Bölgədə yeni geosiyasi reallıq: davamlı sülh və regional əməkdaşlıq

758

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci ildə Şuşada imzaladığı tarixi bəyannamə ikitərəfli münasibətlərin inkişafında keyfiyyətcə yeni bir mərhələ yaratmaqla yanaşı bütövlükdə Qarabağ bölgəsi üçün yeni imkanlar açır.

Bu imkanlar gələcəkdə regionda sülhün və təhlükəsizliyin təmin olması üçün olduqca vacibdir. Bəyannamə yalnız Şuşa sakinləri üçün deyil, bütövlükdə ətraf bölgə əhalisi, eləcə də ermənilər üçün təhlükəsiz həyat vəd edir.

Bu gün Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün böyük bir fürsət var. Bu fürsət həm də Ermənistanın gələcəyinə bir başa təsir edəcək amildir. Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu insanlar bu fürsəti düzgün dəyərləndirməyi bacarır və çıxışlarında bu məsələləri açıq şəkildə ifadə edirlər.

Ermənistan mətbuatına diqqət yetirsək görürük ki, sabiq Prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan eləcə də digər şəxslər çıxışlarında Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bəyan edirlər.

Ümumiyyətlə bir çox şəxslər Ermənistanın düşdüyü acınacaqlı durumunu səbəbkarı kimi Qarabağ ermənilərini görürlər.

Ermənistanda artıq bəzi bloggerlər, hüquq müdafiəçiləri müharibə ritorikasının perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah etməyə çalışırlar. Çıxışlarında bu məsələlərə daha çox toxunurlar.

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu görürük. Təsadüfi deyil ki, sadə erməni xalqı bu günlərdə Ermənistanda keçirilən parlament seçkilərində revanşist qüvvələrə deyil, sülhə səs verdi. Bu fakt özlüyündə onu göstərir ki, artıq erməni xalqının əksəriyyəti dərk edir ki, revanşist addımlar ermənistan üçün heç də yaxşı gələcək vəd etmir.

Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində yaratmış olduğu yeni reallıqlar bütövlükdə regiondakı vəziyyəti dəyişib. Mövcud reallıq ikitərəfli və çoxtərəfli münasibətlər sisteminə də öz təsirini göstərib. Biz bunu ABŞ-ın Azərbaycan, Türkiyə və Ermənistan arasındakı münasibətləri tənzimlənməsindəki ədalətli mövqeyində də açıq aşkar görürük.

Prezident Baydenin ABŞ Senatının xarici əlaqələr komitəsində 8 iyun 2021-ci il tarixində 2022-ci il maliyyə ili ilə bağlı dinləmələri zamanı Nyu-Cersi Demokrat Bob Menendes də daxil olmaqla bir neçə senator Dövlət Departamentini Azadlığa Dəstək Aktına 907-ci düzəlişi dayandırmağa çağırdı. O, erməni əsirlərin qanunsuz saxlandığını bildirdi.

Bu etirazın qarşısında Dövlət katibi Əntoni Blinken “bu və digər detallar üzərində iş getdiyini” deməklə kifayətləndi. Hansı ki, dinləmələrdən əvvəl Amerikanın Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan bildirirdi ki, 907-ci düzəliş yenidən qüvvəyə minəcək: “amerikalıların ödədiyi vergidən 1 dolların belə silah alınıb Azərbaycana göndərilməsinə yol verilməyəcək”. Beləliklə, Erməni cəmiyyətinin Senatdakı dinləmələrlə bağlı gözləntiləri özünü doğrultmadı.

Həmin hadisədən bir neçə gün sonra 14 iyun tarixində NATO sammiti çərçivəsində ABŞ Prezidenti Türkiyə Prezidenti ilə görüşdü. Görüşdən sonra Biden dedi: “Əminəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar”. Ərdoğan isə öz növbəsində bu görüşün “səmimi və məhsuldar” olduğunu bəyan etdi: “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahələri problemlərdən daha böyük və zəngindir”.

Bu görüşdən öncə erməni cəmiyyəti Baydenlə Ərdoğanın görüşünün gərgin keçəcəyinə, Amerikanın Türkiyəyə hansısa formada təsir göstərəcəyinə ümid edirdi. Lakin bu görüşdən dərhal sonra Ərdoğanın Şuşaya gəlməsi və burada tarixi bəyannamənin imzalanması Ermənistanın ümidlərini tamamilə alt-üst etdi.

Rusiyanın Cənubi Qafqazdakı təsiri Qərb ölkələri tərəfindən tədricən azalır. NATO artıq bölgəyə Türkiyənin timsalında daxil olur. Sözsüz ki, erməni cəmiyyəti, erməni siyasətçiləri də bunu çox gözəl anlayırlar. Rusiyanın dünyanın müxtəlif ölkələrində silahlı qüvvələrini saxlaması daxili iqtisadi vəziyyətinin daha da çətinləşməsi ilə nəticələnir. Ermənilər artıq anlayır ki, rus sülhməramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Bu baxımdan onların bir yolu var – münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması. Gec-tez onlar sülh imkanlarını dəyərləndirməli olacaqlar.

Regionda yaranmış yeni reallıqlar fonunda Ermənistanın yalnız bir yolu var. Qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək. Ermənistan bunu qəbul etməli və sərhədləri müəyyənləşdirmək üçün Azərbaycanla birgə çalışmalıdır. Azərbaycan qalib ölkə kimi dəfələrlə öz təkliflərini irəli sürb. Azərbaycan bölgədə sülhün-təhlükəzisliyin, inkişafın tərəfdarıdır. Ermənilər vəziyyəti düzgün dəyərləndirməli, düzgün qərarlar qəbul etməlidirlər. Əks halda unutmasınlar ki, dəmir yumruq yerindədir

Emin Əliyev, YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər