BİZ ƏDALƏTLİ SÜLH İSTƏYİRİK!

469

8 Noyabr – Zəfər Günü münasibəti ilə paytaxt və regionlarda təntənəli tədbirlər keçirilib, xalqımız küçə və meydanlara axışaraq sevincini həmvətənləri ilə bölüşüb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibəti ilə noyabrın 8-də Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.

Hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan xalqımızı və hərbçilərimizi Zəfər Günü münasibəti ilə təbrik edib. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildikdən sonra prezident: “Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.”- deyə çıxışına davam edib.

Dövlət başçısı müharibə dövründə gələcək planlar haqqında məlumat verə bilmədiyini, yalnız bir müsahibədə “Şuşasız bizim qələbəmiz yarımçıq qalar!” fikrini səsləndirdiyini və Azərbaycan xalqının son məqsədin Şuşanı işğaldan azad etmək olduğunu anladığına əminliyini söyləyib.
Zəfər yolu ilə Şuşaya hər səfərində hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını bir daha gördüyünü, qəhrəman övladlarımızın dağlardan, meşələrdən uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edib Şuşaya yaxınlaşdıqlarını, sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, üçrəngli bayrağımızı Şuşada qaldırdıqlarını bildirən prezident, həmin tarixi gündən yalnız iki il ötdüyünü, illər keçdikcə hərbçilərimizin qəhrəmanlığının hər kəs üçün daha bariz aydın olacağını xüsusi vurğulayıb.

27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsindən danışan Ali Baş Komandan, qısa zaman kəsiyində müqəddəs məqsədimizə çatmağımızın əsas səbəbi kimi hərbçilərimizin qəhrəmanlığını, xalqımızın yüksək mənəvi keyfiyyətlərə malik olmasını göstərib.

Prezident İlham Əliyev I Qarabağ müharibəsindəki məğlubiyyətdən söz açaraq, işğal dövründə Ermənistanın rəsmi təbliğatının, onun havadarlarının media resurslarının bütün dünyaya, eləcə də xalqımıza münaqişənin hərbi yolla həllinin mümkün olmadığına inandırmağa çalışmasını vurğulayıb.
Lakin Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi!

İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Biz bunu etdik, yaratdıq və iqtisadi asılılığı tamamilə aradan qaldırdıq. Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik.

Dövlət başçısı Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün Azərbaycanın diplomatik imkanlarından maksimum istifadə etməsini açıqlayaraq, aparıcı beynəlxalq təşkilatların – BMT, Avropa İttifaqı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurasının bizim mövqeyimizi dəstəkləyən, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etdiyini vurğulayıb.
Bu, çox önəmli beynəlxalq hüquqi zəmin idi!

Vətən müharibəsində uğur qazanmaq üçün önəmli layihələrə imza atdığımızı diqqətə çatdıran prezident bildirib ki, bu gün dünyanın və bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaqla bizim təşəbbüsümüzlə icra edilən layihələrin ölkəmizə və tərəşdaşlarımıza nə qədər böyük fayda verdiyini görmək mümkündür. Eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı. Biz, ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik. Dövlət başçısı məlumat verib ki, onun prezidentliyi dövründə dövlət büdcəsinin xərclərinə nəzər salsaq, görərik ki, birinci yerdə hərbi xərclərdir. Halbuki, ölkənin başqa ehtiyacları var. Ancaq, ilk növbədə, orduya, Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verilirdi. Bu gün də belədir. Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir.
Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq!

Ali Baş Komandan söyləyib ki, son iki il ərzində Silahlı Qüvvələrimiz daha da güclənib. Həm struktur islahatları, həm yeni birləşmələrin yaradılması, eyni zamanda, mövcud olan birləşmələrin sayının artırılması, silah-sursatla, yeni texnika ilə təchizat ən yüksək səviyyədədir. İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir!

Prezident İlham Əliyev Ermənistana: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr Ermənistan üçün dərs olmalıdır. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər,” – xəbərdarlığı edərək, çıxışına davam edib.

Dövlət başçısımız Şuşada təşkil olunan Zəfər günü nitqində 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələrinin yerləşməsini, həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu, Böyük Göyçənin, Ermənistanın əksər postlarının görünməsini, orada qüvvələrin konsentrasiyası baş verdiyi təqdirdə dərhal tədbir görəcəyimizi, bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlərdən zərrə qədər çəkinmədiyimizi, burada söz sahibi, güc sahibi olduğumuzu açıq-aydın söyləməklə Ermənistana və onun bəzi xarici havadarlarına növbəti sərt ismarıc göndərib.

Prezidentimiz bu Zəfərlə təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdiyimizi, buna görə hərbçilərimizə borclu olduğumuzu xüsusi vurğulayaraq: ” Mən də Ali Baş Komandan kimi sizinlə fəxr edirəm! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”- fikirləri ilə çıxışını yekunlaşdırıb.

Respublikamızın başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin söylədiyi kimi, biz sülh istəyirik! Lakin beynəlxalq hüquqa əsaslanan ədalətli sülh!

Gülşən Ömərova,  Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər