoyulur. Məsələn, Rusiya ərazisində yaşamaq istəyən və daimi vətəndaşlıq almaq arzusunda olanlardan dövlət dilini bilmək, konkret ixtisaslar üzrə təcrübənin olması kimi meyarlar tələb etməyə başlayıb.
Digər tərəfdən son dövrlərdə bir çox ölkələrdə baş verən siyasi proseslər – inqilablar, iğtişaşlar, mitinqlər, çevrilişlər bu ölkələri əvvəlki tək təhlükəsiz hesab etməyə imkan vermir. Təbii ki, emiqrantların ilk növbədə önəm verdiyi amillərdən biri də məhz təhlükəsizlikdir.
Bir sözlə, sonda onu qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi inkişafı bir çox sosial məsələləri həll etməyə zəmin yaradır. Bunlardan biri də emiqrasiya ilə bağlı olan problemlərdir. Ekspertlərin fikrincə, əgər yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, Azərbaycan özü kütləvi miqrant qəbul edən ölkəyə çevrilcək.
Bu arada əməkdaşlarımız bizim gənclərin seçimlərini öyrənməyə çalışıblar. Müxbirlərimiz onlara “siz yaşamaq üçün hansı ölkəni və hansı üstünlüyünə görə seçərdiniz?” sualı ilə müraciət ediblər. Respondetlərimizin fikirləri rəngarəng olub:
Ceyhun Hüseynzadə ( “Sağlam Düşüncə” gənclər təşkilatının üzvü, 20 yaş):
– Əlimdə böyük güc olsaydı, Azərbaycanda qalıb dəyişikliklər edərdim. Belə də Kanadada daha ideal və istədiyim gücə sahib olduqdan sonra yenə Azərbaycana dönərdim, bura doğmadır – Vətəndir.
Ülviyyə Zeynalova (Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 18 yaş):
– Mənə son zamanlar İngiltərə daha cəlbedici gəlir. Çünki orada güclü qayda-qanun mövcuddur. Gözəl təhsil, yüksək həyat səviyyəsi, təmizlik, bir sözlə, yaşam həyat tərzi üçün hər bir şey var. Dövlətin də insanlara dəstək və qayğısına söz ola bilməz.
Zəfər Qoçəliyev (İşsiz, 25 yaş):
– Mən yaşamaq üçün Türkiyəni seçərdim. Demokratiya və insana dəyər verdikləri üçün. Mənim fikrimcə oradakı həyat daha maraqlıdır.
Nərgiz Sabitli (SDU-nun tələbəsi, 20 yaş):
– Mən yaşamaq üçün elə öz Vətənimi seçərdim. Çünki buradakı şərait və gözəl həyat tərzi məni tam qane edir. Həm də axı bura doğma Vətəndir. Burda doğulub, boya-başa çatmışam.
Amma gəzmək üçün Fransa və İspaniyada olmaq istərdim. İnşallah, gələcəkdə çalışacam bu iki dövlətdə olub, oranı qarış-qarış gəzim.
Sənan Şərifzadə (ATV-nin idman icmalçısı, 27 yaş):
– Uşaqlıqdan İtaliyanı çox sevirəm. Bu ölkə həmişə məni öz tarixi və mədəniyyəti ilə cəlb edib. Eyni zamanda İtaliyanın futbolda da əldə etdiyi uğurlara biganə olmamışam. Orada yaşamaq məncə, maraqlı olardı. Hərçənd, indi Azərbaycandan kənarda qala bilmirəm. Adi səfərlər zamanı 4 gündən çox qalanda artıq darıxıram.
Səbinə İsmayılova (Azərbaycan Müəllimlər İnstitutunun tələbəsi, 19 yaş):
– Mən yaşamaq üçün Məkkə şəhərini seçərdim. Çünki oradan Kəbəyə daha yaxın olardım. Oranı ziyarət etmək ən böyük arzumdur.
Şəbnəm Elçinqızı (Sumqayıt Musiqi Kollecinin tələbəsi, 16 yaş):
– Yaşamaq üçün yəqin ki, adrenalin dolu ölkə seçərdim. Amma əlimdə imkan olsa bir ölkədə daimi yaşamazdım. Hər ölkədə 1-2 il qalmaqla ömrümün sonuna kimi gəzərdim. Belə daha maraqlı olardı. Həm maraqlı yerləri görərdim, həm də yeni dostlar qazanardım.
Aydan Sultan (ADPU-nin tələbəsi, 20 yaş):
– Mən yaşamaq üçün Rusiya Fedarasiyasını seçərdim. Səbəb kimi oranın gözəl olmasını, mədəniyyətini, insanların düşüncə tərzi və dünyagörüşlərini göstərərdim. Hətta musiqiləri belə adamı valeh edir. Orada hərə özü üçün yaşayır və hər şeyi də normal qarşılayır. Amma bizim millət çox şeyi pis qəbul edir.
Şəmsi Bayramzadə (ADIU-nin müəllimi, İB Training Alliance-təlimçi, 23 yaş):
– Xarici ölkə kimi Almaniyanı seçərdim. 2 dünya muharibəsinin yaradıcısıdır. Bu enerjini necə əldə etdiklərini öyrənmək üçün, müharibə yaratmaq üçün yox, Azərbaycanı gücləndirmək naminə.
Elvin Süleymanov (Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya institutu, Mühəndis-geoloq, 22 yaş):
– Mən hal-hazırda Azərbaycanda yaşayıram və ömrümün sonuna kimi də burada yaşayacağam. Səbəbi də odur ki, Vətənim mənim üçün dünyanın hər yerindən əziz və gözəldir.
Emin İsrafilov (ADIU-nin tələbəsi, 24 yaş):
– Mənim fikrimcə, Brazilyada yaşamaq daha yaxşı olardı. Çünki orada azadlıq anlamı daha geniş şəkildə yayılmışdır. İnsanlar arasında millət, dini, irsi və s. ayrı seçkiliklər demək olar yox dərəcəsindədir. Maddi deyil, mənəvi yaşama daha çox üstünlük verməliyik.
Hacıbəy Heydərli (AzXeber.com xəbər portalının redaktoru, 20 yaş):
– Düşünürəm ki, hər bir insan ilk növbədə öz doğma vətənində – ölkəsində yaşamaq istəyər. Xarici ölkələrə gəlincə isə, məncə ən ideal variant Almaniya və ya İngiltərə ola bilər. Bu ölkələrdə təhsil almaq, yaşamaq, istirahətə getmək effektli sayıla bilər. Amma qardaş Türkiyəni də yaddan çıxartmaq olmaz, çünki ora da yaşamaq üçün əla yerdi. Səbəbinə gəlincə deyə bilərəm ki, Avropa xalqalarının nümayəndələri çox mülayim, gülərüz insanlardır. Türklərlə isə oxşar cəhətlərimiz çoxdur. Orada özümü evdəki kimi hiss edərdim. Amma bir daha deyim ki, ən uğurlu variant elə öz ölkəmizdir.
Samir Sərxanoğlu (RadioMor-un icraçı direktoru, 23 yaş):
– Mən yaşamaq üçün yalnız Azərbaycanı seçərdim. Çünki Azərbaycanın gözəl təbiəti, zəngin təbii sərvəti və güclü iqtisadiyyatı var və bu da bütün dünyaya məlumdur. Mənim fikrimcə, yaşamaq üçün bu amillər kifayət edər.
Nicat İbrahimov (Marketinq araşdırıcısı, 24 yaş):
– Mən yaşamaq üçün Almaniyanı seçərdim. İnsana və onun işinə yüksək səviyyədə dəyər verdiklərinə, dəqiqliklərinə görə. Bu dövlətin vurğunuyam. Əcəb yerə deməyiblər ki, alman xalqı dəqiq və diqqətli xalqdır.
Esmira Yusifova (Abituriyent, 18 yaş):
– Mən yaşamaq üçün ABŞ-ı seçərdim. Çünki ora mənim üçün daha əlverişli olardı. Gəncəm, həm təhsilim əla olardı, həm də ki, gözəl karyera qurardım. Çünki Azərbaycanda irəliləmək olmur. Bunun üçün gərək güclü tanışın, “day-dayın” olsun.
Xatirə Qasımova (İşsiz, 31 yaş):
– Mən yaşamaq üçün Avstraliyanı seçərdim. Gözəl təbiət, əla şərait, problemlərdən uzaq bir yerdi ora. İnşallah, gələcəkdə planımda ora köçmək var. Çünki qohumlarımın çoxu orada yaşayır. Belə gözəl təbiət dünyanın heç bir yerində yoxdur.
Göründüyü kimi, gənclərin əksəriyyəti Qərb ölkələrinə can atır. Daha çox adı hallanan ölkələr isə aşağıdakılar oldu:
– Almaniya
– İngiltərə
– Türkiyə
Elvin Babayev, Elmir Ağayev, “168saat”
Almaniya,Almaniya yene de Almaniya;-)Ich Liebe Deutschland;-)