Böyük Qayıdış üçün böyük addımlar: Dövlət Proqramı görülən işləri sürətləndirəcək

646

İki il əvvəl, sentyabrın 27-də işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müharibədən sonrakı dövrün yaratdığı reallıqlar ölkəmizin qarşısında yeni çağırışlar müəyyən etdi. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş kəndlərimiz, şəhərlərimiz yenidən, qurulur, dirçəlir. Bütün işlər ardıcıl və sistemli şəkildə həyata keçirilir. Prezident İlham Əliyev bu günədək Böyük Qayıdış məqsədinin həyata keçirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayıb. Dövlət başçımızın amalı işğaldan azad olunmuş əraziləri ən qısa müddətdə müasir standartlara uyğun şəkildə bərpa etmək, soydaşlarımızı dədə-baba yurdlarına yerləşdirməkdən ibarətdir.

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edən Dövlət Proqramı hazırlanarkən qabaqcıl dünya təcrübəsi, bu sahədə strateji inkişaf meyilləri, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilmiş bərpa-quruculuq işləri və mövcud vəziyyət, qarşıya qoyulmuş hədəflər, prioritet istiqamətlər, əhalinin öz doğma torpaqlarına qayıtması məsələləri, ehtimal edilən risklərin idarə olunması və ümumilikdə həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Eyni zamanda Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən qlobal inkişaf prioritetləri nəzərə alınıb. Qarşıya qoyulan prioritetlər Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılıb.

Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli 2303 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə həyata keçiriləcək fəaliyyətlərin koordinasiya edilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb.

İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və davamlı inkişafının mühüm strateji istiqamətlərindən biri də ərazinin minalardan, partlamamış hərbi sursatlardan, partlayıcı qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsidir. Bu, əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı torpaqların, eləcə də strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi üçün olduqca vacibdir.

Dayanıqlı inkişaf və əhalinin yüksək həyat səviyyəsinin təmin edilməsi üçün zəruri infrastrukturun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisinə başlanılıb, qısa müddətdə nəqliyyat infrastrukturu formalaşıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması məqsədi ilə elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya sisteminin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ərazilərdə zəruri rabitə infrastrukturu – mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və digər xidmətlər təşkil edilib. Hazırda xidmətlərin miqyasının genişləndirilməsi istiqamətində intensiv iş aparılır.

Şəhərsalma fəaliyyətləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şəraitin təsiri altında dünyada dəyişən qlobal şəhərsalma meylləri nəzərə alınmalıdır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və abadlaşdırılması üzrə bütün işlər qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcək.

Dövlət Proqramı çərçivəsində əhalinin məşğulluğunun artırılması məqsədilə bölgədə keyfiyyətli səhiyyə və təhsil xidmətlərinin təşkili, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, aktiv özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin tikintisi nəzərdə tutulur.

Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün Məşğulluğa yönəlmiş iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin miqyasının genişləndirilməsi əsas əsas vəzifələrdəndir. Əhalinin geri qaytarılması prosesi demoqrafik meyllər nəzərə alınmaqla, sosial ədalət prinsipinə uyğun həyata keçirilməlidir.

Məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazanın yaradılması məqsədilə Dövlət Proqramında müvafiq normativ hüquqi aktların qəbulu, habelə əhali arasında maarifləndirmə işinin genişləndirilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi dirçəlişin təmin edilməsinin əsas hədəf göstəricisi münaqişədən sonrakı dövrdə ərazilərin iqtisadi cəhətdən özünü təmin edən regiona çevrilməsidir.

Bu il Böyük Qayıdışla bağlı çox mühüm bir addım atıldı. Zəngilan rayonunun Ağıllı kənd konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndində sakinlərin köçürülməsi ilə Böyük Qayıdışa başlanıldı. Müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və mükəmməl şəkildə hazırlanmış Dövlət Proqramı Böyük Qayıdışın nəzərdə tutulmuş vaxt çərçivəsində uğurla reallaşacağına əminlik yaradır.

Şahin Məmmədov,
Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt nümayəndəsi, “Qartal” Tikinti firmasının direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər