Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 1 oktyabr “Beynəlxalq Ahıllar günü” münasibəti ilə şəhərimizdə yaşayan ahıllar üçün bayram tədbiri təşkil edib.
İcra hakimiyyəti rəsmilərinin, eləcə də cəmiyyətin könüllülərinin qatıldığı tədbirdə 120 nəfər ahıl iştirak edib. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev çıxış edərək bu günün tarixindən danışıb və ahılları təbrik edib. Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova Cəmiyyətin humanitar prinsiplərə sadiq qalaraq bütün ehtiyacı olan vətəndaşlara imkanları daxilində yardımlar göstərməsini, müxtəlif xeyriyyə tədbirləri keçirməsini vurğulayıb və AzQAC-ın həmişə bu adət-ənənəyə sadiq qalacağını bildirib. Bayram günü münasibətilə ahılları təbrik edən M. Məhərrəmova dəstək verdiyi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova da öz minnətdarlığını bildirib. Ahıllar da öz növbəsində diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər.